27 may 2023 16:19
529

V Milli Kitab Sərgisində 15-dən çox özəl nəşriyyatın çap etdiyi kitablar yer alıb

Kamil insan olmağın, öz zehnini, təfəkkürünü üstün səviyyəyə gətirməyin, müasir cəmiyyətdə qüsursuz formalaşmanın mükəmməl yolu yalnız mütaliədir. Kitablar həmişə olduğu kimi, bilikli və mədəni insanın həyatının ayrılmaz hissəsinə – ən yaxın dostuna, etibarlı sirdaşına çevrilib. Əsrlər boyu insanlar bir-birindən zahiri gözəlliklərinə görə deyil, qazandıqları bilik bacarıqlarına, yüksək mənəviyyatlarına görə dəyərləndiriliblər. Fiziki keyfiyyət anadangəlmə olsa da, insanlar daxili zənginliyi, elmi-mədəni dəyərləri normal biliyin əsas xəzinəsi olan kitablardan qazanıblar.

“İki sahil” xəbər verir ki, bu fikirlər mayın 27-də İçərişəhərdə V Milli Kitab Sərgisinin açılış mərasimində səslənib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliliyin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, Xalq yazıçısı Sabir Rüstəmxanlı, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Taleh Tahirli və "Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.

Son illər ölkəmizdə gənclərin kitaba olan böyük marağından danışan natiqlər bildiriblər ki, bu gün Azərbaycanda təkcə dövlət deyil, özəl nəşriyyatlar da oxucuların marağına, zövqünə uğun kitablar nəşr edir. Bildirilib ki, V Milli Kitab Sərgisində 15-dən çox özəl nəşriyyatın çap etdiyi kitablar yer alıb.

İçərişəhəri nəhəng kitabxanaya bənzədən çıxışçılar hər kəsi sərgidə fəal olmağa və yeki kitablardan faydalanmağa çağırıblar. Diqqətə çatdırılıb ki, iyunun 4-dək davam edəcək sərgidə müxtəlif təqdimatlar, panel müzakirələri, yerli və xarici müəlliflərlə görüşlər, imza günləri, poeziya axşamları keçiriləcək. Sərgi hər gün saat 09:00-dan 20:00-dək Qoşa Qala meydanında təşkil olunacaq.

Tədbir bədii proqramla davam edib.

Sonra paytaxtımızın sakinləri və şəhərimizin qonaqlar V Milli Kitab Sərgisi ilə yaxından tanış olublar.