Dövlət başçısı İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında iştirakı və çıxışı iqtisadi inkişaf modelinin, ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyinin təqdimatı oldu
Azərbaycanın bütün sahələrdə təkmil təcrübəsi ilə dünyanın diqqətindədir. Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası üzv dövlətlərlə yanaşı, qonaq qismində iştirak edən Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyevin bu toplantıda qonaq qismində iştirakı və çıxışı ölkəmizin artan nüfuzun göstəricisidir.
Dövlət başçısı İlham Əliyev diqqəti bu kimi məqamlara yönəltdi ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Ölkəmiz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdü. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək.
Reallıq budur ki, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Özlüyündə yaranan «Nəyə görə» sualına cavab olaraq dövləçt başçısı İlham Əliyev bildirir ki, bu, təkcə yaxşı investisiya iqliminin olması ilə bağlı deyil. Bu sualı cavablandırmaq üçün Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpasından sonra ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətə və bu fonda xarici iş adamlarının tərəddüdərinə diqqət yetirmək gərəkdir. O zaman ölkədəki ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdərinə səbəb olurdu. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması də inkaredlməzdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin yaradılması, həyata keçirilən «açıq qapı» siyasəti investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edildi ki, investorlar qoyacaqları vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər.
Bunları yenidən təhlil etməyimizə səbəb əvvəldə qeyd etdiyimizi «Nəyə görə» sualını cavablandırmaqdır. Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Bu inam da səsləndirilir ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm Prezidentin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduğuqları potensial imkanlardan istifadə etmək imkanlarına malikik. Tezliklə Qarabağımız böyük investisiyalar məkanına çevriləcək.
İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Ən əsası isə qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqillik, iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.» Dövlət başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?”
Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Dövlət başçısı İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında bu mühüm məqamlara da diqqəti yönəltmişdir ki, son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilir. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. Baxmayaraq ki, işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir, demoqrafik artım yüksəkdir. Son 30 ildə Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb. Bu artım yeni iş yerlərinin yaradılması üzrə fəal səylər tələb edir.
Bu mühüm məqamı da qeyd etməliyik ki, hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdəndir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzüunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq, səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi daha qabarıq şəkildə özünü büruzə verər. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlət başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.
Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib çıxan Azərbaycan dövlət büdcəsi ilə də regionun ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Bu fikir hər zaman qeyd olunur ki, əgər biz doğrudan da inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, hər sahədə şəffaflığın yüksək səviyyədə qorunmasına nail olmalıyıq. O da məlumdur ki, ölkəmiz 2011-ci ildə şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verməsi üçün Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Bu inam ifadə olunur ki, müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar biznes cədvəlində Azərbaycanı daha da yüksək pilləyə çıxaracaq.
Göründüyü kimi, Azərbaycan iqtisadi müstəqilliyə tam şəkildə nail olub. Dövlət başçısı İlham Əliyevin toplantıda vurğuladığı kimi, bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası çərçivəsində aparılan müzakirələrdə bir daha Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi dəstəkləndi. Bir daha sübut olundu ki, ümumilikdə Azərbaycan üzv olmadığı planformalardan heç vaxt kənarda qalmır. Şanxay Əməkdaşlıq Təşkilatını da buna misal göstərə bilərik. Bütün bunlar Azərbaycanın müstəqil siyasətinin nəticəsi, hər bir sahədə zəngin təcrübəyə malik olmasının təsdiqidir.
Yeganə Əliyeva, «İki sahil»