26 may 2023 23:58
384

Hədəfim gələcəkdə xalqıma layiq vətəndaş olmaqdır

Məktəblilər arasında «Heydər Əliyev və Azərbaycan tarixi»  mövzusunda keçirilən  müsabiqənin qalibi Dilşad Məmmədəliyeva  arzularını  «İki sahil» qəzetinin oxucuları ilə bölüşür  

Məəktəblilər arasında əlamətdar günlər, hadisələrlə bağlı  müsabiqələrdə iştirak etmək hər bir şagirdin arzusudur. Görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Binəqədi rayon məktəbliləri arasında  keçirilən müsabiqədə iştirak etmək istəyənlərin say çoxluğu təsadüfi hadisə deyildi. Hələ  ibtidai siniflərdə müəllimlər  kiçik həcmli  yazılarla bildirirdilər ki, gənclərin və  yeniyetmələrin təhsili ilə daim maraqlanan Ulu Öndərin həyatı və siyasi fəaliyyəti hər bir vətəndaş üçün örnəkdir. «Əvvəllər müəllimlərimizdən eşitdiyimiz  vətəndaşlıq borcu sözünün mahiyyətini o qədər dərk etməsək də  sonrakı illərdə bu müdrik insan haqqında  eşitdiklərimizdən öyrəndik ki,  əsl vətəndaş sözü müdrik insan  Heydər Əliyevin simasında əbədiləşib» sözləri ilə  müsabiqədə iştirakını Ulu Öndərə hörmət və ehtiramı kimi dəyərləndirən, müsabiqədə  «Şuşa Əməliyyatı – musiqi beşiyinin azad  olunması» başlıqlı yazısı ilə fərqlənən, mükafatla  təltif olunan Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli məktəbin 10-cu sinif şagirdi Məmmədəliyeva Dilşad Rövşən qızı “İki sahil”ə açıqlamasında bu müsabiqənin keçirilməsində əməyi olan hər kəsə təşəkkür etdi:

-Müsabiqəyə hazırlıq ərəfəsində  bu dahi insan haqqında yazılan kitablara müraciət etdim.  Ulu Öndər haqqında dərc olunan  yazıları oxudum. Onda bildim ki,  qüdrətli dövlətin varlığını qorumaq üçün ilk növbədə Heydər Əliyev kimi Vətəninə bağlı olmalısan.  Ayaq basdığın, böyüyüb boya-başa çatdığın  torpağı,  yurdunu, insanları sevməlisən. Daim yenilik həvəsi ilə  yaşayıb yaratmalı,  təcrübə toplamalısan. Ulu Öndərin həyatı ilə bağlı yazılanları oxuduqca gördüm ki, gələcək həyatını xalqımızın tarixinin öyrənilməsi  yolunda sınayan Ulu Öndərin tarixçi olmaq həvəsi  bu dahi şəxsiyyətin  vətəndaşlıq duyğularından qaynaqlanır.

Dilşad onu da bildirdi ki,  bu günədək  Ulu Öndərlə bağlı öyrəndiklərimdən məndə yaranan təəssürat budur ki, respublikamıza  rəhbərliyi illərində Azərbaycan naminə  gördüyü işlər mənim kimi məktəblilərin, gənclərin, bütünlükdə  Azərbaycanın qüdrətlənməsi, xalqımızın firavanlığı naminə göstərilən xidmətlərdir:

- Ulu Öndərin hər anı Vətənə, xalqa xidmətlə dolu həyatı boyu   Azərbaycan üçün göstərdiyi fədakarlıqların təkcə  ensiklopedik sıralaması,  xronologiyası  bir insan həyatına sığmayacaq qədər  mənalı və dəyərlidir. Onun dövlətçilik təcrübəsi özündən sonrakı illər üçün bələdçi olub. Biz məktəblilər bu yolla irəlilədikdə xüsusilə  müstəqillik illərində müasir Azərbaycan tarixinin müəllifi olan  müdrik şəxsiyyətin həyatını, siyasi fəaliyyətini  öyrənir, gələcəkdə onun irsinə daha dərindən bələd olmaq, xalqımıza layiq vətəndaş kimi yetişmək  üçün çox oxumalı,   həyat yolumuzu seçərkən onun vətəndaşlıq təcrübəsindən çox faydalanmalıyıq.

Dünyanın dövlətçilik tarixində şöhrət qazanan həmkarlarının Ulu Öndərlə bağlı dedikləri qiymətli sözlərdə Azərbaycan xalqının çoxəsrlik tarixinin əks olunduğunu söyləyən  Dilşad bildirdi ki, müasirləri arasında  Lider kimi tanınması dahi rəhbərin  xalqına bağlılıq məsuliyyətindən qaynaqlanan vətəndaşlıq borcuna sadiqliyidir. Paytaxt məktəbliləri arasında  elmə, maarifə çağırış olan «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda   referat müsabiqəsinin keçirilməsi Ulu Öndərin  siyasi irsinin gənclər arasında  təbliğidir.

- Bu sahədə məktəbimizin direktoru, Əməkdar müəllim Almaz Həsrətə və sinif rəhbərim Səbinə İmanovaya  xüsusi  minnətdarlığımı bildirmək istəyirəm. Onlar bizim layiqli vətəndaş kimi  yetişməyimiz üçün əllərindən gələni əsirgəmirlər. Yeri gəlmişkən qeyd edim ki,  bu müsabiqə  dahi şəxsiyyətin həyat yolunu aydınlaşdıran parlaq bir işıq idi. Bu işığın izi ilə  axtarış aparan biz məktəblilər belə mötəbər müsabiqədə iştirak etmək imkanı qazandığımıza görə  ilk növbədə  məktəbimizin  direktoruna və müəllimlərimizə minnətdarıq. Bu müsabiqə qazandığım mükafat  məsuliyyətimi daha da artırdı. Artıq gələcək həyat yolumu da müəyyənləşdirmişəm. Hansı sahədə çalışmağımdan asılı olmayaraq Ulu Öndərin irsinə sadiqlik, Vətənə layiq övlad kimi etimadı doğrultmaq  hədəfimdir.

Bu cür müsabiqlərin təşkilini  şagirdlərin bilik və bacarıqlarını artırılması yolunda  sınamış təcrübə kimi dəyərləndirən  Dilşad bildirdi ki, şagirdlərdə müstəqil araşdırma aparmaq, sərbəst düşüncə vərdişləri formalaşdırmaq baxımından önəmlidir.

Bir mühüm məqamı da qeyd etməliyik ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Savadlı, geniş dünyagörüşünə malik gənclərin yetişdirilməsi hər bir ölkə üçün çox önəmli məsələdir. Ölkənin gələcəyinin asılı olduğu hər bir gənc dövlətin daha da güclənməsinə öz töhfəsini verməlidir. Nəsillər dəyişir, ölkələr inkişaf edir, ancaq ənənələr, milli dəyərlər dəyişməz qalır və insanlıq var olduqca  yaşayır. Gənc nəslin vətənpərvərlik, Vətənə sevgi ruhunda tərbiyə olunması dövlərin gələcəyi üçün vacibdir. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərləri, doğma ana dilini, ata-babalardan qalan adət-ənənələrimizi göz bəbəyi kimi qoruyur və yaşadır. Sirr deyil ki, ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, onların  problemləri hər an  dahi rəhbərin  diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir. Təqdirəlayiq haldır ki, Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq gənclərə xüsusi diqqət göstərir. Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil almaları üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindən biridir.

Dilşad Məmmədəliyeva bununla bağlı fikirlərini bildirdi:

- Azərbaycanın tarixinə həkk olunan şanlı Zəfərdən, mədəniyyətimizin beşiyi, Zəfərimizin tacı olan Şuşadan yazmaq bir şagird kimi məni çox qürurlandırıb. Ömürlük yaddaşımıza həkk olunan «Əziz Şuşa, sən azadsan ! Əziz Şuşa, biz qayıtmışıq ! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir ! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır !!!» sözləri qələbə müjdəsi oldu. Xalqımızın Qarabağ, Şuşa həsrəti bitdi. Artıq Vətən bağı al-əlvandır, var içində xarı bülbül! Biz şagirdlər hər zaman təhsilimiz, təlim-tərbiyəmizlə, seçəcəyimiz peşə ilə Vətənə, dövlətə, xalqa layiqli vətəndaş olacağıq. Bu çağırışı gələcəkdə  bir vətəndaş kimi doğrultmaqla Ulu Öndərə layiq vətəndaşlıq borcumuzu yerinə yetirəcəyimizə əminik.

Yeganə Əliyeva, “İki sahil”