18 iyul 2023 19:06
684

Ermənistanın yaratdığı ekoloji problemlər sərhəd tanımır - Qəmzə Yusubova

İşğalçı dövlətin dağ-mədən sənayesi bütün region üçün ciddi eko-təhdid yaradır

Ermənistanın dağ-mədən sənayesində qeyri-şəffaf və hesabatlılığı olmayan, özbaşına olaraq istismar fəaliyyətinin geniş təsir dairəsində davamlı inkişaf üçün yaranmış təhlükə insanlara və ətraf mühitə böyük zərər verir.

Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu gün Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətlə əlaqədar beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) təcili müraciət imzalayıblar: “Belə ki, Ermənistan tərəfindən hava və suyun çirklənməsi nəticəsində insanların həyatı və ətraf mühitlə bağlı çox ciddi bir təhlükə var və bu bizi çox narahat edir. İşğalçı dövlətin dağ-mədən sənayesi nəinki Ermənistan və Azərbaycan, ümumiyyətlə bütün region ciddi eko-təhdid altındadır. Biz düşünürük ki, BMT kimi nüfuzlu bir təşkilat və beynəlxalq ictimaiyyət bizim səsimizə səs verəcək. Ermənistanın heç bir beynəlxalq normalar, eko-standartlar və şəffaflıq təmin edilmədən göstərdiyi fəaliyyət nəticəsində su hövzələrimiz və ətraf mühit üçün çox ciddi problem yaranır. Bu isə insan sağlamlığına mənfi təsir göstərir, ağır xəstəliklər, o cümlədən xərçəng xəstəliyinin yaranmasına səbəb olur.”

Q.Yusubova qeyd etdi ki, ölkəmizdə fəaliyyət göstərən təşkilatlar Arazdəyən kəndində iri metallurgiya zavodunun tikintisinə başladığı dövrdə biz bəyanat imzaladıq: “Bunun ardınca yenə dağ-mədən sənayesi nəticəsində Ermənistanın ətraf mühitə yaratdığı problemlərlə bağlı Ermənistanın baş naziri Paşinyana açıq məktubla müraciət etmişdik. Bütün bu müraciətlərə məhəl qoymayan Ermənistan qanunazidd fəaliyyətini davam etdirir. Biz düşünürük ki, BMT və beynəlxalq ictimaiyyət Ermənistanın ətraf mühitə qarşı törətdiyi eko-terrora dayandırılması üçün müəyyən addımlar atacaqlar. İşğalçı dövlətin dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində su hövzələri, hava çirklənir, biomüxtəliflik məhv olur və bu faktlar bəşəriyyət üçün çox ciddi problemlər yaradacaq. Hər zaman səsləndirdiyim bir fikir var - ekoloji problemlər sərhəd tanımır. Hər hansı ölkənin daxilindəki eko-problemlər həmin sərhəddə bitmir. Hava vasitəsilə, içməli su hövzələri və suvarma suları ilə qonşu ölkələrə keçir və bu faktlar bəşəriyyəti çox narahat edir.”

Q.Yusubova vurğuladı ki, bu ölkənin sənaye müəssisələrinin plansız, nəzarətsiz, heç bir beynəlxalq standartlara uyğun olmayan fəaliyyəti nəticəsində insan sağlamlığına və təhlükəsizliyinə, ekosistemə, yəni havaya, suya və torpağa çox mənfi təsir göstərir: “Bu tullantılar Ermənistanda Həkəri çayından Oxçuçayı vasitəsilə Araz çayına axıdılır. Araz çayı isə Azərbaycanda suvarma suyu kimi istifadə edildiyindən geniş təsərrüfatlara çox ciddi təhdid yaradır. İçməli su təchizatlarına dəyən ziyan isə həmçinin birbaşa yoluxucu xəstəliklərə səbəb olur. Bu isə Ermənistanda və Azərbaycanda, ümumilikdə isə regionda ciddi ictimai böhran yarada bilər. Hazırda Ermənistan Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üçün çox böyük qrantlar alır. Biz Avropa İttifaqına müraciət edərək bildirmək istəyirik ki, həmin qrantlarla həyata keçirilən layihələrdə eko-tarazlığın pozulmasına, canlı təbiətin məhv edilməsinə deyil, təyinatı üzrə istifadəsini təmin etsinlər.”

Q.Yusubova vurğuladı ki, Ermənistan tərəfdaş olduğu BMT-nin bir çox konvensiyalarının tələblərini məhəl qoymaraq onların prinsiplərini kobudcasına pozur: “Müraciət etdiyimiz təşkilatlar ekoloji problemlərin həllində mühüm rol oynayırlar. Bildirdik ki, Ermənistanı mövcud eko-konvensiyalara əməl etməyə çağırsınlar və buna ciddi nəzarət etsinlər. Biz müraciətdə bir çox sübutlar və faktlar sadalamışıq. Orada qeyd etdiyimiz sənaye müəssisələrinin çirkab suları eyni zamanda suda yaşayan canlı aləmə də ciddi mənfi təsir göstərir. Hazırda Ermənistan Arazdəyən kəndində metallurgiya zavodunun tikintisini həyata keçirir. Ümumiyyətlə, bu işğalçı dövlət eko-cinayətləri törətməklə Dayanıqlı İnkişaf Məqsədlərini də ciddi şəkildə pozur. Biz BMT-ni və digər beynəlxalq qrurmları, regional təşkilatları Ermənistanın davam etdirdiyi ekosidə son qoyulması üçün çağırış etməyə, bu cinayəti dayandırmağa çağırırıq. Bu məsələdə regionu həmin təhdidlərdən qorumağa dəvət edirik.”  

Cavid Əkbərov, “İki sahil”