Böyük Britaniyada bir dovşan öz ölçüləri ilə bütün dünyanı heyrətləndirib.
Vorçester şəhərində yaşayan Anet Edvardsa məxsus dovşanın uzunluğu nə az, nə çox 135 santimetrdir.
Orta hesabla 7 yaşlı uşaq boyda olan canlı təsadüfi deyil ki, dünyanın ən böyük dovşanı adını qazanıb. Başqa diqqət çəkən məqam isə, adı ginesin rekordlar kitabına düşən dovşanın bu titulu öz atasının əlindən almasıdır. Bu vaxta qədər Darius adlı dovşan dünyanın ən böyük dovşanı kimi qəbul olunurdu. Onun balası Cefri uzunluğuna görə Dariusu bir neçə santimetr qabaqlayır.
Nəhəng dovşanların sahibi Anet deyir ki, 10 ildir bu cür böyük dovşanlar ərsəyə gətirir. Britaniyalı xanımın sözlərinə görə, sevimli heyvanlarının bu qədər böyüməsinə səbəb, onları brokkoli ilə yemləməsidir.
Anetin sözlərinə görə, dünyanın ən nəhəng dovşanlarını saxlamaq çoxlu pul aparır. Belə xərcə düşməkdən çəkinmədiyini deyən britaniyalı, daha böyük dovşanlar ərsəyə gətirəcəyini Iddia edir.