04 iyun 2023 16:48
423

Zəfər tarixinin QAYIDIŞ SƏHİFƏSİ

Bir zamanlar işğal altında olan rayonların işğal gününü anım, qəm-kədərlə qeyd edirdik. Hər zaman arzularımız idi ki, o torpaqlara qayıdaq. Zaman yetişdi və bir çoxlarına möcüzə və əlçatmaz kimi görünən bu qlobal prosesi Cənab Prezident İlham Əliyev həyata keçirdi. Artıq zaman Azərbaycanın xeyrinə işləyir, hüzn, qəm kədərlərimiz sevinc hissləri ilə əvəz olunub. Mayın 27-də Kəlbəcər və Laçın rayonlarına səfər edən Prezident İlham Əliyevin 28 May - Müstəqillik Gününü Laçın şəhərinə qayıdan əhali ildə qeyd etməsi də tarixi və qürurverici hadisədir. Artıq üç ildir dövlətimizin başçısı İlham Əliyev tarixi günləri, bayramları işğaldan azad edilmiş ərazilərimizdə qeyd edir. Bu mühüm addım harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Otuz il işğal altında qalaraq tamamilə dağıdılan, yerlə-yeksan edilən torpaqlarımızda yeni həyatın başlanması, bərpa-quruculuq işlərinin geniş miqyas alması, Böyük Qayıdış proqramı çərçivəsində soydaşlarımızın mərhələli şəkildə doğma yurd-yuvalarına qayıtması böyük xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə də zəngin olur. Laçın şəhərinə qayıdan əhali ilə görüşündə 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlətimizin başçısı bildirdi ki, delimitasiya, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır. Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır.
Laçın şəhərinin siması bir daha qurub-yaradan xalq, ən əsası bu torpaqların sahibinin biz olduğumuzu bir daha nümayiş etdirir. Dövlətimizin başçısı qeyd etdi ki, separatizmin kitabı bağlanıb. Ona görə hələ də bu düşüncədə olanlar yanılırlar. Onlar baş verənlərdən yaxşı dərs çıxarmalı və reallığı qəbul etməlidirlər. Azərbaycan ərazisində yaşayan xalqlar bu ölkənin vətəndaşlarıdır, onların bütün hüquqlar ən ali səviyyədə təmin edilir və xoşbəxt yaşayırlar. Azərbaycan hər zaman sülhün tərəfdarı olub və Ermənistanla sülh müqaviləsinin imzalanması naminə səylə çalışır. Ermənistan tərəfi də bilməlidir ki, sülh onlar üçün daha vacibdir. Bu, onların düşdüyü ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yeganə çıxış yoludur.
Sonda isə onu qeyd edək ki, Azərbaycanın hər qarış torpağında şəhid qanı var, igid oğullarımızın addım izləri var. Bu torpaqlar müqəddəsdir və toxunulmazdır. Ölkə başçısı bu müqəddəsliyə bundan sonra kimsələrin toxuna bilməyəcəyini bir daha diqqətə çatdırdı: “Bax, bu, bir daha onu göstərir ki, hər bir qarış torpaq bizim üçün əziz və doğmadır. Hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və bəziləri bizi işğalla barışmaq üçün böyük səylər göstərirdilər. Ancaq bizim əyilməz mövqeyimiz, iradəmiz bütün bu səyləri alt-üst etmişdir.”

Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı