03 iyun 2023 14:35
566

Ulu Öndərin xilaskarlıq missiyası Azərbaycanı fəlakətdən qurtardı

4 iyun 1993-cü ildə baş verən Gəncə hadisələri şəxsi maraqlarını dövlətçilik mənafeyindən üstün tutan AXC-Müsavat iqtidarının xəyanəti idi

… Dövlətçilik tariximizə qara hərflərlə yazılan 4 iyun 1993-cü il Gəncə hadisələrinin hər il yada salınması təsadüfi deyil. Müstəqilliyimizin təhlükə altında olduğu, mürəkkəb siyasi hadisələrin davam etdiyi həmin günlərdə Azərbaycan xalqı çətin sınaq qarşısında idi. «Tarix unudulmayan yaddaş, zaman ən ədalətli hakimdir» deyiminə əsaslanaraq o təlatümlü dövrdə baş verən hadisələri xalqa, dövlətə xəyanət adlandıran Prezident İlham Əliyevin «1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi…AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhəri onlar tərəfindən bombalanmışdı, qardaş qanı axıdılmışdı və bunun nəticəsində biz daha da böyük itkilərlə üzləşdik» sözlərilə o günlərə körpü salaq.

Müstəqilliyimiz üçün ciddi təhlükə olan, vətəndaş müharibəsi xofu yaradan Gəncə hadisələrinin baş verməsi AXC-Müsavat cütlüyünün xalqa xəyanəti idi. Hakimiyyətə tanklarla gəldiklərini etiraf edən AXC-Müsavat cütlüyünün yarıtmaz, siyasətdən bixəbər, ilk günlərdən ölkəni öz şəxsi maraqları naminə idarə edən iqtidarsızları Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb edilən Azərbaycanın taleyi, müstəqilliyimizin qorunması düşündürmürdü. Üstəlik, guya, eyni məramla birləşdiklərini sözdə bildirən, əslində isə illərdən bəri rəqib kimi biri-birinə düşmən olan cəbhəçilərlə müsavatçılar arasındakı mənəm-mənəmlik iddiaları hələ də davam edirdi. Səbatsız iqtidarın yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində 1920-ci ildə itirilən müstəqilliyimiz təkrar təhlükə altında idi. İqtidara yaxın simalardan olan Surət Hüseynov kimi cinayətkar «Milli Qəhrəman» adına layiq görülür, sıravi elmi işçi baş nazir təyin edilir, texniki-peşə məktəbinin komsomol təşkilat katibi Əli Kərimli cəbhəçilərin bərbad hala saldıqları Prezident Aparatında kadr siyasəti ilə məşğul olur, institut müəllimi xarici siyasət idarəsinə başçılıq edir, «vəzifəsini dondurur», müharibə şəraitində yaşayan Azərbaycanın müdafiəsi Rəhim Qazıyev kimi hərb elminin əlifbasını bilməyən naşıya tapşırılır. Bir sözlə, hakimiyyəti zorla ələ keçirən cəbhəçilər meydanlarda fit çalanları, qanunsuz hərəkət edib insanları hədələyənləri, «xalq hərəkatının öncülləri» kimi mükafatlandırılanları yüksək vəzifələrə təyin edirdilər. Hətta vaxtilə məhkum olunmuşlar rütbəli polislər kimi poqon gəzdirir, qanunlardan xəbərsiz «qanun keşikçiləri» cinayətkarlar, korrursionerlər, rüşvətxorlar üçün münbit şərait yaradırdılar. Bakının küçələrində avtomatla silahlanmış kamfilyaj geyimli yekəpər, saqqallılardan ibarət dəstələr gəzirdilər.

Özünün də qeyd etdiyi kimi, hamıdan çox qışqırsa da hakimiyyətdə «lazımınca təmsil olunmadığı» üçün «iqtidardan narazı olan» Surət Hüseynov AXC-Müsavat iqtidarına etirazını Gəncədəki hərbi hissələrdə qiyam qaldırmaqla bildirdi. Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Qan tökülmüşdü. Hadisə zamanı 35 nəfərin, o cümlədən 1 uşağın qətlə yetirilməsi, 56 dinc sakinin müxtəlif dərəcəli bədən xəsarəti alması, o dövrün məzənnəsi ilə dövlətə 50 milyard rubl həcmində ziyan vurulması, küllü miqdarda dağıntının olması kimi dəhşətli hallara insanlar biganə qala bilmirdilər. AXC-Müsavat cütlüyünün danışıq üçün Gəncəyə göndərdiyi nümayəndə heyətini belə girov götürən korpus komandiri Surət Hüseynov dövlət büdcəsini son qəpiyinə qədər atalarının malı kimi mənimsəyən, ölkə iqtisadiyyatını iflic vəziyyətinə salan «iqtidar cütlüyündən» payını tələb edirdi. Sabiq Prezident Əbülfəz Elçibəyin ölkəni idarəetmə bacarığının olmamasından istifadə edən o dövrdə Ali Sovetin sədri İsa Qəmbər, dövlət katibi Əli Kərimli kimi satqınlar öz adamlarını nüfuzlu dairələrdə yerləşdirmək üçün biri-biri ilə rəqabət aparırdılar. Elçibəyin komandasında yuxarı postları zəbt edənlərin özlərinə tabe olan dəstəsi, komandası vardı. Buna görə paytaxtda, rayonlarda tez-tez qarşıdurmalar, atışmalar baş verirdi. Səriştəsiz iqtidar vahimə içərisində idi. Paytaxta üz tutan narazı Surət Hüseynovun tanklarının qarşısını heç nə və heç kim saxlaya bilməzdi. Elçibəy bilirdi ki, ölkəni fəlakətdən artilleriya, aviasiya və raket tətbiq etmədən bir nəfər qurtara bilər. Qiyamçı korpusun komandiri yalnız onun sözünə qulaq asar. O şəxsiyyət həmin dövrdə Naxçıvan MR Ali Məclisinin Sədri kimi Azərbaycanın taleyindən narahat olan Ulu Öndər Heydər Əliyev idi. Xalqın bu müdrik şəxsiyyətə inam və etimadından qorxan səbatsızlar Ulu Öndər Heydər Əliyevi Naxçıvanda devirmək üçün silahlı desant göndərməkdən belə çəkinmədilər. Çevrilişlərə əl atdılar. Muxtar respublikanı Ermənistanın təcavüzündən qoruyan Ulu Öndər Heydər Əliyevi ölkədə yaranan gərginlik çox narahat edirdi. Uzaqgörən siyasətçi, təcrübəli dövlət xadimi Heydər Əliyev hadisələrin sonunun xalq üçün acınacaqlı olacağını zəkasının qüdrəti ilə dərk edirdi. Gəncədə baş verən qiyamla bağlı Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabinetinin birgə iclasında aparılan müzakirəni yada salaq. Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev həmin iclasda çıxış edərək Azərbaycanı gözləyən təhlükə barədə məlumat verdi: «Gəncədə nə baş verib məlum deyil. Mən Elçibəylə telefonla danışdım. O mənə bildirdi ki, Surət Hüseynov qoşun qaldıraraq dövlətə qarşı çıxıb. Bildiyimizə görə, bir neçə ağsaqqal Surət Hüseynovla danışıq aparmaq üçün Gəncəyə gedib. Hələlik heç nə məlum deyil. Belə bir təklif var ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu hadisəyə öz münasibətini bildirsin və bəyanat qəbul etsin.»

Daxili satqınların, xarici missionerlərin xəyanətləri nəticəsində ölkədə hakimiyyətsizlik hökm sürürdü. «Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz» sözləri yazılmış müraciətdə imdad diləyən Azərbaycan xalqının arzu və istəkləri ifadə olunurdu.

Ziyalıların müraciətinə hörmətlə, həssaslıqla yanaşan Ulu Öndərin cavab məktubundakı «İyun ayının 4-də Gəncə şəhərində başlanmış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və keşməkeşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik... Bunların qarşısı dərhal alınmalıdır. Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik» sözlər insanlarda ümid yaratdı,

Naxçıvan MR Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını, himnini, gerbini bərpa etməklə, Naxçıvanda saxta «İttifaq müqaviləsi» referendumunun keçirilməsinin qarşısını almaqla, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından «Sovet Sosialist»” sözləri çıxarmaqla müstəqillik yolunda bələdçi olan Ulu Öndər növbəti dəfə xalqı çətinlikdən, dövləti parçalanmaq təhlükəsindən qurtardı.

Ölkədə yaranan çıxılmaz vəziyyətdən qorxan sabiq Prezident Əbülfəz Elçibəy müdrik şəxsiyyət Heydər Əliyevi Bakıya dəvət etdi. Naxçıvana üç dəfə təyyarə göndərildi. Ölkənin ağır vəziyyətindən narahat olan Ulu Öndər Heydər Əliyev 9 iyun 1993-cü ildə Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə ehtiramını göstərdi.

Bu tarix Ulu Öndərin böyük siyasətə tarixi qayıdışı idi. Gəncədə baş verənlərin əsl səbəbini öyrənmək üçün hadisə yerinə gedən Ulu Öndər bir daha xalqı təmkinli olmağa çağırdı. Azərbaycan xalqının istəyinə və təkidli tələbinə uyğun olaraq Ulu Öndər Azərbaycan Ali Sovetinin Sədri, sonra, Prezident seçildi. O zaman Azərbaycanı təhlükədən qurtaran Ulu Öndər 1994-cü və 1995-ci illərdə dövlətçiliyimizə təhlükə olan cəhdlərin qarşısını Azərbaycan xalqının birliyi sayəsində aldı. O ağır illərdə Azərbaycanı uçuruma aparanların «öndə gedənlərindən» olan AXCP sədri Əli Kərimlinin, Müsavat partiyasının sabiq başqan İsa Qəmbərin çıxdaş, Vətən təəssübündən bixəbər övladları hazırda atalarının yolunu davam etdirərək, xarici ölkələrdə ermənilərlə birgə çalışırlar. Azərbaycan əleyhinə təxribatlar törədirlər. FETÖçülərlə əlbir olan Türkel Kərimlinin, «erməni soyqırımı»nı tanıyıb daşnak ideologiyasını dəstəkləyən İlkin Qəmbərlinin «yan»lara dəstəkləri atalarının xəyanətkarlıqlarının davamıdır.

O illərdə müstəqilliyimizi gözlənilən təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Zəfərimizin müjdəsini Ulu Öndər Heydər Əliyevə, bütün dünya azərbaycanlılarına qürurla bildirdi: «2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.»

Torpaqlarımz işğaldan azad edildikdən sonra quruculuq işlərinə başlanıldı. Hazırda Ulu Öndərin azad görmək istədiyi Qarabağ, Zəngəzur dirçəlir. Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla orada Azərbaycan Bayrağını qaldırmaqla müstəqilliyimizin sarsılmazlığını, ərazi bütövlüyümüzün bərpasının əbədiliyini dünyaya bəyan edən Prezident İlham Əliyev dövlət başçısı kimi xalqının etimadını doğruldur, varislik missiyasını da ləyaqətlə davam etdirir.

Xuraman İsmayılqızı, «İki sahil»