Gültəkin Hacıbəylinin sərgüzəştləri silsiləsindən
Şər-böhtan yuvası olan qondarma “Milli Şura” və oraya toplaşaraq özlərini “demokratik qüvvələr” adlandıranların bir çoxu danışanda ağızlarına “çullu dovşan” sığmır. Qərəzli, qeyri-obyektiv şəkildə hakimiyyəti, iqtidar komandasını tənqid edən, onların ünvanına əsassız ittihamlar səsləndirən bu antimilli ünsürlərin qaragüruhçu olduqları hər kəsə məlumdur. Belələrinə ən bariz nümunə kimi sabiq deputat, bütün siyasi partiyaları budaq-budaq gəzib, nəhayət “Milli Şura”da özünə lövbər salan Gültəkin Hacıbəylini göstərmək olar. Bu “şər şura”sının Koordinasiya Şurasının üzvü olan və özünü fəxrlə Azərbaycanın qadın siyasətçilərinin Ledi Qaqası adlandıran madam artıq ikiüzlülüyün, riyakarlığın rəmzinə çevrilib. Ona görə ki, G.Hacıbəyli sinəsində Azərbaycan bayraqlı deputat nişanı, millət vəkili mandatı daşıyanda, müəyyən səlahiyyət sahibi olanda, lüks avtomobillərdə gəzərək şəhərin mərkəzindəki bahalı mənzillərdə yaşayanda müxalifətçi olmaq heç ağlının ucundan da keçmirdi. Lakin elə ki, deputat mandatı əlindən çıxdı, çönüb oldu müxalifətçi, dünənə kimi tərifini göylərə qaldırdığı hakimiyyətin ən sərt tənqidçisi, daha doğrusu qatı düşməni.
Buna qədər isə o, bir qədər əvvəl xatırlatdığımız kimi, dövlətin imtiyazından, deputat kimi ona yaradılan imkanlardan gen-bol sui-istifadə edir, “Mən salim olum, cümlə cahan batsa da batsın” prinsipi ilə həyatını yaşayırdı. Amma sadəcə öz həyatını yaşasaydı nə vardı ki? G.Hacıbəyli imkanlardan sui-istifadə edib başqalarının, ən doğmalarının, o cümlədən öz ailə üzvlərinin həyatını qaraltmaqla da məşğul idi. Yəni, “Burada mənəm, Bağdadda kor xəlifə” deyib uşağının atasının, ağbirçək qayınanasının başına olmazın oyun açırdı. Hansı ki, bütün bunları onun sabiq həyat yoldaşı Mahmud Mehdiyev vaxtilə mətbuat konfransı keçirib mediaya açıqlamışdı. Qeyd etmişdi ki, G.Hacıbəyli deputat olduğu müddətdə öz vəzifə səlahiyyətlərindən yararlanaraq ona və ailə üzvlərinə qarşı böyük haqsızlıqlar edib.
M.Mehdiyev demişdi ki, uzun illər bu dövlətin çörəyini yeyən, sonradan əqidəsini 180 dərəcə dəyişən, Vətəninə, dövlətinə arxa çevirən şəxsin hərəkətlərinin bir adı var - nankorluq. Onu da demişdi ki, mələk donu geyən G.Hacıbəyli deputat mandatı daşıyarkən saxtakarlıqla məşğul olub, qanunsuz sərvətlər toplayıb, yüzlərlə vətəndaşın hüquqlarını ən müxtəlif vasitələrlə pozub.
Onu da xatırlatmaq yerinə düşər ki, özünü çağdaş Azərbaycan siyasətinin Ledi Qaqası adlandıran Hacıbəyli öz səlahiyyətlərindən, imkanlarından yararlanıb doğma övladını da atasının üzünə həsrət qoyub. Boşandıqdan dərhal sonra keçmiş həyat yoldaşı M.Mehdiyevi atalıq hüququndan da məhrum etdirib, imkan verməyib ki, ata öz oğlu ilə görüşsün. Oğlunun öz doğma atası ilə görüşməsinə 9 il qadağa qoydurub. Ona görə də, M.Mehdiyev bu hüququndan istifadə etmək, övladını görə bilmək üçün məhkəmələrə müraciət edib. Nəticədə Nəsimi Rayon Məhkəməsi 2013-cü ildə bu ədalətsizliyi aradan qaldırıb və M.Mehdiyevin atalıq hüququnu bərpa edib. O zaman cəbhəsini dəyişərək dağıdıcı müxalifət düşərgəsində lövbər salan xanım Hacıbəyli məhkəmənin bu qərarını da siyasiləşdirməyə çalışıb, guya 9 yaşlı oğlunun ondan alınaraq atasına verilməsi, ananın övladının üzünə həsrət qalması barədə yalan məlumatlar yayıb, ictimaiyyəti aldadaraq şəxsi həyatı ətrafında iyrənc şou düzəldib.
Bütün bu sadaladıqlarımız və sadalaya bilmədiklərimiz “Azərbaycanın Ledi Qaqası”nın əsl mahiyyətini olduğu kimi üzə çıxarır. Onun necə saxtakar, ikiüzlü, yalan danışmaqda, ona-buna çamur atmaqda mahir olduğunu, nümayiş etdirir. Şəxsi həyatını gündəmə gətirərək siyasi şouya çevirən, həyat yoldaşının, qayınanasının başına olmazın oyunlar açan, doğma övladını atasının üzünə həsrət qoyduran Hacıbəyli indi özünü Azərbaycan cəmiyyətinə mələk simasında təqdim etmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır. Elə bilir ki, yağış yağıb keçmiş əməllərini və fitnə-fəsadlarını yuyub aparıb. Atalar “haqq nazilər, amma üzülməz” deyib. Ona görə də G.Hacıbəyli deputat mandatı daşıdığı illərdə törətdiyi qanunsuz əməllərin, yol verdiyi günahların bədəlini zaman-zaman ödəyir.
Həyat yoldaşı və oğlu ilə bağlı məlum məhkəmə qərarlarının ardınca, o, vaxtilə müflisləşdirdiyi qayınanası Nəhayət Məmmədovanın da haqlı davasından qaça bilməyib. Belə ki, S.Vurğun küçəsi ev 92A ünvanında yerləşən 12 saylı mənzillə bağlı məsələyə də aydınlıq gətirilib. Söhbət G.Hacıbəylinin hələ ərdə olan zaman qayınanasından, evini təmir etdirmək, mebel almaq üçün 50 min dollar borc almasından və qaytarmamasından gedir. Buna görə qayınana N.Məmmədova məhkəməyə müraciət edib. Məhkəmə sabiq deputata məxsus iki bahalı avtomobilə - 10-VU-003 və 10-KV-003 dövlət nömrə nişanlı “Lexus LX 570”, “Toyota Avalon” avtomobillərinə N.Məmmədovanın vəsatəti əsasında həbs qoyub. Beləliklə də mövqeyini və cəbhəsini tez-tez dəyişən G.Hacıbəyli daha bir qanunsuz əməlinin bədəlini ödəyib.
Sözsüz ki, hər bir insanın ən güclü cəhəti onun mövqeyi və əqidəsidir. Bir vaxt hakimiyyətin şəninə təriflər yağdıran madam Gültəkinin indi dövlət əleyhinə “alovlu” çıxışları təbii ki, onun mövqesizliyini, eləcə də əqidəsizliyini sübut edir. Hakimiyyət haqqında “Siyasi məhbus”ların azadlığı və demokratik islahatlar tələbini rədd edənlər...” yazan xanım Hacıbəyli, illər öncə ölkədə “siyasi məhbus”un olmadığını parlamentdə, hətta Avropanın ən mötəbər qurumlarının tribunalarından gur səslə bəyan edirdi. Milli Məclisdə və AŞPA-da çıxışları zamanı “Cinayətkarların “siyasi məhbus” kimi təqdim olunmasını görürük ki, bu da insan hüquqlarının qorunmasına ciddi zərbədir”, - deyə bildirməsi nəinki yaddaşlardan, hətta internet resurslarından da silinməyib.
Gültəkin Hacıbəyli hələ 44 günlük müharibədən əvvəl - Tovuz döyüşləri ərəfəsində əlində heç bir dəlil-sübut olmadan abırsızcasına “Youtube” kanallarından birində demişdi: “Azərbaycan Ordusu yararsız silahlarla təmin olunub.” Bu antimilli ünsürlərin müharibə şəraitində olan Azərbaycan ordusunda təchizatın aşağı səviyyədə olduğunu iddia etməsi, silahların yararsız və orduda fərariliyə meyilliliyin olması haqqında yalanlar uydurması cəmiyyətdə böyük ikrah hissi, qəzəb doğuraraq birbaşa düşmən tərəfə ötürülmüş informasiya kimi dəyərləndirildi. Bundan qısa müddət sonra Gültəkinin əsassız fikirlərinin ağ yalan olduğu üzə çıxdı. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımıza düşmən kəsilmiş qüvvələrə, həmçinin onların Azərbaycandakı uzantılarına ciddi mesaj oldu.
Zəfərimizdən az sonra Hacıbəylinin daha böyük həyasızlıq edərək “Azərbaycan elə də ciddi uğur əldə etməyib” kimi səviyyəsiz və gülünc ifadəsi də yaddaşlardan silinməyib. Bütün dünyanın, o cümlədən hətta NATO ölkələrinin də İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsini müzakirə etdiyi, ordumuzun bu tarixi Zəfərindən heyrətə gəldiyi bir vaxtda Gültəkin kimi erməni dəyirmanına su tökən antimilli ünsürlərin tarixi Qələbəmizi kiçiltmək cəhdlərinin yalnız bir adı var – Vətənə, xalqa, dövlətə xəyanət! Ümumiyyətlə, antimilli düşərgədə lövbər salan gültəkinlərin, əlilərin, cəmillərin, tofiqlərin xəyanətkar əməllərini bir qəzet yazısına sığışdırmaq qeyri-mümkündür.
Təbii ki, bu gün ölkəmizdəki sabitliyin, xalq-iqtidar birliyinin pozulması hacıbəyliləri maliyyələşdirən xarici anti-Azərbaycan dairələrinə hava və su kimi lazımdır. Amma, ancaq və lakin farslar demiş, çifayda! Madam Hacıbəyli isə xarici kəşfiyyatın əlaltısı olmağa üstünlük verir, ölkədəki bu sabitliyi öz maddi maraqları və ambisiyaları naminə pozmağa cəhd edir. Madam Gültəkin və antimilli düşərgədəki dağıdıcılar əmin olsunlar ki, xalqımız heç vaxt ölkəmizdəki sabitliyin təhlükə altında olmasına izn verməyəcək. Azərbaycanda xalq-iqtidar birliyi möhkəm və sarsılmazdır.
Cavid Əkbərov, “İki sahil”
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib