02 iyun 2023 20:11
18843

Uşaqların bayram sevinci... - FOTOLAR

“​SOS” MMC Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı maraqlı silsilə tədbirlər keçirib

Ölkəmizdə mütəmadi olaraq uşaq problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da təntənə ilə qeyd edilir.

Bu əlamətdar günlə əlaqədar “Security Operation Services” (SOS) MMC  “SOS” Uşaq Kəndlərinin azyaşlı sakinləri üçün silsilə əyləncəli tədbirlər təşkil edib.

Mayın 29-da sözügedən layihə çərçivəsində “SOS” MMC-nin nümayəndələri Gəncə şəhərindəki Heydər Əliyev adına park kompleksində yerləşən “Costa” restoranında uşaqlar üçün keçirilən əyləncəli proqrama qatılıblar. İyunun 1-də isə MMC-nin təmsilçiləri paytaxt Bakıda yerləşən “SOS” Uşaq Kəndlərini  ziyarət ediblər.

İyunun 2-də paytaxtda daha bir tədbir təşkil olundu. Həmin gün “SOS” MMC-nin və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə azyaşlı uşaqlar üçün Bakı Bulvarında əyləncəli istirahət proqramı keçirildi. Saat 10:00-dan 14:00-dək davam edən maraqlı proqram çərçivəsində uşaqlar Butat, Avtodrom, Karnaval və “Dəniz Mall”da yerləşən müxtəlif atraksionlardan istifadə edərək şənləndilər. Həmçinin layihə çərçivəsində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün “Suraxanı” Gəmi-Muzeyinə səyahət təşkil edildi. Burada gəminin göyərtəsində nahar edən uşaqlara gülüş bəxş etmək üçün klounlar, dj və müxtəlif personajlar dəvət olunmuşdu. Aktyor Allahverdi Yolçuyevin ifasında uşaqlara maraqlı personajlar təqdim edildi.

Axşam saatlarında isə “Qəsr” restoranında şam edən uşaqlar yaddaqalan musiqili-əyləncəli bir gecə keçirdilər. Unudulmaz gün üçün valideynlər “SOS” MMC-nin rəhbərliyinə, həmçinin “Suraxanı” gəmi-muzeyinə səyahətlə bağlı Xəzər Dəniz Administrasiyasına minnətdarlıqlarını bildirdilər.

Əyləncəli tədbirlər AzTV, Arb televiziyaları və həmçinin “azpolitika.az” saytı tərəfindən işıqlandırıldı.

Cavid Əkbərov, “İki sahil”