17 mart 2016 21:53
257

İki kəndə ilk dəfə təbii qaz verilib

Sabirabad və Goranboy rayonlarının iki kəndinə ilk dəfə təbii qaz verilib

Novruz bayramı ərəfəsində, martın 17-də Sabirabad və Goranboy rayonlarının iki kəndinə ilk dəfə təbii qaz verilmişdir.Bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak etmişlər. 

Sabirabad rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, 149 abonenti olan Salmanlı kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 14552 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Həmin gün Goranboy rayonunun 79 abonentlik Əhmədabad kəndinə də ilk dəfə təbii qaz verilmişdir. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunmuşdur ki, birpilləli sistem əsasında həyata keçirilən qazlaşdırma işləri zamanı 6100 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə edilərək daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. 

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.