15 iyul 2023 00:15
419

Lənətə gələsən, kor şeytan

İran rejimi ölkəmizə qarşı asimmetrik müharibə metodları, o cümlədən “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirir

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk gündən etibarən İran tərəfindən riyakar münasibətlə qarşılaşır. Tehran rejimi 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də digər yandan, təcavüzkar Ermənistana açıq-aşkar dəstək verib. Mollakratiya 44 günlük Vətən müharibəsinin bitməsindən sonra isə iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəlməsi, beynəlxalq aləmdə yerini möhkəmlətməsi, Türkiyə ilə strateji müttəfiqliyi, Pakistanla əlaqələrin güclənməsi, İsrail və Böyük Britaniya ilə yaxın münasibətlər qurması kimi olduqca önəmli faktorlar İranın molla rejimini ciddi narahat edir. Digər tərəfdən, Tehran rejimi hələ də xaincəsinə, təxribat yönümlü və məkrli siyasət yürüdərək Azərbaycanı öz tarixi ərazisi hesab edir. Mollakratiya ölkəmizdəki müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu prosesini özünə təhdid sayır.

1990-cı illərin əvvəllərindən etibarən İranın Ermənistana açıq dəstək verməsi, Şuşanın işğalında Tehran rejiminin birbaşa rolunun olması, işğal olunmuş ərazilərdə daşların, dəmirlərin iranlı işbazlar tərəfindən daşınıb aparılması sübuta yetirilib. 44 günlük Vətən müharibəsi zamanı da İran rejimi Azərbaycana qarşı düşmən siyasəti həyata keçirərək öz ərazisindən Ermənistana açıq-aşkar şəkildə silah və yanacaq daşınmasına imkan yaratdı.

Tehran rejimi ölkəmizə qarşı asimmetrik müharibə metodları, o cümlədən “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirir. İqtisadi, siyasi vasitələrlə təzyiq göstərmək, psixoloji təsirlərə məruz qoymaq, diplomatik basqılar etmək, kiberhücumlara baş vurmaq, dezinformasiya yaymaqla qarşıdurmalar yaratmaq sözügedən müharibə taktikasının əsas elementlərindəndir.

Qeyd etmək lazımdır ki, din çox həssas məsələdir. İran hakimiyyəti də Azərbaycanda bu həssas məsələdən çox namərdcəsinə istifadə edib. Molla rejimi ölkəmizdə insanların dinə meyilli olmasından istifadə edir, müəyyən şəxsləri aldatmaqla İranın Qum, Qəzvin, hətta Suriyanın Dəməşq şəhərindəki saxta dini mərkəzlərə oxumaq adı altında aparır. Bu riyakar rejim özünün siyasi-ideoloji təhsilini həmin şəxslərə təlqin edərək onları özününküləşdirir. Bununla Tehran rejimi “İslam respublikası” adından faydalanaraq, bır sıra Azərbaycan vətəndaşının dini inanclarını istismar edib.

Özlərini dindar kimi qələmə verən şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edir. Onlar Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün Tehran rejiminin xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirirlər. Bu səbatsız ünsürlər müxtəlif vaxtlarda insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaratmağa çalışıb, topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.

İran rəhbərliyi bu istiqamətdə fəaliyyətini bu gün də sürətlə davam etdirir və təkcə dini inanclı insanları deyil, həmçinin intellektual bazanı təşkil edəcək şəxsləri də hədəf almağa çalışır. Son vaxtlar ölkəmizdə İrana casusluq edən bəzi radikal dindarların həbs olunması molla rejiminin bu çirkin siyasəti davam etdirdiyini sübut edir.

Azərbaycana qarşı “din pərdəsi” altında şeytani əməllərin törədilməsində İranın xüsusi xidmət orqanları ilə yanaşı, bu düşmən ölkənin dini mərkəzləri də mühüm rol oynayır. Ölkəmizdən İrana, əsasən də Qum şəhərinə təhsil almaq üçün xeyli şəxs gedir. Həmin şəxslər arasında ölkəmizə qayıdanlar və qayıtmayanlar olur. Hazırda təxminən 500 civarında azərbaycanlı tələbənin İranda təhsil alması ehtimal olunur. Onların böyük hissəsi vaxtilə bu qonşu ölkəyə gedib, orada qalıb təhsilini davam etdirir və ya İranda oturub Azərbaycana yönəlmiş təbliğat prosesində fəal iştirak edirlər. Azərbaycana yönəlmiş çirkin təbliğatda ən fəal iştirak edənlər məhz vaxtilə ölkəmizdən İrana gedən tələbələrdir. Bu gün Tehran rejimi öz çirkin təbliğatında Azərbaycana qarşı məhz bu insanlardan istifadə edir. Onların bir hissəsi həm İranın dini mərkəzləri, həm də təhlükəsizlik orqanları tərəfindən qorunur.

Bütün sadalananların yekunu olaraq qeyd edək ki, vətəndaşlarımızın üzərinə də bu məsələdə böyük məsuliyyət düşür. Çünki göründüyü kimi, dövlətçiliyimizə qarşı çıxış edən bu üzdəniraq ünsürlər hansısa maddi maraq qarşılığında hər zaman Azərbaycana qarşı düşmən münasibəti sərgiləyən İrana casusluq edirlər. Bu radikal dindarlar fars-molla rejiminin iyrənc oyunlarını həyata keçirmək üçün hətta insanların dini-mənəvi dəyərləri kimi həssas məsələləri özlərinə alət etməkdən belə çəkinmirlər.

Cavid Əkbərov, “İki sahil”