14 iyul 2023 02:17
347

Ermənistan sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir

Dövlət başçısı İlham Əliyev cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir daha bu reallığı diqqətə çatdırdı ki, dünyada qaydalar tamamilə pozulub,  beynəlxalq hüquqa əməl edilmir

“Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.» Dövlət başçısı İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirdə onu da qeyd etdi ki, son müsbət məqamlardan biri  Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkətin olmasıdır.  Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb: «Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik.»

    Məlumdur ki, Azərbaycan tərəfi tarixi Zəfərimizdən dərhal sonra regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etdi. Azərbaycanın çağırışları sırasında bu mühüm məqam xüsusi qeyd edilir ki, keçmişlə yaşamaq yox, gələcəyə baxmaq lazımdır. Heç şüöbhəsiz xalqımız 30 ildə ermənilərin törətdikləri faciələri, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi heç zaman unutmur və unutmayacaq. 30 il torpaqları işğal altında qalan, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan bunlara rəğmən qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edir. Təbii ki, burada əsas olan bölgədə sabitliyin, sülhün və təhlükəsizliyin yaradılması, Ermənistanla münasibətlərdə yeni səhifənin açılmasıdır. Sülh müqaviləsinin imzalanması, eyni zamanda, kommunikasiyaların açılmasında, yeni əməkdaşlıq formatlarının yaradılmasında öz sözünü deyəcək ki, bu da öz növbəsində birliyin, həmrəyliyin yaradılması ilə regionda sülhü və təhlükəsizliyi möhkəmləndirəcək. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri, eyni zamanda, keçirilən görüşlərdə qəbul edilən qərarlardan irəli gələn vəzifələri  yüksək səviyyədə yerinə yetirib sülh müqaviləsinin tezliklə imzalanmasına səy göstərdiyi halda Ermənistan təxribatları ilə bunun əksinə çalışdığını təsdiqləyir.

Reallıq budur ki, bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm Azərbaycana,  həm də daha çox Ermənistana lazımdır. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu tələbi səsləndirir ki,  sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir: «Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq.»

Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri diplomatik uğurlarında əhəmiyyətli rol oynayır.  Burada söhbət ədalətin və beynəlxalq hüququn yanında olmaq, bütün məsələlərin məhz bu prinsiplər əsasında həllinə nail olmaqdır. Azərbaycan  30 ilik işğal dövründə ən yüksək tribunalardan bəyan etdi ki, ikili standartlara əsaslanan siyasət yolverilməzdir. BMT qətnamələrinin icrası, beynəlxalq hüquq normalarının tətbiqi üçün vahid mexanizm olmalıdır. Baxmayaraq ki, Qarabağ münaqişəsi tarixə qovuşub,  Qarabağ və Şərqi Zəngəzur dirçəliş mərhələsini yaşayır, 30 illik işğal dövrünün reallıqlarını hər an təhlil etmək əsas vəzifə kimi qarşıda dayanır. Əgər əksər dünya gücləri maraqlarını bir kənara qoyub ədaləti və beynəlxalq hüququ müdafiə etsəydilər, Ermənistana BMT qətnamələrinə məhəl qoymadığı üçün sanksiyalar tətbiq etsəydilər münaqişə sülh danışıqları əsasında həllini tapar, müharibə yaşanmazdı.  2020-ci il 27 sentyabr tarixindən əvvəl dövlət başçısı İlham Əliyev BMT Baş Assambleyasının iclasında bu həqiqəti açıqladı ki, Ermənistan yeni ərazilər uğrunda müharibə planı hazırlayır. Bu çağırış təəssüflər olsun ki, bəzi dünya gücləri tərəfindən laqeydliklə qarşılandı. Təbii ki, bu laqeydliyin əsasında Ermənistana dəstəkdən irəli gəlirdi. Bu bəyanatdan çox keçmədi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən atəşə tutmaqla öz çirkin niyyətlərini təsdiqlədilər.

   Təbii ki, bunları qeyd etməyimiz səbəbsiz deyil. Postmünaqişə dövrünün reallıqlarına diqqət yetirdikdə aparılan sülh danışıqlarının dünya gücləri tərəfindən maraqla qarşılanması, hətta bu danışıqlarda vasitəçilik missiyasını yerinə yetirməyə cəhdlər etmələri aydın şəkildə görünür. Sual olunur- Olmazdı ki, bu səylər 30 ilik işğal dövründə göstərilərdi? Müharibənin yaşanması bəzi dünya gücləri üçün bu qədər önəmli idi? Görəsən, ədalətin və beynəlxalq hüququn hakim olduğu dünyada bəzi aparıcı dövlətlər  Azərbaycanın heç zaman işğal ilə barışlmayacağını düşünmək istəmirdilər?  Rəsmi Bakı daim bu bəyanatı səsləndirirdi ki, torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq, torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək. Ən əsası Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Dövlətimizin bu səpkili bəyanatlarını xeyli sayda sadalmaq olar. Amma dünya hüquq prbolemini yaşadığı üçün bu çağırışları düzgün cavablandırmaq istəmədi.

Qeyd etdiklərimiz 30 illik işğal dövrünün reallıqlarının yalnız az bir hissəsidir. Dövlət başçısı İlham Əliyev müşavirədə bir daha bu məqamlara diqqəti yönəldərək bildirdi ki,  dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Demək olar ki, bunu hər gün görürük. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar: «Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də. Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq.»

İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan  bu istiqamətdə çox ciddi addımlar atır. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Atılan addımların fonunda həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq. Müzəffər Ali Baş Komandan bildirir ki,  iki istiqamət üzrə - hərbi potensiala və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq.

Cənab İlham Əliyev müşavirədə ölkə iqtisadiyyatının inkişafının əsas göstəricisi olan büdcəmizə diqqəti yönəldərək bildirdi ki, büdcəmiz rekord həddə çatmışdır.  33 milyard manatdan çoxdur.  Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki,  təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik. Bu gün  büdcəmiz 36 milyard manatdan çoxdur.  Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə,  1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə istiqamətləndirildi.  Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir.

Təbii ki, atılan hər bir addım ölkəmizin dayanıqlı inkişafının, sabitliyin təminatına xidmət edir.  Qarabağ münaqişəsi başa çatsa da Ermənistan təxribatlarından əl çəkmir. Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzə, suverenliyimizə qarşı hər bir təxribatın qarşısını qətiyyətlə alır. «Dəmir yumruq» əməliyyatının ardınca «Qisas», «Qətiyyətli cavab» kimi əməliyyatlar ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu. Ötən ayın 26-da  Qarabağda törədilən təxribat regionda sülhün təminatına qarşı növbəti cəhd oldu. Təxribatın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşləri ərəfəsinə təsadüf etməsi də bir çox məqamların açıqlanmasına yardımçı oldu. Ermənitsan açıq-aşkar təsdiqlədi ki, sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Erməni təxribatı nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına cavab gecikmədi. “Qisas” əməliyyatı bir daha Silahlı Qüvvələrimizin malik olduğu imkanların təqdimatı oldu.

Keçilən yolun təhlili fonunda hazırkı dövrün əsas çağırışı özünü aydın şəkildə büruzə verir. Dünya gücləri sülh müqaviləsinin imzalanması prosesini yaxınlaşdırmaq üçün səylərini artırmalıdırlar. Postmünaqişə dövrünün reallıqları sırasında bu mühüm məqam da diqqətdən kənarda qalmır ki, mütəmadi olaraq əksər dünya güclərinin rəsmilərinin cənab İlham Əliyevə telefon zəngləri diqqətdən kənarda qalmır.   İyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon  zəngi də bunun tərkib hissəsidir. Telefon danışığı əsnasında Antoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə etdi, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirdi. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğuladı. Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd etdi və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirdi. Prezident İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırdı və bu xüsusda araşdırmaların aparıldığını vurğuladı.

Dövlət başçısı İlham Əliyevin bütün danışıqlarında, çağırışlarında bu məqam xüsusi yer tutur ki, sülh müqaviləsinin imzalanması prosesinin tezləşdirilməsi vacibdir və bunun üçün səylər artırılmalıdır.

Yeganə Əliyeva, "İki sahil"