27 iyun 2023 20:10
762

ABŞ dövlət katibi Blinken ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib - YENİLƏNİB

27 iyun 2023-cü il tarixlərində xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Entoni Blinken ilə görüşüb. 

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, tərəflər Azərbaycan-Ermənistan sülh prosesini, Azərbaycanla Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırki regional vəziyyəti müzakirə ediblər. 

Nazir Ceyhun Bayramov görüş zamanı, saziş layihəsində əhatə olunmuş məsələlər üzrə Azərbaycanın mövqeyi və yanaşmalarını diqqətə çatdırıb. Ermənistan tərəfdən sülh prosesinə maneçilik cəhdləri, bir sıra təhrikçi addımları vurğulanıb. Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacib olduğu bildirilib. 

İkitərəfli görüşdən sonra, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dövlət katibi ilə üçtərəfli görüşü keçirilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların növbəti raundunun 29 iyun tarixinə qədər davam etməsi nəzərdə tutulub.

***

ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüşə başlayıb.

“İki sahil” xəbər verir ki, görüş Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində bağlı qapılar arxasında keçirilir.

Qeyd edək ki, E.Blinken bu gün iki ölkənin xarici işlər nazirləri ilə bağlı qapılar arxasında ikitərəfli görüşlər keçirib.

İyunun 29-dək davam edəcək danışıqların əsas mövzusu sülh sazişidir.