12 iyul 2023 23:12
486

Heydər Əliyev Fondu azad olunmuş ərazilərimizin yenidən qurulmasında fəal iştirak edir FOTO

Vətən müharibəsində tarixi Zəfərimizdən sonra Qarabağda və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı bərpa və quruculuq işləri, bu ərazilərin gələcək inkişafının, malik olduqları potensialdan səmərəli istifadənin təmin edilməsi üçün zəruri addımların atılması, infrastrukturun yenilənməsi, bir sözlə, soydaşlarımızın Böyük Qayıdışı üçün bütün tədbirlərin həyata keçirilməsi özlüyündə dünyaya bir mesajdır: Azərbaycan qurucu dövlət, xalqımız yaradıcı olmaqla yanaşı, həm də bu torpaqların sahibidir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası istiqamətində görülən işlərin miqyası çox genişdir. Bu ərazilərdə həm yenidən qəsəbələr, kəndlər, yaşayış massivləri salınır, həm ictimai iaşə, həm istehsalat-sənaye müəssisələri, parkları yaradılır. Bir sözlə, bu gün azad ərazilərdə hər şey sıfırdan qurulur. Bu istiqamətdə dövlətin qəbul etdiyi qərarlar, həyata keçirdiyi layihələr, proqramlar çox əhəmiyyətlidir və bölgənin gələcək inkişafı üçün gərəklidir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondunun, 2021-ci il 12 avqust tarixli “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edir. Otən ilin noyabrında Prezident İlham Əliyevin təsdiqlədiyi və 2023-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair Birinci Dövlət Proqramı” azad olunan ərazilərdə iqtisadiyyatın bərpasını, iqtisadi fəallığın təmin olunması üçün bir sıra addımların atılmasını nəzərdə tutur. Proqramın əsas prioritetlərindən biri ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulmasıdır.

May ayının əvvəlində Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri ilə tanış olan Prezident İlham Əliyevin iştirakı ilə 10 kəndin təməlinin qoyulması, müxtəlif sosial obyektlərin açılış mərasimlərinin keçirilməsi o deməkdir ki, işğaldan azad edilmiş ərazilərimizdə həyat qaynayır, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının birliyi, həmrəyliyi, sarsılmaz iradəsi dayanır. Mayın 28-də, Müstəqillik Günündə Laçın şəhərində doğma yurduna qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edən Prezident İlham Əliyev uzun fasilədən sonra doğma torpaqlarına qovuşan laçınlıların sevincinə şərik olmuşdu. Bildirmişdi ki, cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və vətəndaşların sərəncamına verilir.

İyulun 11-də dövlət başçısı cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə bildirdi: “ …hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar”.

Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulacağını deyən Prezident İlham Əliyev əlavə etdi ki, artıq 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməli qoyulub: “Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq”.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə görülən bərpa və quruculuq işləri böyük uğurdur. Müharibənin başa çatmasından ötən təxminən iki il ərzində Şuşa, Ağdam, Zəngilan və Füzulidə yaşayış binalarının tikintisinin aparılması, Ağalı kəndinin inşası və sakinlərinin qayıdışı, bir neçə yaşayış məntəqəsinin təməlinin qoyulması, Füzuli və Zəngilan hava limanlarının istifadəyə verilməsi, Laçında kəndlərin bərpası, dağların başında çətin relyef şəraitində hava limanının tikintisinin davam etdirilməsi, su elektrik stansiyalarının istifadəyə verilməsi, avtomobil və dəmir yollarının tikintisi bu uğurlara daxildir. Bir zamanlar bu işlər yalnız xəyal edilə bilərdi. Bütün bu fəaliyyətlərin həm eyni vaxtda, həm dünyada mürəkkəb proseslərin getdiyi və iqtisadi böhranın dərinləşdiyi, həm də heç bir xarici yardımlar olmadan görülməsi dövlətimizin qüdrətinin təzahürlərindən biridir. Quruculuq işlərinin aparıldığı yaşayış yerlərində məktəblərin, tibb məntəqələrinin açılması, sənaye parklarının, xəstəxanaların, idman komplekslərinin tikintisi dövlətimizin keçmiş məcburi köçkünlərin təhsilinə, elminə və sağlamlığına verdiyi diqqəti göstərir. Onu da xüsusi qeyd edək ki, görülən bütün işlər Azərbaycanın öz hesabına həyata keçirilir. 2022-ci ildə bu məqsədlə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı. 2023-cü ilin dövlət büdcəsində isə bu vəsait daha 50 milyon manat artırılıb. Prezident İlham Əliyev müşavirədə bununla bağlı dedi: “Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir”.

Dövlət başçısının vurğuladığı kimi, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında Heydər Əliyev Fondu yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir. İndiyədək bu layihələrin bir qismi tam icra olunub. Məsələn, 2021-ci ildə Şuşada dahi Azərbaycan şairi və ictimai xadim Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurulması cəmi bir neçə aya başa çatdırılıb. Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb. Fondun dəstəyi ilə Şuşada Vaqifin büstü və  görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli bərpa olunub. Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksi, «Şirin su» hamamı da Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Azərbaycanın tanınmış tarzəni Sadıqcanın Şuşadakı evinin bərpasını da Fond həyata keçirir. Fondun işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı layihələrin bir qismi də məscidlərin bərpası ilə əlaqəlidir. Hazırda Şuşa məscidləri, həmçinin Ağdam «Cümə» və Zəngilan məscidləri Heydər Əliyev Fondu tərəfindən bərpa edilir.

Sevinc Azadi, “İki sahil”