03 iyun 2023 11:35
511

Güclü Lider-Qalib Xalq formulunun məntiqi nəticəsi: Azad Qarabağ, azad və çiçəklənən Şuşa!

Mayın 28-də - Müstəqillik Günündə xalqımız ikiqat sevinc hissi yaşadı. Ölkəmizdə bayramın bayrama qarışması onunla bağlı idi ki, laçınlıların bir qrupu uzun fasilədən sonra məhz bu tarixdə doğma torpaqlarına qayıtdılar. Bu sevincli gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də laçınlılarla bir yerdə olub. O, burada çıxış edərək müxtəlif mövzulara toxunub. Bu görüşün 28 May tarixində təşkil edilməsinin böyük rəmzi mənası olduğunu vurğulayan dövlət başçısı çıxışında belə qeyd edib: “Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir”.

Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Otuz bir il bundan əvvəl - 1992-ci il mayın 18-də uca dağlar qoynunda qərar tutan və alınmaz qala sayılan Laçın rayonu Ermənistanın işğalı altına düşdü. İşğal illərində ermənilər Laçında misli görünməmiş vandalizm əməlləri törədiblər və təbii sərvətlərimizi vəhşicəsinə talayıblar. Hətta ermənilər Laçın şəhərini tərk etməmişdən buradakı evlərə, yaşayış binalarına, meşələrə və qəbiristanlıqlara od vurmuşlar.

Prezident İlham Əliyev 31 il bundan əvvəl Laçının işğal altına düşməsinin səbəblərinə diqqət çəkərək bildirib: “Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi, ilk növbədə sizin üçün. Çünki siz artıq doğma torpaqlarda yaşaya bilmirdiniz. Eyni zamanda gənc, müstəqil Azərbaycan üçün. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında-Şuşadan 10 gün sonra işğal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Görün, bu tarixlərin, yəni Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq”.

Prezident İlham Əliyev Laçında qısa müddətdə aparılan bərpa-yenidənqurma işləri ilə bağlı  danışıb. Oraya qayıdan 20 ailəyə xeyir-dualarını çatdıraraq evlərin açarlarını təqdim edib. Prezident qeyd edib ki, cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. İyun ayının sonuna qədər əlavə bir çox ailələr Laçında yerləşəcəklər. Birinci mərhələdə burada 4 minə yaxın, bəlkə də, çox insan yaşayacaqdır.

Dövlət başçısı çıxışında laçınlıların uzun illər ərzində çəkdikləri həm fiziki, həm mənəvi əzablara, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində yaşamasına da toxunub. Daha ağır əzabın öz doğma torpağına qayıda bilməmək olduğunu vurğulayıb.  O, belə qeyd edib: ”Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz, demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax belə də oldu”.

Qeyd edək ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Cənab İlham Əliyev Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı kimi həm hərb meydanında öz sözünü dedi,həm də siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini ustalıqla izah və müdafiə etdi,haqq səsimizi bütün dünyaya çatdırdı. Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki,hazırki mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası  Cənab Ali Baş Komandanın güclü siyasəti və iradəsi,ordumuzun əzmi və qətiyyəti,xalqımızın həmrəyliyi sayəsində mümkün oldu. Güclü xalq, güclü dövlət, güclü lider - bu vəhdət müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrilib.

Xalqın öz Prezidenti ətrafında bir yumruq olaraq birləşməsi bizi Böyük Qələbəyə apardı,  Azərbaycan bayrağının işğaldan azad olunan torpaqlarımızda ucaldılmasını hər kəsin 30 ilə yaxın bir zamanda gözlədiyi möhtəşəm hadisə olduğunu bildirdi. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, bizim ölkəmiz üçün yeni dövr başlayır: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq".

Anar Miriyev, "İki sahil"