Səhər oyanan kimi çoxlarımız bir fincan çay içməyə tələsirik. Tərkibində çoxlu faydalı elementlər olan çay insanı bütün günə kifayət edəcək qədər enerji ilə təmin edir. Aşağıda dünyada kiçikdən böyüyə hamının içdiyi çayla bağlı maraqlı məlumatlarla tanış ola bilərsiniz:
1. Deyilənə görə, ilk dəfə çay təsadüf nəticəsində içilib. Çin mifologiyasına əsasən, eramızdan əvvəl 2737-ci ildə Çin imperatoru Şen-nun ağac altında oturarkən qulluqçusu ona içmək üçün isti su gətirir. Ağacdan bir neçə yarpaq uçub suyun içərisinə düşür və imperator bu içkinin dadına baxmaq qərarına gəlir. Bu dad imperatorun o qədər xoşuna gəlir ki, sonralar ancaq belə içkidən istifadə etməyə qərar verir.
2. Yaşıl çay və qara çay hər ikisi “camellia sinensis” adlı çay ağacının yarpaqlarından hazırlanır. Əsas məsələ yarpaqların emalındadır. Qara çayın istehsalı zamanı yaşıl çay ağacı yarpaqları tamamilə qurudulur, sonra xüsusi maşın-rollerlərdə fırladılır. Bu zaman yarpaqların toxumaları məhv olur və orada bir sıra kimyəvi reaksiyalar baş verir. Nəticədə teaflavin və tearubiqin maddələri yaranır ki, bunlar da qara çaya xarakterik bir dad verir.
Yaşıl çayın isə fermentasiyası pozulmur. Onun hazırlanması zamanı yalnız çay yarpaqlarının nəmi qurudulur. Buna görə də yaşıl çay daha təbii məhsul sayılır.
Bildiyimizə görə çayı yalnız içirlər, amma Avropada çaydan ilk vaxtlar istifadə edilməyə başlanılanda, rəsmi kral qəbulları zamanı ondan salat hazırlayırdılar.
Bir vaxtlar çayı şəkərlə deyil, duz ilə qarışdırıb içirlərmiş.
Çay paketlərinin necə yaranması haqqında da maraqlı faktlar var. İlk dəfə Nyu-Yorklu satıcı Tomas Sallivan çayın metal bankalarda satılmasının baha başa gəldiyini düşünərək, çayı kağız torbalarda satmağa başlayır. Müştərilərdən biri çayı elə paketlə isti suya salaraq normal çay alındığını görür. Çay paketlərinə patent 1903-cü ildə verilib. Çaysevərlərin çoxu hesab edir ki, paketdə olan çayların dadı və faydası daha azdır.
3. Çay ətrafdakı pis qoxuları özünə çəkmək xüsusiyyətinə malikdir. Hətta balıq iyini belə əlinizi çayla yumaqla apara bilərsiniz.
Kiloqramı 1025000 dollara satılan çay var. Bu çay Da Xun Pao adlanır və dünyada ən yaxşı çay hesab olunur. Bu çay Çində yalnız xüsusi bir yerdə yetişdirilir.
Viktorian mənbələrinə görə, 1860-cı illərdə bığ və saqqalın təsadüfən çay fincanına düşməsinin qarşısını almaq üçün xüsusi fincanlar mövcud idi. Həmin dövrlərdə bığ saxlamaq çox dəbdə imiş.
Saçları çay ilə yumaq onları möhkəmləndirir və parlaq edir.
Nubar Süleymanova, “İki sahil”