03 iyun 2023 14:19
370

Taksi fəaliyyəti sahəsində səmərəli nəzarət mexanizmlərinin yaradılmasına ehtiyac var

Taksilərin xaotik fəaliyyəti ilə demək olar ki, hər gün rastlaşırıq. Narazılıqlar o qədər çoxalıb ki, bu sahədə nizamlama həyata keçiilməsi zərurətə çevrilib. Taksilərin xidmətindən istifadə  edən hər kəs problemlərin nələr olduğunu yaxşı bilir.  Taksi şirkətləri ilə bağlı şikayət və müraciətlər daha çox sürücü ilə sərnişin arasında mübahisələr, qeyri-etik hərəkətlər, narkotik vasitələrə aludəçilik halları, sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi, yol-hərəkət qaydalarını pozma, günün qaranlıq saatlarında avtomobili müəyyən edilməmiş yerlərdə hərəkət etdirmə ilə bağlıdır.  Bu cür çoxsaylı müraciətlərə görə taksi şirkətlərinin fəaliyyəti ilə bağlı tənzimləmənin təmin edilməsi qarşıya məqsəd qoyulub.  Əsas məqsəd vətəndaş məmnunluğunun təmin edilməsidir. Rəsmi məlumtlara əsasən, ötən ildən bu vaxta qədər 400-dən artıq taksi sürücüsü barədə qanunamüvafiq qaydada inzibati xəta tərkibi və cinayət məsuliyyəti yaradan hallarla bağlı müvafiq tədbirlərin görülməsi təmin olunub.

Taksi sürücüləri, xüsusilə də qlobal aqreqatorlarla çalışan sürücülər, ağır və uzun iş saatları müqabilində qazanclarının az olmasından şikayətlənirlər. Öz növbəsində sərnişinlər də xidmət keyfiyyətinin aşağı olmasından, kobud və qeyri-etik davranışlardan narazılıq edirlər. Taksilərin tıxaca və ekoloji vəziyyətə təsiri yalnız sayın çoxluğu ilə məhdudlaşmır. Bu, həm də gündəlik səyahətlərin sayı ilə bağlı bir məsələdir. Belə ki, fərdi maşınlar gündə ortalama 2-2,5 səfər edirlərsə, taksi fəaliyyəti həyata keçirən avtomobil 20-dən çox səfər edir. Bu baxımdan 10 min taksi şəhərdə 100 min fərdi maşın effektini yaradır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mətbuata açıqlamasında bildirib ki, bu sahədə qlobal aqreqator şirkətlər, o cümlədən “Bolt”, “Uber”, “Yango” kimi şirkətlər də problemin böyüməsində mühüm rol oynadı. Bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açır. Belə ki, adıçəkilən şirkətlərdə çalışan sürücülərlə əmək müqavilələrinin bağlanmaması, sürücülərin bəzən 14-16 saat sükan arxasında olması, bunun müqabilində isə gəlirlərinin çox aşağı olması kimi neqativ hallar müşahidə olunur. Eyni zamanda, bu şirkətlər tərəfindən vətəndaşların fərdi məlumatlarının mühafizəsinə dair mövcud qanunvericilik normaları da kobud şəkildə pozulur.

Bu xaotik vəziyyətə son qoymaq, vətəndaşların narazılığını aradan qaldırmaq üçün taksi xidmətində keyfiyyətin yüksəldilməsi və mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması, mühüm islahatların aparılması zəruridir. Ekspertlər hesab edir ki, bunun üçün taksi fəaliyyətinin tənzimlənməsi üçün qanunvericilik təkmilləşdirilməli və səmərəli nəzarət mexanizmləri yaradılmalıdır.

Zamin Məmmədov, “İki sahil”