06 iyun 2023 16:58
323

Naxçıvanın inkişafında yeni mərhələ: strateji hədəflər reallığa çevrilir

Azərbaycanda 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü və müvafiq tapşırıqları ilə qəbul edilən, icrası müvəffəqiyyətlə təmin olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının səmərəli nəticələri göz önündədir. Atılan addımlar, reallaşdırılan tədbirlər əhalinin rifahının daha da yaxşılaşmasına, məşğulluq səviyyəsinin artmasına və bütövlükdə ölkənin iqtisadi yüksəlişinə mühüm töhfələr verib. Ən əsası, əldə olunmuş nailiyyətlər gələcək inkişaf üçün də mühüm sosial-iqtisadi baza yaradıb.

Torpaqlarımızın işğaldan azad olunması davamlı inkişaf naminə sistemli fəaliyyət üçün yeni imkanlar yaradıb. Burada yeni infrastrukturların yaradılmasına və sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Bu baxımdan, hələ ki, blokada vəziyyətində olan, amma 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda da nəzərdə tutulduğu kimi, kommunikasiyaların bərpasından sonra blokada vəziyyəti aradan qaldırılacaq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını sürətləndirmək olduqca mühüm önəm daşıyır.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilməsi yeni mərhələdə qarşıda duran strateji vəzifələrin reallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Proqramda qeyd edildiyi kimi: “Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxmışdır. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi zəruridir. Bu isə mütəmadi olaraq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur”.

Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edən Dövlət Proqramı məqsədlər və prioritet istiqamətlər müəyyən edilmişdir. Bu məqsəd və prioritetlərə uyğun həyata keçiriləcək tədbirlər muxtar respublikada iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində ciddi irəliləyişlər əldə etməyə imkan verəcək. Eyni zamanda, infrastruktur təminatının, sosial sektorunun, insan kapitalının inkişafı və ətraf mühitin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar atılacaq addımlar kompleks inkişafa təkan olacaq.

Ən mühüm məqamlardan biri nəqliyyat, o cümlədən dəmiryolu infrastrukturunun yenilənməsi ilə bağlıdır. Bu, regionda kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması kontekstində xüsusi önəm daşıyır. Yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranması iqtisadi və siyasi əhəmiyyətə malikdir. Eyni zamanda, yeni infrastrukturun yaranması Azərbaycanın tranzit potensialının artması, iqtisadi inkişafının sürətlənməsi baxımından önəmlidir. Azərbaycan Prezidenti bir müddət əvvəl qeyd etmişdi ki, “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”. Dövlət başçısının siyasi iradəsi Azərbaycanın qarşıda duran bütün strateji hədəflərin reallaşmasını mümkün edir.

Nəticə etibarilə, davamlı islahatlar vasitəsilə dayanıqlı regional inkişafın təmin olunması Azərbaycanın qarşısında yeni perspektivlərin açılmasını şərtləndirir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası isə yeni reallıqlar və çağırışlardan irəli gələn məqsədləri gerçəkləşdirməyə, uzunmüddətli inkişafı təmin etməyə imkan verəcək.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri