Qarabağdakı qeyri-qanuni silahlı erməni dəstələrinin zərərsizləşdirilməsinin vaxtı çatıb
Azərbaycanın növbəti dəfə humanist mövqe nümayiş etdirərək Beynəlxalq Qırmızı Xaç Komitəsinə Qarabağdakı ermənilərə zəruri qida və dərman məhsullarını çatdırmaq üçün Ağdam-Xankəndi marşrutunu təklif etməsi sonuncu Brüssel görüşü zamanı Avropa İttifaqı (Aİ) tərəfindən də dəstəkləndi. Aİ Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş görüşün nəticələri ilə bağlı mətbuata açıqlamasında bildirdi ki, Qarabağdakı əhalinin ehtiyaclarının təmin olunması üçün hər iki tərəfdən – həm Laçın yolu vasitəsilə, həm də Ağdam-Xankəndi marşrutu ilə humanitar yardımların çatdırılmasını dəstəkləyirəm. Aİ-nin Ağdam marşrutunu dəstəkləməsi nəzəri olaraq rəsmi Bakının mövqeyini gücləndirir və Azərbaycan bu marşrutun praktiki olaraq işə düşməsi istiqamətində addımlarını davam etdirəcək.
Bundan əvvəl də Azərbaycan hökuməti Qarabağda yaşayan erməni əsilli vətəndaşların problemlərini həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Ancaq Xankəndidəki qondarma qurumun “rəhbərliyi” erməni icmasının maraqlarının ziddinə davranaraq Azərbaycanın humanist təkliflərini cavabsız qoyub. Həmin vaxt baş separatçı Araik Arutyunyan yalandan hay-küy salaraq “blokada” şousu yaratmağa çalışsa da ümidli idi. Çünki Ermənistanla şərti sərhəddə, Laçın-Xankəndi yolnun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi quraşdırılana qədər Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər vasitəsilə Qarabağa həm ərzaq və tibbi ləvazimat, həm də qeyri-qanuni silahlı dəstələri təmin etmək üçün silah-sursat daşınırdı. Hətta Xankəndidəki ermənilər də sosial şəbəkə paylaşımlarında sülhməramlılarının öz missiyalarına daxil olmayan işlə məğul olduqlarını, müəyyən məbləğ qarşılığında Ermənistandan yükləri Qarabağa daşıdıqlarını etiraf edir, hətta daşınma qiymətlərinin bahalığından gileylənirdilər. Azərbaycan Laçın yoluna nəzarəti bərpa etməsi ilə bütün bu kimi qanunsuzluqlara son qoydu. Ermənistan rəhbərliyinin və Qarabağdakı separatçıların sərhəd-buraxılış məntəqəsinin götürülməsinə nail olmaq üçün bütün cəhdlərinə baxmayaraq Beynəlxalq Ədalət Məhkəməsi də daxil olmaqla, xarici aktorların hamısı Azərbaycanın öz suveren hüquqlarından istifadə haqqını tanımalı oldu. Beləliklə, Ermənistandan Azərbaycana qeyri-qanuni daşımaların qarşısı alındı.
Ağdam-Xankəndi marşrutunun işə düşməsi Qarabağda separatizmə son qoyulması və burada yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesini sürətləndirəcək. Başda Araik Arutyunyan olmaqla qondarma qurumun “lidercikləri” bütün bunları yaxşı başa düşürlər. Odur ki, Azərbaycanın təklifini qəbul etməyəcəklərini bəyan edərək vəziyyəti gərginləşdirməklə sülh danışıqlarında əldə edilmiş irəliləyişlərə mane olmağa, onların təbirincə desək, “dünyanın diqqətini Qarabağa yönəltməyə” çalışırlar.
İyulun 17-də Qarabağdakı ermənilərə müaciət etdikdən sonra “oturaq aksiyaya” qoşulmuş Arutyunyan öz çıxışında yenidən şantaj kartını işə salaraq beynəlxalq ictimaiyyət qarşısında vaxt qoyub. Deyib ki, bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm “artsaxda” (Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsi-red), həm də ondan kənarda daha sərt tədbirlərə əl atacağıq. Araikin bu sözləri separatçıların nə qədər çıxılmaz vəziyyətdə olduğunu göstərir. O yaxşı başa düşür ki, ya Ağdamdan daşımaları qəbul edib Bakıya təslim olmalıdırlar, ya da erməni əhalisi tədricən onların nəzarətindən çıxmağa məcbur olacaq. Ona görə də baş separatçı nə vasitə ilə olursa olsun erməni əhalinin dəstəyini saxlamağa çalışır.
Qarabağdakı qondarma qurumun dırnaqarası “prezidentinin” durumu indi qorxutmaq üçün hürən, eyni zamanda, qorxusundan quyruğunu bulayan itin vəziyyətinə oxşayır. Qarabağda və ondan kənarda “daha sərt addımlar” atmaq deyəndə Araik böyük ehtimalla, 44 günlük Vətən müharibəsi nəticəsində terrorçulardan azad edilmiş ərazilərdə, hazırda ordumuzun dayandığı mövqelərə qarşı təxribatlar törədə biləcəklərinə eyham vurur. Onun sayıqlamalarından separatçıların eskalasiyaya gedəcəkləri aydın görünür. Odur ki, Araikin təkcə bu açıqlaması Azərbaycana mümkün təxribatların qarşısını almaq məqsədilə separatçıların mövqelərini sıradan çıxarmaq hüququ verir. Onsuz da Qarabağdakı qeyri-qanuni silahlı erməni dəstələrinin zərərsizləşdirilməsinin vaxtı çatıb. Öz ərazisində terrorçulara qarşı xüsusi əməliyyat keçirmək də Laçın yolunda sərhəd-buraxılış məntəqəsi təsis etmək kimi Azərbaycanın heç kimin müdaxilə edə bilməyəcəyi hüququdur. Komandolarımız isə hər zaman hazır vəziyyətdə gözləyirlər. Bir həftənin tamamına nə qalıb ki? Cəmi 5 gün...
Mahir Rəsuloğlu, “İki sahil”