06 iyun 2023 12:47
370

Azərbaycan-İsrail münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir

Tarixə nəzər salanda görürük ki, Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olublar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir. Bu gün Azərbaycan dünyanın aparıcı ölkələri ilə diplomatik, iqtisadi və siyasi əlaqələrə malikdir. Belə ölkələrdən biri də İsrail dövlətidir. İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. İki dövlət arasında münasibətlərin inkişaf etməsinin təməlləri hələ ötən əsrin 90-cı illərində-Azərbaycanın müstəqilliyinin ilk illərində atılmışdır. Ümummilli Lider Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Məhz bu uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrə çevrilib və beynəlxalq aləmdə bir-birlərinə qarşılıqlı dəstəklərini nümayiş etdirirlər.  Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmət və ehtiramla yanaşıblar.  Müstəqilliyimizi tanıdığı 1991-ci il dekabrın 25-dən sonra Azərbaycan ilə bu dövlət arasında münasibətlər həmişə müsbət istiqamətdə inkişaf edib. Amma son bir neçə ildə münasibətlərdə xüsusi dinamika müşahidə olunur: əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin çoxalması, ticarət dövriyyəsinin və investisiyaların artması, qarşılıqlı fəaliyyət üçün yeni sənaye sahələrinin müəyyənləşdirilməsi bunun bariz nümunəsidir.

İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Aramızda çox fəal siyasi dialoq var. Səfər ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.  Prezident İlham Əliyevin cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaq. İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri bir daha göstərdi ki, Azərbaycan-İsrail münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir. İsxak Hersoqun Azərbaycana səfəri bir daha sübut edir ki, Azərbaycanla İsrail arasında münasibətlərin daha da yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir. Ölkələr arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun ölkəmizə rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirdiyi təkbətək və geniş tərkibdə görüşləri, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ticarət, turizm və digər sahələrdə daha da dərinləşdirilməsi üçün aparılan müzakirələr, səhiyyə sahəsində imzalanan sənəd iki ölkə arasında münasibətlərin dərinləşməsinə böyük töhvələr verir.

Ötən il işgüzar dairələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə işlər davam edir. İsrail şirkətləri ilə həmçinin, sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır. Azərbaycan-İsrail əlaqələrinin illərdir yüksələn xətlə inkişafının əsas səbəblərindən biri ölkəmizdə Yəhudi icmasına göstərilən həssas münasibətdir.

Azərbaycan və İsrail Prezidentlərinin görüşü zamanı xüsusi olaraq enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsi də ətraflı müzakirə olunub. Qeyd etmək lazımdır ki, energetika sahəsində də iki dövlətin münasibətləri ən yüksək səviyyədədir. Yalnız bir fakt bu əməkdaşlığın hansı müstəvidə olduğunu nümayiş etdirir: İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Bu rəqəm İsrailin enerji təminatında ölkəmizin oynadığı rolun səviyyəsini nümayiş etdirir.

Görüş zamanı Prezident İlham Əliyev müdafiə sənayesi sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Bu Azərbaycanla İsrail arasında hərbi əməkdaslığın yüksək səviyyədə olmasından irəli gəlirdi. İsrail daim Azərbaycanla həmrəy olub, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də Şərqi Zəngəzurun və Qarabağın bərpasında öz dəstəyini ölkəmizdən əsirgəməyib. Bu gün Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsində, müdafiə sənayesinin inkişafında İsraillə münasibətlərin ayrıca yeri vardır. Azərbaycanda yaşayan 20 minlik yəhudi icması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, beynəlxalq məsələlərdə və Qarabağ məsələsinin həllində həmişə Azərbaycanın yanında olublar, ona dəstək veriblər. Səfər çərçivəsində dövlətlərarası münasibətlərdə, müxtəlif sahələrdə sənədlər imzalandı, əməkdaşlığın, tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məsləhətləşmələr aparıldı. Əlbəttə ki, cənab Prezidentin, eləcə də jurnalistlərə bəyanatında İsrail Prezidentinin söylədiyi fikirlər onu deməyə əsas verir ki, bu dövlətlər bir çox beynəlxalq tədbirlərdə, bir çox beynəlxalq tribunalarda bir-birlərinin mövqelərini və bir-birlərinin haqq, ədalət, demokratiya uğrunda apardıqları mübarizəni dəstəkləyirlər. Belə ki İsraillə Azərbaycanın daha da yaxınlaşması hər iki dövlətin və xalqların marağına cavab verir. Bu baxımdan hesab edirəm ki, İsrail dövlət başçısının böyük heyətlə Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşlər keçirməsi əlamətdar haldır. İsrail Prezidenti ilə görüş çərçivəsində iki ölkə arasında yüksəksəviyyəli dialoq və səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulandı, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edildi. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri