27 noyabr 2020 17:49
6991

44 günlük Vətən müharibəsi: müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolu

Tarixi vərəqləyəndə şahidi olursan ki, heç bir müharibə qansız, itkisiz, şəhidsiz və itkinsiz keçməyib. Eramızdan əvvəlki və eramızdakı bütün dövlətlərin hərb tarixi müharibələr, dağıntılar, insan ölümü, faciələrlə müşayiət olunur. Xüsusilə də, müharibə Vətən uğrunda olanda, işğalçıya qarşı savaşanda daha fərqli olur. Qədim Spartada bir ana övladını müharibəyə göndərərkən deyərdi ki, “Ya qalxanınla, ya da qalxanın üzərində qayıt”. İkinci Dünya Müharibəsində də insanlar “Hhər şey Vətən üçün”, “Hər şey cəbhə üçün”, “Vətən naminə” deyərdilər. Yəni, tarix bu misallar üzərindən onu göstərir ki, doğma torpaq, Vətən uğrunda canını fəda edib şəhidlik zirvəsinə yüksəlmək, öz adını xalqın tarixi yaddaşına həkk etmək, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəmək, qəhrəmanlıq nümunəsi yaratmaq, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq hər bir insanın arzusu olub və bu, bu gün də belədir.

Sentyabrın 27-dən başlanmış Vətən müharibəsi də uzun dövlətçilik və hərb tarixi olan Azərbaycan xalqı üçün fərqli oldu. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Elə bir məclis, tədbir, hətta yas, toy göstərmək mümkün deyil ki, orada torpaqlarımızın azad olunması, işğaldan xilas edilməsi istəyi dəfələrlə qeyd edilməsin. Və çox sevindirici haldır ki, artıq bütün işğal altında olan torpaqlarımız azad olunub, Qarabağ Azərbaycanındır!

Bəli, şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz oldu. Lakin Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini necə uca tutduğunu, onlarla fəxr etdiyini nümayiş etdirdi. Şəhidlərimiz də, yaralılarımız da bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildi. Məhz, onların sayəsində 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə qayıtdıq, Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Doğrudur, döyüşlər mürəkkəb coğrafi şəraitdə, relyefdə baş versə də, Ermənistan uzun illər işğal etdiyi ərazilərdə müdafiə səddləri qursa da, istahkamlar inşa etsə də, rəşadətli Azərbaycan ordusu xalqına tarixi qələbəni qazandırdı. Azərbaycan Ordusu ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın nümunəsini ortaya qoydu.

Əlbəttə ki, bu tipli hərbi əməliyyatlarda hücumda olan tərəfin həm texnika, həm də canlı qüvvə baxımından böyük itkilər verməsi mütləq şərt hesab olunur. Çünki Birinci Qarabağ müharibəsində döyüşlərdə 15-20 min insan həlak olduğunu dəqiq bilirik. Ona görə də, ayrı-ayrı vaxtlarda düşmənin müdafiə səddini yararaq torpaqların işğaldan azad olunması məqsədilə həyata keçirilən əməliyyatlar zamanı Azərbaycan tərəfinin canlı qüvvədə 15 min, hətta 20 min nəfər itki verəcəyi barədə proqnozlar real qəbul edilirdi. Eyni zamanda, SSRİ-Əfqanıstan, ABŞ-Vetnam müharibələrii, NATO qüvvələrinin Əfqanıstan və İraqda, Rusiyanın Çeçenistanda keçirdiyi antiterror əməliyyatları və digər müharibələrin təcrübəsi də böyük sayda insan itkisinin olacağını deməyə əsas yaradırdı. Həmçinin hərbi əməliyyatların intensivliyi və 44 gün ərzində ərazilərimizin işğaldan azad edilməsi amili də nəzərə alınmalıdır. Çünki qarşıya qoyulan vəzifələrin belə qısa müddət ərzində icrası itkilərsiz mümkün olmazdı.

Bütün deyilənlərin fonunda bu gün Ermənistan mediasının 2-3 minlik itkidən danışması gülünc görünür. Elə təkcə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videolarda dronların atəşləri nəticəsində məhv edilən düşmənlərin sayı 2-3 mindir. Bəs, meşələrin dərinliklərində, dağlarda gedən döyüşlərdə məhv edilənlər, partlayışlar nəticəsində param-parça olanlar, muzdlular? Ümumilikdə, götürdükdə Ermənistanın itkisi ən azı  10 min nəfər civarındadır, bəlkə də çox. Bunu beynəlxalq ekspertlər də təsdiqləyirlər...

Hazırda intensiv döyüşlər zamanı cəbhənin dərinliyində şəhid olmuş, itkin, partlayış nəticəsində tanınmaz vəziyyətə düşmüş hərbçilərimizin axtarışı həyata keçirilməkdədir. Müharibədə əzizləri itkin düşmüş, cəsədləri tanınmaz hala düşmüş vətəndaşlarımızın da, nə qədər çətin olsa belə, vəziyyətə anlaşıqlı yanaşması, səbr və təmkin nümayiş etdirməsi arzu olunur. Hər bir kəs əmin olsun ki, Azərbaycan dövləti onların tapılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı bütün mümkün işləri görür. Eyni zamanda, şəhidlərin, yaralıların, itkin düşənləri ailələri də dövlətin diqqəti mərkəzindədir, onlara bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir və keçiriləcək.

Heç şübhəsiz, aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq. İndiki zamanda isə sadəcə çətin də olsa, səbr nümayiş etdirək, acımızı öz aramızda bölüşək, düşmənlərimizi sevindirməyək.

Ramil Vəlibəyov,

YAP-ın Sosial media qrupunun rəhbəri