Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer Kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətlə əlaqədar beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ünvanlayıb.
“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Birləşmiş Millətlər Təşkilatı və bir çox başqa beynəlxalq, regional qurumlar ekoloji problemlərin həllində mühüm rol oynayır: “Onlar Ermənistanın yaratdığı ekoloji problemlərin həllinə dəstək göstərə bilərlər. Biz inanırıq ki, BMT və digər qurumlar ekoloji problemləri həll etmək üçün təsirə məruz qalan ölkələr arasında diplomatik danışıqları və dialoqları asanlaşdıra bilər. Onlar qarşılıqlı faydalı həllərin tapılmasında dialoqu və əməkdaşlığı inkişaf etdirmək üçün vasitəçi kimi çıxış edə, həmçinin beynəlxalq QHT-ləri və region ölkələrindən (Gürcüstan və Azərbaycan QHT-ləri də daxil olmaqla) vətəndaş cəmiyyəti nümayəndələrini cəlb edərək zərərin dərəcəsini və potensial həll yollarını anlamaq üçün ətraf mühitin qiymətləndirilməsini həyata keçirməklə, texniki ekspertiza təklif edə bilərlər. Biz bu təşkilatlara müraciət edirik ki, Ermənistanı mövcud ekoloji konvensiyalara əməl etməyə çağırsınlar. Biz onlardan Ermənistandakı sənaye müəssisələrinin fəaliyyətini izləməklə, beynəlxalq ekoloji normalara riayət olunmasını təmin etmələrini tələb edirik.”

Ç.Ramazanlı vurğuladı ki, Ermənistanın dağ-mədən sənayesində qeyri-şəffaf və hesabatlılığı olmayan, özbaşına olaraq istismar fəaliyyətinin geniş təsir dairəsində davamlı inkişaf üçün yaranmış təhlükə insanlara və ətraf mühitə böyük zərər verir: “Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir, bunun ekoloji təsiri insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturlarına təsir göstərir. Ağır metalların, təhlükəli sənaye tullantılarının, o cümlədən şlaklarla zəngin sənaye sularının Araz çayına axıdılması artıq canlılar aləminə və suvarma üçün bu çayın suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaradır. Bu təhlükəli vəziyyətin həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai, ekoloji və səhiyyə böhranı yarada bildiyini nəzərə alaraq nəinki ölkəmizin ekoaktivləri, eləcə də bu işğalçı dövlətin QHT-ləri sözügedən məsələnin ciddiliyini anlayaraq artıq həyəcan təbili çalmağa başlayıblar.”
Ç.Ramazanlı qeyd etdi ki, işğal dövründə Zod qızıl mədənləri üzrə bütün beynəlxalq konvensiya və qanunları pozan işğalçı ölkənin sanki damağında bir dad qalmışdır: “Cəzasız qalacağını güman edən Ermənistan bu dəfə də dağ-filiz mədənlərindəki özbaşınalıqla, təbiətə və bütün ekosistemə birbaşa ciddi təhlükə olan mis-molibden mədənlərinin istismarı ilə beynəlxalq ictimaiyyatə birbaşa saymazyana münasibət göstərir. Ermənistan BMT-nin bir sıra konvensiyalarının, o cümlədən “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, həmçinin bu nüfuzlu beynəlxalq təşkilatın “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair” Konvensiyanın, həmçinin “Su və sağlamlıq haqqında” Protokolunun, tələblərini pozur.”
Ç.Ramazanlı vurğuladı ki, bu işğalçı dövlət eyni zamanda “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının (Espo Konvensiyasının) tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur: “Ermənistan Qafan dağ-mədən kompleksinin fəaliyyəti nəticəsində yaranan, tərkibində ağır metallar olan mədən tullantılarının transsərhəd çayları olan Oxçuçay və Araz çaylarına axıdılmasına göz yumur. 270 milyon kvadratmetr ərazini əhatə edən və mədən tullantıları hovuzu kimi istifadə olunan Artsevanik su anbarı bütün region üçün ciddi təhlükə yaradır. Bu kimi faktlar çoxdur. Ermənistan Lori bölgəsində Axtala mədənindən ilə təxminən 5 min ton mis və qurğuşun hasil edir ki, bu da yaxınlıqdakı Tona (Debed) çayının çirklənməsinə səbəb olur. Tona çayı daha sonra Kür çayına tökülür. Axtala mədəni 2017-ci ildə Ermənistanın vətəndaş cəmiyyəti, ekoloji fəallarının təzyiqlərinə nəticəsində hökumət tərəfindən ekoloji narahatlıqlara görə bağlanıb, lakin təəssüf ki, o, 2020-ci ildə istismarı bərpa edilib.”
Cavid Əkbərov, “İki sahil”