27 may 2023 13:36
761

Kamran Bayramov: Moskva görüşündə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi dəstəkləndi

Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan Prezidentinin qonaq qismində iştirakı ölkəmizin güclü iqtisadiyyata malik, müstəqil siyasət həyata keçirən nüfuzlu dövlət olduğunun göstəricisidir

"Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Azərbaycan Prezidentinin qonaq qismində iştirakı ölkəmizin regional proseslərə təsir imkanlarının əhəmiyyətli dərəcədə güclü olduğunun göstəricisidir. Azərbaycan Ermənistan istisna olunmaqla bütün dövlətlərlə qarşılıqlı maraqların təmin olunmasına əsaslanan bərabərhüquqlu münasibətlər qurub. Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd edib ki, ötən il  Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

Kamran Bayramov qeyd edib ki,  dövlət başçımızın qeyd etdiyi kmi, 2022-ci ildə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşınmaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükdaşımaların həcmi 25 milyon tona çatacaq. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir.  Azərbaycanın gəmiqayırma imkanları bu gün Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Ölkəmiz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdü. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək.

Deputat diqqətə çatdırıb ki,  Azərbaycan iqtisadi müstəqilliyə tam şəkildə nail olub. Dövlət başçısı İlham Əliyevin toplantıda vurğuladığı kimi, bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası çərçivəsində aparılan müzakirələrdə bir daha Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi dəstəkləndi. Bir daha sübut olundu ki, ümumilikdə Azərbaycan  üzv olmadığı  platformalardan heç vaxt kənarda qalmır. Şanxay Əməkdaşlıq Təşkilatını da buna misal göstərə bilərik. Bütün bunlar Azərbaycanın müstəqil siyasətinin nəticəsi, hər bir sahədə zəngin təcrübəyə malik olmasının göstəricisidir.

Deputat əlavə edib ki, Ali Avrasiya İqtisadi Şurası çərçivəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı müzakirələr rəsmi Bakının mövqeyinin kifayət qədər güclü olduğunu bir daha əks etdirdi. Ermənistanın baş naziri qeyri-ciddi, əsassız fikirləri ilə Azərbaycanı ittiham etməyə çalışsa da hər dəfə dövlət başçısı İlham Əliyevin reallıqları özündə əks etdirən, təkzibolunmaz faktlara söykənən  diplomatik cavabı ilə susduruldu.