28 may 2023 14:13
976

Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı təsdiqlənib

Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinin AMEA-da yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə elmi müəssisə və təşkilatların AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə verdikləri təkliflər əsasında tədbirlər planı hazırlanıb.

AMEA-dan "İki sahil"ə bildirilib ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında AMEA prezidenti akademik İsa Həbibbəyli söyləyib. Tədbirlər planına əsasən, “Əhməd bəy Ağaoğlu və türk dünyası”, “Məhəmməd Akif Ərsoy və Azərbaycan ədəbi-elmi fikri”, “Ortaq keçmişdən bugünə və gələcəyə doğru: türk və Azərbaycan dil əlaqələri”, “Əlyazma kitabı Azərbaycan və Türkiyə elmi-mədəni əlaqələr kontekstində”, “Türk dünyasının ortaq mədəni mirası”, “Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər”, “Türkiyə-Azərbaycan münasibətlərinin tarixi”, “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti”, “Türkiyə Cümhuriyyəti - 100: Türkiyə Azərbaycan arxeoloji və antropoloji araşdırmaları” mövzusunda elmi konfranslar keçiriləcək. Həmçinin “Azərbaycan və Türkiyənin XX-XXI əsrin liderlik modellərinin müqayisəli təhlili”, “Türkiyə Cümhuriyyəti və Qafqaz: tarix və müasirlik” adlı dəyirmi masalar təşkil ediləcək. Tədbirlər planında Ədəbiyyat İnstitutunda Mehmet Akif Ersoy Mərkəzinin açılması və s. məsələlər də əksini tapıb.

İclasda müzakirələrdən sonra Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı təsdiq edilib.