Haaqada Rusiyanın BMT-nin antiterror sazişini pozmasının tanınması ilə bağlı dinləmələr başlanıb.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, iyunun 6-da Ukrayna və Rusiyadan olan hüquqşünaslar müharibə başlayandan sonra ilk dəfə Beynəlxalq Ədalət Məhkəməsində görüşüblər.
Beynəlxalq Ədalət Məhkəməsinin 16 hakimindən ibarət kollegiyası Ukraynann Moskvanın BMT-nin antiterror müqaviləsini pozması ilə bağlı iddiasına baxmağa başlayıb. Ukrayna, həmçinin Haaqa Məhkəməsindən Rusiyanın Krımda tatar etnik qrupuna qarşı ayrı-seçkiliyini dayandırmağı tələb edib.
Rusiyanın iyunun 8-də keçiriləcək məhkəmə iclasında Kiyevin iddiasına cavab vermək imkanı olacaq.
BMT-nin dövlətlər arasında mübahisələr üzrə ali orqanı sayılan Beynəlxalq Ədalət Məhkəməsinin qərarları məcburidir, lakin icra mexanizmi yoxdur.
Xatırladaq ki, 2023-cü ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanın 2014-cü ildə nəzarətə götürdüyü Donbasda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını tanıyıb.