02 iyun 2023 20:00
407

28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi: Rekord sayda iştirakçı və ziyarətçi/FOTO/VİDEO

Xəbər verildiyi kimi, 31 may-3 iyun tarixlərində Bakı şəhəri üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Tədbir çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 28-ci Bakı Enerji Forumu keçirilib. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində təşkil edilib.

Tədbirin bir çox dünya ölkələrindən olan şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi və mühüm qərarların və əməkdaşlıqların müzakirə edildiyi məkana çevrilib. Bundan əlavə Azərbaycanın enerji sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü demişdir. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi artıq 28 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıqlar üçün bir platformaya çevrilib. Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğurla təşkil edilən sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktubları göndərirlər. Ənənəvi olaraq Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqlar iştirak ediblər.

Bir faktı vurğulamaq yerinə düşər ki, Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən irəli sürülüb. Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bakı Enerji Həftəsinin təşkilatçıları və iştirakçıları Azərbaycanın sərgi sənayesinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolunu heç vaxt unutmur və xatirəsini dərin ehtiramla yad ediblər. Bu məqsədlə, Bakı Enerji Həftəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası buraxılıb. Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş stend də nümayiş olunub.

Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər keçirilib. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə ediblər.

Məlumat üçün bildirək ki, SOCAR Bakı Enerji Həftəsində baş tərəfdaş olaraq iştirak edib.

28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edən SOCAR-ın Apstrim, Midstrim və Daunstrim istiqamətlərində, həmçinin marketinq, satış fəaliyyəti və müxtəlif xidmətləri barədə məlumatlar təqdim olunub. 

“Yaşıl enerji” layihələrinə dair bölmədə SOCAR-ın yaşıl enerjiyə baxışı, bərpaolunan enerji mənbələri üzrə pilot layihələri, habelə 2022-ci il ərzində rekultivasiya edilmiş ərazilər, şirkətin karbon emissiyasının azaldılması istiqamətlərində gördüyü işlər barədə informasiyalar təqdim olunub.

Stenddə, həmçinin SOCAR-ın elmi-tədqiqat, rəqəmsallaşma istiqamətlərindəki fəaliyyəti, aldığı mükafatlar, nanotexnologiyalar, təlim və təhsil proqramları barədə məlumatlar öz əksini tapıb.

SOCAR-ın qardaş ölkədəki törəmə müəssisəsi olan “SOCAR Türkiyə” öz stendi ilə Bakıda keçirilən regionun ən böyük enerji tədbiri olan 28-ci Xəzər Neft və Qaz Sərgisində iştirak edib. Ziyarətçilər “15 il Türkiyədə” stendində “SOCAR Türkiyə”nin tərkibində olan "Petkim", "TANAP", Star NEZ, "SOCAR Terminal", "Bursagaz", "Kayserigaz", "SOCAR Ticaret" və "SOCAR Depolama" və digər müəssislərin həyata keçirdiyi uğurlu işlər haqqında məlumat alıblar.

Orxan Vahidoğlu,

Vüsal Cahanov (foto), “İki sahil”