28 may 2023 15:44
859

Region gəncləri müstəqilliyimizin 105-ci ilini müxtəlif tədbirlərlə qeyd ediblər - FOTOLAR

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri 28 May - Müstəqillik Gününü müxtəlif tədbirlərlə qeyd ediblər. Gənclər əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhər və rayon mərkəzlərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Mərkəzin mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, nümayəndəliklərdə Müstəqillik Gününə həsr olunmuş dəyirmi masalar, görüşlər keçirilib, qonaq kimi dəvət olunan tarixçilər, ekspertlər tərəfindən gənclərə bu əlamətdar günün əhəmiyyəti barədə məlumat verilib, “Əbədi ezamiyyət”, “Son iclas” filmləri izlənilib. Respublikanın şəhər və rayonlarında gənclər üçün veloyürüşlər təşkil edilib.

Gəncə-Daşkəsən iqtisadi rayonuna daxil olan şəhər və rayon gənclərinin Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin binasındakı Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə səfəri olub. Gənclər Azərbaycan Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünü əhatə edən eksponatlarla tanış olublar.

Nümayəndəliklərdə 28 May - Müstəqillik Gününə həsr olunmuş intellektual yarışlar, voleybol, basketbol, futbol, şahmat oyunları təşkil edilib və qaliblər hədiyyələrlə təltif olunub.