"Sahibkarların hüquqlarının məhkəmə müdafiəsinin effektivliyinin artırılması məqsədi ilə kommersiya məhkəmələrinin yaradılması, kassasiya və apellyasiya instansiyalarında aidiyyəti kollegiyaların təşkili bunun bariz nümunəsidir".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Femida Dialoq Platforması sahibkarlarla görüş" adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müvafiq sahə üzrə daha dərin ixtisaslaşmaya, rayon (şəhər) məhkəmələrinin iş yükünün azalmasına və məhkəmə mübahisələrinə daha effektiv qaydada baxılmasına imkan yaradır.
"Yüksək hüquqi statusu konstitusiya ilə müəyyən edilən Azərbaycanın Ali Məhkəməsi öz növbəsində bu sahədə kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirməklə yanaşı, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, qanunvericiliyin təkmilləşdirilməsinə, bununla da insan hüquq və azadlıqlarının səmərəli təmininə əvəzsiz töhfələrini verir. İstər azad sahibkarlıq hüququnun təmini və sahibkarların pozulmuş hüquqlarının bərpası məsələləri, istərsə də sahibkarlıq fəaliyyəti zamanı insan hüquq və azadlıqlarının müdafiəsi problemləri Ombudsmanın fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir”, - Ombudsman qeyd edib.
S.Əliyeva bildirib ki, müraciətlərin araşdırılması, analitik təhlillər, maarifləndirmə işinin təşkili və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilir: “Ötən dövr ərzində normativ hüquqi akt layihələrinə dair təqdim etdiyimiz bir çox rəy və təkliflər nəzərə alınmışdır ki, bu da müvafiq sahələr üzrə boşluqların aradan qaldırılmasına, funksional və normativ problemlərin həllinə imkan verib”.