06 iyun 2023 23:12
330

Azərbaycan-İsrail münasibətləri daha da genişlənəcək və bütün sahələri əhatə edəcək

Yüksək inkişaf mərhələsində olan Azərbaycan-İsrail münasibətləri İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun ölkəmizə səfərindən sonra daha da səmimiləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrailin dövlət başçısının mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açmış olacaq.

Tarixi, dini, mədəni əlaqələr, genişlənən imkanlar, ümumi təhdidlər və eyni çağırışlar son vaxtlar Azərbaycan-İsrail münasibətlərini şərtləndirən başlıca amillərdən olub. Bu məqamlar dünya dövlətlərinin də diqqətini cəlb edir. Əslində, ikitərəfli əlaqələrin strateji gündəliyi bunlarla da məhdudlaşmır. Müdafiə sənayesi üzrə uzunmüddətli əməkdaşlıq sahəsində iki ölkənin artan gücü, qüdrəti həm regional, həm də qlobal təhlükəsizliyə ciddi dayaq sayıla bilər.

 Bəzi iqtisadi rəqəmlər təsdiqləyir ki, iki ölkə arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çox olub. Növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməklə planlaşdırdılan birgə layihələr nəticəsində balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq. Bu, təkcə enerji amilindən asılı olmayacaq. İsrail ilə enerji sahəsində sıx əməkdaşlıq davam edəcək. Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edəcək.

Azərbaycan üçün ən həssas mövzulardan biri də işğaldan azad olunan ərazilərin bərpa edilməsi və yenidən qurulmasıdır. Bu əraziləərdə kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün İsrail texnologiyalarından və onun əldə etdyi müsbət təcrübədən uğurla istifadə oluna bilər.

 İsrailin bir çox sahələrdə qabaqcıl təcrübəsi dünyəvi mahiyyət daşıyır. 21-ci əsrin texnologiya dövrü olduğunu nəzərə alsaq, iki ölkə həm də kibertəhlükəsizlik sahəsində yeniliklərə imza ata bilər. İsrailin bu sahədə əldə etdiyi təcrübənin ölkəmizdə tətbiq edilməsi gələcəkdə məqsədlərimizə nail olmaq, təhlükələrdən qorunmaq və ərazi bütövlüyümüzü müdafiə etmək imkanlarımızı daha da artıracaq. Azərbaycanla İsrail qarşılıqlı maraqlara köklənməklə, mövcud əlaqələri gücləndirməklə regionda təhlükəsizliyə, sülhə, gərginliyin azaldılmasına ciddi töhfələr verə bilər. İki ölkə arasında münasibətlərdə müşahidə olunan dinamika bu baxımdan təkcə regional deyil, həm də qlobal miqyasda geosiya əhəmiyyət daşıyır.

 İnanırıq ki, iki dövlətin dostluq və əməkdaşlığı bundan sonra da inkişaf edəcək,möhkəmlənəcək və bütün sahələri əhatə edəcək.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı