04 iyun 2023 11:32
259

Ulu Öndər xalqı fəlakətdən, dövləti parçalanmaq təhlükəsindən xilas etdi

4 iyun 1993-cü il Gəncə hadisələinə təkcə həmin gün Gəncədə baş verənlər yox, daha geniş çərçivədən baxmaq lazımdır. 70 il mövcud olmuş imperiyanın dağılması ilə xalqımızda milli oyanış baş qaldırmışdı. Müstəqilliyin əldə olunması ilə siyası idarəetmə yeni yanaşma tələb etməyə başlamış, elə bu səbəbdən ölkədə hakimiyyət böhranı yaranmışdı. Bir tərəfdə öz hakimiyyətini qoruyub saxlamaq istəyən “köhnələr” - Ayaz Mütəllibov və komandası, digər tərəfdə isə nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ almağa çalışan cəbhəçilər bu böhranın daha da dərinləşməsi üçün öz “töhfələrini” verməkdə idilər. Zaman keçdikcə qütbləşmə və qarşıdurma kəskinləşirdi. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz Bakıdakı bu qarşıdurmanın nəticəsi oldu. Nəhayət, 1992-ci il mayında cəbhəçi bəylər hakimiyyəti ələ keçirdilər. Bu naşı komandanın hakimiyyətdə olduğu qısa müddətdə nələr baş verdi, indi bu barədə geniş danışmağa ehtiyac yoxdur – hər şey aydındır. Vəziyyəti o həddə gətirib çıxardılar ki, 1993-cü ildə Azərbaycan dövlətinin taleyi sual altında düşdü. Gəncədə qiyam baş verdi, qardaş qırğını törədildi. 4 iyun 1993-cü ildə baş verən Gəncə hadisələri şəxsi maraqlarını dövlətçilik mənafeyindən üstün tutan AXC-Müsavat iqtidarının xəyanəti idi

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov söyləyib.

Deputat qeyd edib ki, xalq bu vəziyyətdə bütün siyasi qüvvələrdən imtina edərək, bütün ümidini böyük şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevə bağladı. Movcud vəziyyəti idarə edə bilməyən, geosiyasi məsələlərdən baş çıxarmayan “bəylər” də öz həyatlarının təhlükədə olduğunu anlayaraq, məcburiyyət qarşısında qalaraq, üzlərini Naxçıvana - Ümummilli Liderimizə tutdular. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider vəziyyəti ustalıqla təhlil edərək, böhrandan çıxış yollarını müəyyənləşdirdi.

Gəncədə olan hadisələr əslində böyük planın görünən tərəfi idi. Baş verənlər SSRİ-nin dağılmasından sonra Rusiyanın o vaxtkı rəhbərliyində hələ də imperialist təfəkkürlü insanların imperiyanı bərpa etmək, yenidən Azərbaycanı və o cümlədən digər müstəqillik əldə etmiş dövlətləri açıq-aşkar öz təsir dairələrinə almaq planlarının məntiqi nəticəsi idi. Hadisələrin sonrakı analizi onu deməyə əsas verir ki, bu qüvvələrin planı keçmiş Dağlıq Qarabağda Azərbaycan ordusunu məğlubiyyətlərə düçar etmək, ölkənin şimalında və cənubunda etnik separatizmi qızışdırmaq, daxildən narazı qüvvələri ələ almaq və bununla siyasi böhran yaradaraq imperiyalist məqsədlərinə nail olmaq idi. Bunun üçünsə onlar tərəfdən əlverişli şərait var idi. Belə ki, heç bir siyasi səriştəsi olmayan, dövlət idarəetmə sistemini anlamayan inşanlar hakimiyyəti ələ keçirmişdilər. Ölkənin ağır vəziyyətindən narahat olan Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə 9 iyun 1993-cü ildə Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə ehtiramını göstərdi. Ulu Öndər xalqı çətinlikdən, dövləti parçalanmaq təhlükəsindən qurtardı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün də onun ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir və regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Sadiq Qurbanov bildirib ki, o illərdə müstəqilliyimizi gözlənilən təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Zəfərimizin müjdəsini Ulu Öndər Heydər Əliyevə, bütün dünya azərbaycanlılarına qürurla bildirdi: «2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.» Torpaqlarımz işğaldan azad edildikdən sonra quruculuq işlərinə başlanıldı. Hazırda Ulu Öndərin azad görmək istədiyi Qarabağ, Zəngəzur dirçəlir. Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla orada Azərbaycan Bayrağını qaldırmaqla müstəqilliyimizin sarsılmazlığını, ərazi bütövlüyümüzün bərpasının əbədiliyini dünyaya bəyan edən Prezident İlham Əliyev dövlət başçısı kimi xalqının etimadını doğruldur, varislik missiyasını da ləyaqətlə davam etdirir.