20 mart 2016 00:09
368

SOCAR-ın prezidenti Göyçay rayonunun Alpout kəndinə təbii qazın verilməsi mərasimində iştirak edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayev martın 19-da Göyçay rayonunun Alpout kəndinə təbii qaz verilişinin bərpa olunması münasibəti ilə keçirilmiş mərasimdə iştirak etmişdir.SOCAR rəhbərliyi təmsilçilərinin, Göyçay rayon icra hakimiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimdə bildirilmişdir ki, 507 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 48822 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 507 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

"İki sahilxəbər verir ki,tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı və Alpout kəndinin yenidən qazlaşdırılması münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış, qeyd etmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR-ın prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. 

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.