06 iyun 2023 13:58
267

Prezidentin Sərəncamı Naxçıvanın inkişafında müstəsna rol oynayacaq

Prezident İlham Əliyev ötən gün “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Adından da göründüyü kimi, sərəncamın məqsədi Naxçıvanın sosial-iqtisadi inkişafını sürətləndirmək və yaşayış səviyyəsini qısa müddət ərzində daha da yaxşılaşdırmaqdır. Maliyyə Nazirliyi bu proqramın maliyyələşdirilməsi ilə bağlı təkliflərini müəyyən edilmiş zaman çərçivəsində Nazirlər Kabinetinə təqdim edəcək. Həmçinin proqramın icrası ilə bağlı Tədbirlər Planı hazırlanacaq.

Prezidentin bu Sərəncamı Naxçıvanın sosial-iqtisadi həyatında dönüş yaratmaqla bərabər, Muxtar Respublikanın bölgədəki strateji mövqeyini daha da gücləndirəcək. Aydındır ki, regionların inkişafı dövlətin sosial-iqtisadi siyasəti ilə birbaşa əlaqəlidir. Naxçıvanın sosial-iqtisadi durumu onun makroiqtisadi şəraiti, coğrafi mövqeyi, təbii ehtiyatları, həm də subyektiv amillərlə bağlıdır. Xüsusilə də, regional idarəetmə metodları burada başlıca rol oynayır. Son illərdə aparılan islahatlar, yeni dövrün tələblərinə çağırış və təkmilləşdirmə siyasətləri göstərdi ki, Naxçıvanda müasir və şəffaf idarəetmə üsulların tətbiq edilməsi özünün müsbət nəticələrini göstərir. Aparılan düzgün siyasətin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası da bəzi sahələrdə öz təminatını ödəyə bilir.

Konkret rəqəmlərə istinad edək. Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün büdcəsinin xərcləri 614 milyon 652 min 500 manat müəyyən olunub. Bunun 132 milyon 222 min manatı Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri hesabına, 482 milyon 430 min 500 manatı isə Naxçıvana ayrılan dotasiya hesabına tənzimlənəcək. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ona hədəflənib ki, muxtar respublika dotasiyadan asılı olmasın və mümkün qədər özü özünü maliyyələşdirsin.

Hazırda əsas hədəflərdən biri Naxçıvana investisya yatırımları üçün sağlam və cəlbedici mühüt formalaşdırmaqdır.

Azərbaycanın dövlətinin, xüsusilə də, cənab Prezidentin Naxçıvanla Qərb rayonlarını birləşdirəcək nəqliyyat-kommunikasiya xətlərinin – Zəngəzur dəhlizinin açılması istiqamətində yürütdüyü ardıcıl, principal siyasət məhz Muxtar Respublikanın blokadadan çıxarılması və inkişafına yönəlib. Zəngəzur dəhlizinin açılması Naxçıvana böyük şirkətlərin investisya yatırımlarını artıracaq. Bu dəhliz həm də türk dünyasını birləşdirən əsas yol olacaq. Zəngəzur dəhlizinin açılması muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcminin artmasında böyük rol oynayacaq. Daşınma xərclərinin aşağı düşməsi, quru yolla gediş-gəlişin mümkünlüyü muxtar respublikanın ixrac qabiliyyətini genişləndirəcək. Son vaxtlar Naxçıvanda aparılan islahatlar onu deməyə əsas verir ki, Azərbaycanda və xaricdə fəaliyyət göstərən şirkətlər Naxçıvanda iş qurmaqda, bizneslə məşğul olmaqda maraqlı görünəcəklər. Naxçıvan son dönəmlərə qədər bəlli səbəblərdən bu proseslərdən bir qədər kənarda qalmışdı, müəyyən imkanlar əldən verilmişdir.

Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı yuxarıda qeyd olunan problemləri aradan qaldıracaq, qarşıya qoyulan məqsəd və vəzifələrə daha asan və daha tez çatmağa imkan verəcəkdir.

Son dönəmlərdə Naxçıvanda aparılan islahatlar, prezidentin Naxçıvanda nümayəndəlik insititunun yaradılması barədə qərarı buna bir nümunədir. Ölkəmizin gələcəyə yönəlmiş inkişaf prioritetləri içərisində Naxçıvanda sosial-iqtisadi durumu yaxşılaşdırmaq, biznes mühitini gücləndirmək kimi məqsədlər başlıcalıq təşkil edir.

Cənab Prezidentin Naxçıvanla bağlı bu sərəncamı dövlətimizin və onun rəhbərliyinin muxtar respublikamızın inkişafına nə dərəcədə böyük əhəmiyyət verdiyini göstərir. Doğrudan da, bu gün Naxçıvanda əhali gələcəyə daha ümidli, həvəslidirlər. Bürokratik əngəllər aradan qaldırılıb, biznesə başlamaq üçün bir pəncərə sistemi işləyir, dövlət investorlara hər cür dəstək verir. Biz yaxın gələcəkdə daha da inkişaf etmiş, gözəlləşən fərqli bir Naxçıvanı görəcəyik.

Cəbi Quliyev,

Milli Məclisin deputatı