18 iyul 2023 23:17
529

Əli Kərimli-Cəmil Həsənli cütlüyü yenə özü-özünü ifşa edir

Müharibə və münaqişələr, qlobal istiləşmə, quraqlıq, daşqınlar bəşəriyyəti aclıq, yoxsulluq kimi humanitar fəlakət təhlükəsi ilə üz-üzə qoyub. Bütün bunların fonunda Prezident İlham Əliyev uzaqgörən siyasəti, qeyri-adi əzmkarlığı, iradəsi, dərin zəkası və mahir diplomatiyası ilə Azərbaycan adlı gəmini bu təlatümlü dənizdən peşəkarcasına, necə deyərlər, sakit “okeana” çıxarmağı bacarıb.  

Dövlət başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində hazırda Azərbaycan regionun ən güclü və dinamik inkişaf edən ölkəsinə çevrilib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman ordumuz 2020- ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru təcavüzkar Ermənistanın 30 illik işğalından azad edərək Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Bu gün Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış proqramı uğurla icra olunur.

Təbii ki, bu tarixi Qələbənin təməlində Azərbaycanın ötən müddətdə uğurla həyata keçirdiyi xarici siyasət, ordu quruculuğu, sosial-iqtisadi inkişaf, vətəndaş-iqtidar həmrəyliyi və ölkəmizin regional güc mərkəzinə çevrilməsi siyasəti dayanırdı.

 Azərbaycanın tarixi Zəfəri ilə bitən İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar yaradıb. Məhz bu reallıqların fonunda bu gün respublikamız təkcə regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Məhz bunların, xüsusilə də dünyada gedən proseslərə yeni baxışın praktiki cəhətdən reallaşdırılmasının nəticəsidir ki, ölkəmiz hətta üzv olmadığı beynəlxalq qurumlarda belə öz sözünü deyə bilir.

Şübhəsiz, Azərbaycanın bütün bu uğurları militarist Ermənistanı, onun havadarlarını və ölkəmizdəki radikal müxalifəti çox narahat edir, necə deyərlər, onların kürkünə birə salır. Erməni lobbisinin təsiri altında olan təşkilatlardan maliyyələşən, öz şəxsi ambisiyaları naminə milli maraqları tapdalayan “sapı özümüzdən olan baltalar”- AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli son vaxtlar Azərbaycanın əleyhinə həyasızcasına apardıqları “qara piar” kampaniyasını daha da gücləndiriblər. Heç kimə sirr deyil ki, öz əcnəbi ağalarının sifarişini yerinə yetirən bu marginallar bəzi xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir, ya da məlum anti-Azərbaycan fondlar vasitəsilə ayrı-ayrı dövlətlərin maraqlarını yerinə yetirirlər. Bu xəyanətkarlar və onların trol dəstəsi həmin dairələrdən aldıqları tapşırıqlar əsasında ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxır, sosial şəbəkələrdə, xüsusilə internet TV-lərdə ictimai rəyi çaşdırmaq üçün ölkəmizə durmadan şər-böhtan yağdırırlar.

Ə.Kərimli-C.Həsənli qaragüruhu milli birliyimizə xələl gətirmək, cəmiyyəti çasdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxaraq xəyanətkar fəaliyyətlərinin miqyasını gündən-günə genişləndirirlər. Erməni lobbisinin təsiri altında olan təşkilatların və maliyyə qurumlarının tezislərini icra edən dağıdıcı müxalifətin təmsilçiləri və onların xarici ölkələrdə ki əlaltıları sosial şəbəkələrdə, o cümlədən “You Toube” və “Facebook”da ölkəmizin uğurlarına kölgə salmağa çalışır, yalan informasiyalarla ictimai rəyi çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Təsadüfi deyil ki, bu gün Ermənistan mətbuatı da bu məsələlərlə bağlı bütün potensialını ortaya qoyaraq respublikamızın əleyhinə qarayaxma kampaniyası aparır. Bu isə onu deməyə əsas verir ki, antimilli ünsürlər Azərbaycan əleyhdarları, erməni lobbisi, işğalçı Ermənistanın xüsusi xidmət orqanları tərəfindən idarə olunurlar.

Birmənalı demək olar ki, Əli Kərimli-Cəmil Həsənli cütlüyünün əsas problemi uzunmüddətli antimilli fəaliyyət nəticəsində marginallaşaraq sosiallaşmadan məhrum olmaları və bu üzdən də Azərbaycan cəmiyyətinə adaptasiya oluna bilməmələridir. Antimilli fəaliyyəti ilə özünü cəmiyyətdən təcrid edən, erməni lobbisinin təsirində olan bəzi beynəlxalq təşkilatların sifariş və tapşırıqlarını yerinə yetirən AXCP sədri Ə.Kərimli, “Milli Şura”nın rəhbəri C.Həsənli və onların tör-töküntüləri çirkin əməlləri ilə özlərini çoxdan ifşa ediblər.

Korporativ maraqlar, şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyətini və təəssübünü, mənəviyyatını, həqiqət duyğusunu Azərbaycan əleyhdarlarının beş-on quruşuna satan başda AXCP sədri, xəyanətkar xislətli Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli olmaqla dağıdıcı müxalifətin rüsvayçı şəkildə tarix səhnəsindən silinməsi  qarşısıalınmaz prosesə çevrilib.

Ləyaqətini, milli mənlik və qürur hissini çoxdan itirərək buyruq quluna çevrilən Əli Kərimli indi utanmadan deyir ki, Cəmil Həsənli 2013-cü il prezident seçkilərində xalqımızın əksəriyyətinin səsini qazanıb. Əslində AXCP sədri C.Həsənlinin 2013-cü il seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazandığını deməklə xalqın iradəsini heçə sayır, insanları aldatmağa, ictimai rəyi çaşdırmağa çalışır. Daha sonra qeyd edir ki, “Cəmil Həsənlini əlbəttə ki, xalqımız tanıyır. Ancaq onu yalnız yaxından tanıyanlar bilir ki, C.Həsənli prinsipial siyasi mövqeli ictimai - siyasi xadimdir”.

Buradaca Ə.Kərimliyə bildirmək istərdik ki, cəmiyyətimiz C.Həsənlinin nə yuvanın quşu olduğunu yaxşı bilir. Bir zamanlar Milli Məclisin üzvü olan C.Həsənlinin hansı oyunlardan çıxdığını da vətəndaşlarımız və onun seçiciləri unutmayıblar. Bütün bunların fonunda demək olar ki, Əli Kərimli-Cəmil Həsənli qaragüruhunun əməlləri özünüifşadan başqa bir şey deyil.

Nəhayət, saxta “demokrat” hekayətləri çoxdan bitən, antimilli missiyalarını ləyaqətsizcəsinə davam etdirən, artıq fatihəsi verilən və siyasi meyitə çevrilən Ə.Kərimli-C.Həsənli qaragüruhu çoxdan tükənərək siyasi səhnədən siliniblər. Bu, bir gerçəklikdir. Bu gerçəkliyi gizlətmək və ya inkar etmək faydasızdır.Necə deyərlər, qorxunun əcələ faydası yoxdur…

Zahid Rza, “İki sahil”