29 may 2023 10:05
400

Hədəf bəllidir...

29 may 2018-ci il tarixində Bakının Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı “qoca qitə” üçün tarixi nailiyyətdir

2018-ci il mayın 29-da paytaxt Bakının Səngəçal terminalında Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə Türkiyədə Trans-Anadolu (TANAP) qaz boru kəmərinin rəsmi açılış mərasimlərinin keçirilməsi Azərbaycan dövlətinin balanslaşdırılmış xarici siyasətinin tarixi qələbəsi idi. Bu uğurlu siyasət imkan verdi ki, ölkəmiz dünyadakı, xüsusilə də böyük dövlətlər arasındakı siyasi gərginliklərdən kənarda qalmaqla öz iqtisadi maraqlarını təmin etsin. Belə ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi siyasi və iqtisadi sanksiyalar onun Avropa bazarlarındakı hegemonluğuna son qoymaqla bərabər, “qoca qitə”nin  Azərbaycan neft və qazına tələbatını artırıb.

Cənub Qaz Dəhlizinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

2011-ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladılar. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. 2012-ci il iyunun 27-də Azərbaycan  Prezidenti İlham Əliyevlə o zaman Türkiyənin Baş naziri olan Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzaladılar. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirildi və boru kəmərinin inşasına başlanıldı. 2016-cı il mayın 17-də isə Yunanıstanın Saloniki şəhərində TAP-ın təməli qoyuldu və boru kəmərinin inşasına başlanıldı. Yuxarıda qeyd edildiyi kimi, 29 may 2018-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan TANAP qaz boru kəmərinin açılışı oldu. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının TANAP boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanıldı. 30 noyabr  2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanıldı. Cənub Qaz Dəhlizinin ümumi dəyəri, təxminən, 40 mlrd. ABŞ dollarıdır.

“Şahdəniz Mərhələ 2” layihəsi “Şahdəniz Mərhələ 1” layihəsindən hasil olunan illik 10 mlrd. m3  qazdan əlavə 16 mlrd. m3  qaz hasil edəcək nəhəng bir layihədir. “Şahdəniz” qazı 2500 metr hündürlüyə qalxaraq və dəniz dibində 800 metr dərinliyinə enərək 3500 km məsafə boyunca nəql ediləcək. 4 iyun 1996-cı il tarixində Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Yataq 2006-cı ildə istismara verildi.

Cənub Qaz Dəhlizinin əsas elementlərindən biri kimi TAP layihəsi Xəzər regionunun  qazını  Avropaya  nəql etmək  üçün  inşa edilib. Hazırda TAP boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər təbii qazla doldurulub. 2020-ci ilin noyabrın 15-də TAP istismara verilib və kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. 2020-ci ilin dekabrın 31-də Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanılıb. 2021-ci ildə 8,2 milyard m3, 2022-ci ildə 11,4 milyard m3 təbii qaz Azərbaycandan TAP ilə Avropaya daxil olub.

Prezident İlham Əliyevin 2013-cü il 29 oktyabr tarixli “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Dövlətimizin başçısı, həmçinin 2014-cü il 25 fevral tarixində “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə həvalə edilib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də keçirilib. Bunun davamı olaraq beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı isə 2022-ci il fevralın 4-də keçirilib. 2023-cü il fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci toplantısı olub.

Avropa Komissiyası, həmçinin ABŞ və Böyük Britaniya hökumətləri Cənub Qaz Dəhlizi layihəsinə davamlı dəstək göstərir, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin edirlər. Aparıcı maliyyə qurumları sayılan Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası layihəyə maraq göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən XXI əsrin ən nəhəng layihələrindən biri olan Cənub Qaz Dəhlizi Azərbaycanın siyasi və iqtisadi strateji maraqlarına cavab verir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyır.

Cavid Əkbərov, “İki sahil”