27 may 2023 16:13
311

Qubada "Qan ver, həyat xilas et!" aksiyası keçirilib - FOTOLAR

Qubada hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə keçirilən qanvermə aksiyasında 50 nəfərdən çox donor iştirak edib.

“İki sahil” xəbər verir ki,  Mərkəzi Qan Bankının Quba bölməsində keçirilən humanitar aksiyada xüsusi tibb briqadasının həkim-hematoloqları donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. 28 May - Müstəqillik Gününə həsr olunmuş "Qan ver, həyat xilas et!" şüarı ilə keçirilən humanitar aksiyada Gənclər və İdman Nazirliyinin yerli qurumlarının əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər iştirak ediblər.

Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması üçün qanvermə aksiyalarının keçirilməsi böyük dəstəkdir. 18-65 yaş arası, çəkisi 50 kiloqramdan artıq, sağlam olan hər kəs qan donoru ola bilər. Kişilər hər 3 ayda, qadınlar isə hər 4 ayda bir dəfə donorluq edə bilərlər.

Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

Aksiya Quba ilə yanaşı Bakı, Gəncə, Şəki, Mingəçevir, Bərdə, Şirvan, Sumqayıt və Lənkəran şəhərlərində keçirilib. Ümumi olaraq bu aksiyaya öncədən qeydiyyatdan keçmiş 500 nəfərdən çox donor qoşulub.