21 iyul 2023 23:47
638

Qeydiyyatdan keçə bilməyən AXCP-də daxili qarşıdurma şiddətlənib

Əli Kərimlinin süquta uğrayan “ana müxalifət” arzusu can verir

Yaratdığı avtoritar rejim, dini-radikal ünsürlərlə münasibətləri,  ermənilərə dəstəyi səbəbindən partiya üzvlərini itirən  AXCP sədrinin yalqızlıq ariyasına  qoşulan yoxdur

 Guya  fanatı, ideoloqu  hesab etdiyi  sabiq Prezident Əbülfəz Elçibəyi aradan götürdükdən sonra özünü «ana müxalifət»in lideri kimi tanıtmaq üçün əzəli rəqibi Müsavat Partiyasına  «saman altından su yeritmək» prinsipinə uyğun  pərdəarxası cəbhə açan AXCP sədri Əli Kərimli «siyasi platformada» imic qazanmaq üçün  mübarizənin formatı kimi istiqamətlərini də  dəyişir, ittihamlar jarqonlarla əvəz olunur. Xüsusilə sosial şəbəkələrdə hiss olunan yazışmalarda illərdən bəri bağlı qalan sandıqlar açılır,  tökülən pambıqla  baş kəsmə yarışı getdikcə şiddətlənir.  Özlərini dost kimi göstərməyə çalışsalar, da  əslində  birinin digərinə qarşı düşmən münasibətləri daha da kəskinləşən,  partiyalararası münaqişələrin yaranmasında xüsusi təcrübəsi olan Əli Kərimlinin gizlində  apardığı kələklərin üstü açılır, qərəzli mətləblər aşkarlanır.  Düşərgədə baş verən parçalanmalar səbəbindən  müxtəlif cəbhələrin yaranmasının bilavasitə  səbəbkarının Əli Kərimli olduğu aşkarlanır.  Beləcə xeyli  qranta  sahib olmaq naminə ermənizm ideyalarını təbliğ edən, «Babam mənə kor deyib, gəlib-gedənə vur deyib!» məsəlini  «siyasi fəaliyyətinin» emblemi kimi əlində bayraq edərək bütün qrantalara sahib olmaq niyyətini həyata keçirmək üçün hər alçaqlığa,  şantajlara əl atan Əli Kərimli dövrünün qürub çağı başlayır.

Ölkədə sabitliyin yaranması üçün bir neçə dəfə təşkil olunan iqtidar-müxalifət dialoqunda iştirakdan imtina etməklə xarici mənbələrdən ayrılan  qrantları itirməkdən qorxan  Əli Kərimli və onun komandası  dövlətin müstəqil mətbuatın inkişafına göstərdiyi qayğıya   kölgə salmaq üçün də  sadiq qaldığı «qaralama» vərdişlərini işə salmağa fürsət axtarırmış kimi  böhtanlarını kərimlisayaq  yağdırır.

 Əli Kərimlinin maliyyə məsələsində necə böyük məharət sahibi olduğunu tək partiya üzvləri  deyil, düşərgədəkilər , eyni zamanda, bütün ictimaiyyət bilir. «Milli Şura» yaranarkən hər vasitə ilə  Müsavatı oradan uzaqlaşdırmağı  bacaran Əli Kərimli təşkilatın  oyuncaq sədri  Cəmil Həsənlinin səlahiyyətlərinə də yiyələnərək xaricdən gələn qrantların «əridilməsinə» nəzarəti  öz üzərinə götürməyi bacardı. Hazırda ölü təşkilata çevrilən  «Milli Şura» Əli Kərimlinin diktəsi ilə idarə olunur və  «haqq-hesab dəftəri»nə nəzarət bilavasitə «islahatçı sədr»ə  məxsusdur.    

 Xarici dairələrin formalaşdırdıqları «beşinci kolon»a   da  rəhbərliy də ələ alan  bu zatın AXCP-də yaratdığı avtoritar  rejimdən, fərdi rəhbərlik metodundan, radikal dini qruplaşmalarla əməkdaşlıq kimi çirkin niyyətlərindən bezib, yorulan partiya üzvlərinin çoxu  Əli Kərimlidən uzaqlaşırlar. Beləcə partiyadaxili demokratiyanın olmamasından narazılıqlarını AXCP-dən istefa verməklə bildirən üzvlər Əli Kərimliyə «Bir həsir, bir Məmmədnəsir» taleyini yaşadırlar.
  SOROS fondundan  aldığı  dollarları Londonda  keyf çəkən oğlu  Türkel Kərimlinin şəxsi ehtiyaclarının ödənilməsinə yönəldən, tərəfdarlarının sayını qohumlarının hesabına «pripiska» edən Əli Kərimlinin  « artan üzvlük haqqı əməliyyatı»nın da əsasında xarici ölkələrdən ayrılan  qrantların miqdarının çoxalması kimi acgözlük, pula hərislik  dayanır.

Sual olunur: Hər zaman ölkədə qarışıqlıq salmaq üçün özünəoxşar nadanları irəliyə verərək  arxada gizlənən  Əli Kərimli kimdir ? Bu suala cavab tapmaq  üçün  1993-cü ilin iyun hadisələri zamanı hakimiyyətdə olan  AXC-Müsavat iqtidarı dövründə baş verən  xəyanətləri xatırladaq.

Azərbaycanı bölünmək təhlükəsi ilə üz-üzə qoyan,  vətəndaş müharibəsinin alovlanması üçün «münbit şərait» yaradan AXC-Müsavat iqtidarı zamanı  dövlət katibi olan komsomol Əli
 və digəprləri dövlətçilik maraqlarını, milli mənafeini nəinki düşünmədilər,  xalqa məxsus bütün təbii sərvətləri talan edərək  ölkə sənayesini iflic vəziyyətinə salıb, özlərinin maliyyə imkanlarını təmin etdilər. Gücləri, səlahiyyətləri çatdığı yerlərdə gördükləri qiymətli nə varsa  xarici ölkələrə satdılar.  1993-cü ildə   Gəncədə qiyam qaldıran korpus komandiri  Surət Hüseynovun  Bakıya yolladığı  xəbərdarlıqdan  qorxuya düşən  səbatsız iqtidarın məsullarından olan Əli Kərimli də başqaları kimi gizlənməyə  yer axtarırdı.

İqtidarda olduqları qısa müddətdə Azərbaycanı iqtisadi böhran , dağılmaq həddinə çatdıran AXC-Müsavat  cütlüyünün  «məsulları» müxtəlif dəstələrə bölünsələr də, ümum adları «cəbhəçilər» olan və eyni zamanda  adlarına uyğun müxtəlif cəbhələrə xidmət edənlər  xəyanətlərinin ən bariz nümunəsi Əli Kərimlinin simasında , əməlində formalaşırdı.  AXC-Müsavat hakimiyyətinin sabiqləri niyyətlərini 1994-1995-ci illərdə törədilən  dövlət çevrilişinə  cəhd   təxribatları ilə davam etdirdilər. Amma həmişə Ulu Öndər Heydər Əliyevin  ətrafında sıx birləşən, sayı milyonlarla ölçülən  xalq yenə də  xilaskarının ətrafında sıx birləşərək səbatsızlara tarixi dərs verdi. Hakimiyyətdə  olduqları zamanlarda korrupsiyanın, rüşvətxorluğun, bespredel hallarının baş  zirvəyə çatdığını etiraf edən Əli Kərimli bu gün də eyni əqidə sahibidir.
İllərdən bəri Azərbaycan əleyhinə aparılan təxribat kampaniyalarının önündə gedən AXCP sədri Əli Kərimli himayəsində olan şər yuvası  «Milli Şura» ilə birləşərək yenə də xəyanətlərini, ermənipərəst xislətini davam etdirir, antimilli mövqeyini bildirir. Bütün dünyanın heyrətlə izlədiyi,  əvvəllər ölkəmizə qarşı düşmən mövqeyində dayanan düşmənlərimizin belə  Azərbaycanın öz gücünə qazandığı haqqı, ədaləti etiraf  etdikləri bu günlərdə belə formalaşdırdığı agent şəbəkəsindən istifadə edərək ölkəmizə qarşı «qara piar» kampaniyası aparır. Azsaylı tərəfdarlarını təlimatlandıraraq küçələrə tökməklə nəyəsə nail olacağını düşünən  Əli Kərimlinin  hansı ağılla iddialarına inandığını başa düşmək üçün gərək elə  AXCP sədrinin səviyyəsində, yəni xain olasan.

  İndi Əli Kərimli  qrant deyil, boşalan partiyasına  üzv dilənir. Nəzərdə tutulan  5 min nəfəri ətrafına toplaya  və qaragüruhçu AXCP-sini  qeydiyyatdan keçirə bilməyən  Əli Kərimli xarici havadarlarına qulluq edən başını itirib. Partiyada  daxili qarşıdurma şiddətlənib.  Ümumi adları «cəbhəçi”lər» olanlar bir neçə cəbhəyə bölünüblər.

 İntriqabaz  Tofiq Yaqublunun kürəkəni, AXCP sədrinin  «mirzə”si», ideoloji qolu sayılan Seymur Həzi artıq Əli Kərimliyə qarşı qruplaşma yaratmaq istəklərini gizlətmir. O öz feysbuk səhifəsində etdiyi paylaşımlarda açıq və birbaşa olmasa da, mətnaltı şəkildə Ə.Kərimlini tənqid edir. Bu sətiraltı gedişi Tofiq Yaqublunun partiyanı ələ keçirmək cəhdi kimi də qiymətləndirmək olar. Yəni, radikal düşərgə üçün  xarakterik olan  köhnə savaş meydanı yenidən qızışır. Xatırladaq ki, bir müddət əvvəl sosial mediada yayılan səs yazısında Tofiq Yaqublu AXCP sədri Əli Kərimlini ittiham edərək onu çoxsaylı xəyanətləri ilə  suçlamışdı: «Əli Kərimli Elçibəy hakimiyyətinin devrilməsinin, onun impiçmentinin qərar layihəsini imzalamış adamdır. Bu gün Müsavat partiyasının tarixini təftiş edir”.»

Ə.Kərimli isə AXCP daxilində ona qarşı çıxanları sosial şəbəkədə trolları, xüsusilə də Qənimət Zahid adlı baş trolunun əli və dili ilə susdurmağa çalışır.

Görünən odur ki,  sıraları seyrələn, siyasi partiya deyil, dərnəyi xatırladan AXCP-də daxili qarşıdurmada illərdən bəri davam edən «istefa ənənə»ləri yenidən aktuallaşır. Xatırladaq ki, bir müddət əvvəl iqtisadçı Vahid Məhərrəmli həm partiya üzvlüyündən, həm də «Milli Şura»”dan istefa vermişdi. Xəbər portallarında yer alan məlumata görə, V.Məhərrəmlinin AXCP-nin qurultayından öncə bu addımı atmasının səbəbləri partiya daxilində uzun illərdən bəri gərgin münasibətlərin, fikir ayrılığının pik həddə çatması, Əli Kərimlinin partiya üçün ayrılan qrantları təkcə həzm-rabedən keçirməsidir. Partiyada baş verənlərdən belə nəticə çıxarmaq olar ki, Əli Kərimlinin müxtəlif  telekanallarda  demokratiyadan,  Vətənə sadiqlikdən, torpağa bağlılıqdan ağızdolusu danışması özünütəkzib, xəyanətlərini pərdələməkdir.  Gəncləri icazəsiz mitinqlərə səsləməklə   onların özü kimi xəyanətkar  olmalarını istəyən Əli Kərimlinin oğlu Türkel xarici ölkələrdə artıq tarixə  göndərilmiş keçmiş «Dağlıq Qarabağ respublikası»nın sabiq «prezidenti» Bako Saakyanın oğlu ilə kafelərdə eyş-işrətlə məşğul olduğu,   qol-qola gəzdiyi zamanlarda əsl vətənpərvər oğullarımız  səngərlərdə ermənilərə qan uddururdular. Bu azmış kimi  Pensilvaniyada  gizlənən baş FETÖÇÜ Gülənlə  təmaslar quran  bala   Kərimli Türkiyə-Azərbaycan qardaşlığına də zərbə vururdu.   

2016-cı ilin 15 iyulunda   Türkiyədə baş verən dövlət çevrilişinə cəhd zamanı da   vaxtilə «Şeytanla belə əməkdaşlığa hazıram» deyən, «Gülən piramidası»nın baş maliyyəçisi  Murat  Kılıclının vasitəsilə  pul yardımı alan Əli Kərimli   kimi, Türkel də  şeytan, iblis xislətli  baş fetoçu ilə   əlaqə saxlayırdılar. Başqa cür ola da bilməzdi. Çünki funksionerlərin etiraf etdikləri kimi,  radikallaşan, təhrikçilərin və intriqabazların, hərc-mərclik və dağıdıcılıq ehtirası ilə yaşayan insanların yuvasına çevrilən  AXCP sədrindən başqa hərəkət gözləmək  mümkün deyil. Gerçəkliyi şüurlu surətdə dərk edə bilməyənlərin, dini radikalizmi təbliğ edənlərin, terrorçuların Əli Kərimlinin yanında  lövbər saldığı vaxtlar arxada qalıb.  Belə ki, həmişə milli maraqları sataraq  xəyanətlərinə yenilərini əlavə edən  Əli Kərimli kimi  övladı  Türkeli də  özünəxas, milli xəyanət ruhunda  tərbiyə edib.  Vətən yolunda canlarından keçən şəhidlərimizə göstərilən  dövlət qayğısının guya yetərincə olmadığından utanmadan bəhs edən Əli Kərimli bilməliydi ki, haram pulla bəslənən yekəpər oğlu bir dəfə də olsun Qarabağı, səngəri görməyib, barıt qoxusu udmayıb. Əksinə,  Azərbaycanın Ermənistan üzərindəki Zəfərinə  ermənilərlə birgə kədərlənib. Belə Vətən xaininin ətrafının boşalması təbiidir.

Xuraman İsmayılqızı, "İki sahil"