“Azneft” İstehsalat Birliyi hasilat prosesində, tikinti-quraşdırma işlərində, yataqların işlənilməsində mütərəqqi yeniliklərin tətbiqinə önəm verir, yeni texnika, texnologiya və avadanlıqlardan istifadə olunur.
Uzun illər istismarda olan avadanlıqların mühafizəsi üçün yeni reagent və texnologiyalar işlənib hazırlanır, müxtəlif texnoloji üsulların tətbiqi müsbət nəticələr verir. Cari ilin əvvəlindən başlayaraq Birliyin idarələrində BSA-906 və BSA-512 tipli reagentlər mədən və laboratoriya sınaqlarından çıxarılmışdır. Bu reagentlərdən neftin deemulsasiyasında - susuzlaşdırılmasında və duzsuzlaşdırılmasında uğurla istifadə olunur. Mədəndaxili neft boru kəmərlərində duzlaşmanın qarşısını alan başqa bir reagent ilk dəfə “Bibiheybət” NQÇİ-dəki mədəndaxili neft boru kəmərlərində tətbiq edilmiş və müsbət nəticə alınmışdır. Qeyd edək ki, əvvəllər mədəndaxili neft boru kəmərlərində duz kristallarının əmələ gəlməsi səbəbindən kəmərlər ya vaxtaşırı dəyişdirilir, ya da demontaj edilərək xüsusi yerlərə aparılır və duz kristallarından təmizlənirdi. Reagentin tətbiq olunmasından sonra bu məsələ öz həllini tapmışdır. Gələcəkdə tələbat yaranacağı təqdirdə bu üsuldan digər istehsalat obyektlərində də istifadə olunması nəzərdə tutulur. Buna bənzər digər xüsusi reagent quyudibində duzlaşmanın qarşısının alınması məqsədi ilə “Siyəzənneft” NQÇİ-də tətbiq edilmişdir. NQÇİ-də əvvəllər duzlaşmanın qarşısını almaq üçün həftədə bir dəfə quyudibinə xlorid turşusu vurulurdu. Yeni üsulun tətbiqindən sonra xlorid turşusunun vurulması dayandırılmış, quyuların təmirlərarası müddəti dəfələrlə artmışdır.
Səmərəliliyin artırılmasına xidmət edən yeni texnika və texnologiyaların tətbiqi bundan sonra da davam etdiriləcəkdir.