16 mart 2016 20:16
288

Qadınlar Səudiyyə Ərəbistanında tarix yazdı

Qadın pilotlar təyyarəni Ciddə hava limanına endirib.

Qadınlara maşın sürmək belə qadağan edilən Səudiyyə Ərəbistanında maraqlı bir hal yaşanıb. ANS PRESS-in məlumatına görə, Bruneyin heyəti, o cümlədən pilotları tamamilə qadınlardan ibarət olan "Bruney Kral Hava yolları"nın ilk təyyarəsi ilk səfərini Səudiyyə Ərəbistanına edib. 

"Boeing 787 Dreamliner" sərnişin təyyarəsində 3 qadın pilot olub. Təyyarə Ciddə hava limanına eniş edib. Qadın pilotların ilk uçuşu Bruneyin müstəqillik günündə həyata keçirilib. 

Hava gəmisində kapitan pilot Şərifə Czarena, köməkçi pilotlar isə Sariana Nordin və Nadiah Pg Haşim olub. 

Kapitan pilot Czarena İngiltərədə uçuş təlimi görüb. O, Bruneyin ilk qadın kapitan pilotu olub. 

Səudiyyədə ötən il qadınlara ilk dəfə səsvermə hüququ verilib. İlk dəfə bələdiyyə seçkilərində iştiraka icazə verilən seçkidə 978 qadın namizəd də olub. Ancaq qadın namizədlər seçki kampaniyasında kişilər tərəfindən təmsil ediliblər, onlar seçiçilərinə belə bir pərdənin arxasından müraciət etməli olmuşdular. 

 
Bu ölkə qadınlara sürücülük hüququ verməyən yeganə dövlətdir. Səudiyyə Ərəbistanında ancaq kişilərə sürücülük vəsiqəsi verilir, buna baxmayaraq bəzən sükan arxasında qadınlara da rast gəlinir. Sükan arxasında tutulan qadınlara cəza verilir.