19 iyul 2023 00:57
403

Mayası xəyanətlə yoğrulan satqınlar

Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il erməni işğalında olmuş torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Azərbaycan xalqı Zəfər sevincini yaşasa da bir ovuc radikalın cəmləşdiyi AXCP, “Milli Şura” kimi antimilli qüvvələr yuvası xalqın sevincinə şərik olmadı.

Bəli, antimilli mövqeləri ilə xalq arasında özlərini rəzil duruma salan AXCP sədri Əli Kərimli, qondarma “Milli Şura”nın rəhbəri Cəmil Həsənli kimilər və onların havadarları tarixi Qələbəmizi həzm edə bilmirlər.  Onların bu mövqeyi heç də təsadüfi deyil. Bu azmış kimi antimilli ünsürlər erməni lobbisinin sifarişləri əsasında Azərbaycanın hərbi və diplomatik qələbələrinə kölgə salmağa uğursuz cəhdlər göstərərək özlərini biabır edirlər.  Tutduğu antimilli mövqeyi ilə xalqın nifrətini qazanan Əli Kərimli milli maraqlarımızın əleyhinə fəaliyyət göstərməkdən sanki həzz alır. Ölkəni sevən şəxs heç “Gərək canlı qüvvə itkisi bahasına  olsa da Xankəndiyə hərbi yürüş təşkil olunaydı” və yaxud “Qaragöl istiqamətində mövqelərin möhkəmləndirilməsi Azərbaycanın xeyrinə olmayacaq” kimi milli ruhu sarsıtmağa xidmət edən açıqlamalar verərmi? Və yaxud qondarma “Milli Şura”nın üzvü Tofiq Yaqublunun “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır” deməsi onun  Xocalı qatilləri koçaryanlardan, sarkisyanlardan geri qalmadığını təsdiqləyir.  Cəmil Həsənli də antimilli mövqe baxımından onlardan geri qalmır. Gah ABŞ-da, gah da İngiltərədə oturub Azərbaycanın əleyhinə cəfəng iddialar irəli sürür, şər və böhtanlar səsləndirir.

Bir müddət əvvəl Brüsseldə keçirilmiş üçtərəfli görüşün ardınca sülh danışıqlarında irəliləyişin olmasına dair Avropa İttifaqı Şurası rəsmisi tərəfindən açıqlama verildikdən sonra Cəmil Həsənli dərhal “youtube” kanalına çıxaraq “Milli Şura” adından beynəlxalq birliyi insan hüquqları mövzusunda rəsmi Bakıya qarşı daha tələbkar olmağa çağırır. Üstəlik, bu çıxış Ermənistandakı revanşist qüvvələrin Azərbaycana qarşı ritorikanı gücləndirdiyi vaxta təsadüf edir. Eyni zamanda, Ermənistanın mina terrorunun beynəlxalq müstəvidə gündəmə gətirildiyi bir vaxtda Cəmil Həsənli dərhal “insan hüquqları”ndan danışaraq Azərbaycan əleyhinə rəy formalaşdırmağa çalışır. Hansı ki, bu adamın bircə dəfə də olsun mina xəritələrinin Azərbaycana verilməsi, erməni vandalizmi və digər məsələlərlə əlaqədar beynəlxalq aləmə müraciət etdiyinin şahidi olmamışıq.  Axı bu da insan hüquqları məsələsidir. Aydındır ki, C.Həsənli indiyədək böhtan xarakterli, erməni mənbələrinə istinad olunan məlumatları Azərbaycan cəmiyyətinə sırımaqla məşğul olub. Xalqımız bunu da başa düşür ki, Cəmil Həsənli bu dövlətdən, bu xalqdan acıq çıxır.

Ə.Kərimli isə demək olar ki, hər gün “YouTube” kanallarında efirə çıxaraq Azərbaycan xalqına qarşı aşağılayıcı ifadələr səsləndirir. Gah "Siyasi partiyalar haqqında" Qanunu hədəf seçir, gah da parlament üzvlərinə qarşı ittihamlar irəli sürür. Əslində bu antimilli ünsürün yeganə məqsədi Azərbaycanın Zəfərinə özünəməxsus şəkildə kölgə salmaqdır. Bu isə onun erməni lobbisindən xüsusi tapşırıqlar aldığını təsdiqləyir.

Antimilli cəbhədə yer alan bu adamlar öz çirkin əməlləri, anti-Azərbaycan fəaliyyətləri ilə istənilən an ölkəmizə, xalqımıza xəyanət etməyə hazır olduqlarını dəfələrlə sübuta yetiriblər. Xalqımız son 30 ildə onların öz mənafeləri, şəxsi ambisiyaları naminə tərəddüd etmədən milli maraqlarımıza xəyanət etdiklərinin şahidi olub.

Anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən, erməni lobbisinin təsiri altında olan təşkilatların və maliyyə qurumlarının məkrli tapşırıqlarını canla-başla icra edən radikal müxalifətin təmsilçilərindən olan AXCP sədri Əli Kərimli, “Milli Şura” rəhbəri Cəmil Həsənli, onların marionetkaları olan Tofiq Yaqublu, Fuad Qəhrəmanlı və bu tiplərin xarici ölkələrdəki əlaltıları hər vəchlə ölkəmizin uğurlarına kölgə salmağa çalışır, yalan informasiyalarla, əsassız iddialarla ictimai rəyi çaşdırmaq üçün min bir hoqqadan çıxırlar.

Bu marginallar öz şəxsi ambisiyaları naminə milli maraq və mənafeləri heçə sayaraq respublikamızda sabitliyi, təhlükəsizliyi hədəf seçən çağırışlar edir, insanları qeyri-qanuni hərəkətlərə sövq etməyə çalışır, qanunsuz addımları dəstəkləyirlər. Bəzi vətəndaşların qanunları pozmasına haqq qazandırmağa çalışır, Azərbaycan polisini məqsədli şəkildə hədəfə çevirmək üçün ən çirkin vasitələrdən istifadə edirlər.

Əli Kərimli sosial şəbəkələrdə insanlara "Sizcə Azərbaycan əhalisinin neçə faizi özünü vətənpərvər sayır?" ,- deyə sual ünvanlayır. Üstəlik, sətiraltı ifadələrlə, yaxud mətnaltı formada Azərbaycan xalqının milliliyini şübhə altına almağa çalışır.

Daha da irəliyə gedərək "Vətənpərvərlik, milli maraqları öndə tutmaq icazəli yox, içdən gəlməlidir. Tapşırıqla yox, qəlbin hökmü ilə edilməlidir" ,-deyə xalqa "ağıl verməyə", "yol göstərməyə" çalışır.

O, nə demək istəyir?

Belə görünür ki, xalqın Əli Kərimli kimi antimilli ünsürləri tarixin zibilliyinə atmasına və ciddəyə almamasına görə acıqlı və qıcıqlıdır. Onun zərərli və qanunsuz çağırışları cəmiyyət tərəfindən rədd edildiyinə görə Azərbaycan xalqını "vətənpərvər olmamaqda" ittiham edir? O Əli Kərimli ki, ölkəmizin əleyhinə mövqe tutan Makronun az qala Azərbaycandakı “sözçüsü” kimi çıxış edir.

Yada salaq. Makron nə demişdi?  “Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmayan ərazidir. Azərbaycan çoxsaylı insan ölümü ilə nəticələnən dəhşətli müharibəyə start verdi və bu ərazinin böyük hissəsini ələ keçirdi”.

“Biz erməniləri heç vaxt tərk etməmişik və heç vaxt tərk etməyəcəyik” deyən Makron müsahibəsində Azərbaycanı “hərbi cinayətlərdə” ittiham edir, Ermənistanı açıq şəkildə müdafiə edir.

Əli Kərimli isə dərhal Makronun müdafiəsinə qalxdı. Niyə? Çünki hədəf Azərbaycan və onun maraqlarıdırsa, Əli Kərimli həmin cəbhədə yer alacaq.

Şübhəsiz ki, AXCP sədri Əli Kərimli kimi satqınların xaricdəki havadarları olan anti-Azərbaycan dairələr unudurlar ki, bu ünsürlərin xalqımıza, dövlətimizə qarşı olan məkrli planları heç vaxt baş tutmayacaq. Mayası xəyanətlə yoğrulmuş bu satqınlar dərk etməlidirlər ki, Azərbaycanın siyasi səhnəsində onlara yer yoxdur!

Əvvəla, başda Ə.Kərimli, C. Həsənli olmaqla məlum antimilli düşərgənin sosial şəbəkələrdəki çıxışları və ritorikaları açıq şəkildə göstərir ki, bu xəyanətkarlar erməni lobbisinin təsiri altında olan xarici təşkilatlardan Azərbaycanın əleyhinə yönəlik yeni tezislər, təlimat, tapşırıq və ianələr alıblar. Bütün bunlar bir daha deməyə əsas verir ki, cəmiyyətimizin birmənalı şəkildə rədd etdiyi bu başıpozuq dəstənin şəxsi mənafe, hakimiyyət, vəzifə naminə ermənilərlə, eləcə də Azərbaycanın xaricdəki ən qatı əleyhdarları ilə gizli işbirliyinə gedərək ölkəmizin, xalqımızın əleyhinə yönəlik ən təhlükəli layihələrin icraçısı rolunu oynamağa hazırdırlar. Ancaq bu kölə xislətli, satqın, xəyanətkar ünsürlər, ruh düşkünlüyü, depressiya, ümidsizlik içində çabalayan, mənəvi-əxlaqi deqredasiyaya uğrayan marginallar bilməlidirlər ki, ölkəmizin əleyhinə yönəlik öz çirkin niyyətlərini heç vaxt həyata keçirə bilməyəcəklər. Çünki bu gün öz güclü, qətiyyətli, vətənpərvər lideri ətrafında daha sıx, monolit şəkildə, dəmir yumruq kimi birləşən xalqımız buna heç zaman imkan verməyəcək.

Nigar Orucova, “İki sahil”