05 aprel 2016 22:54
139

SOCAR-da ABŞ-ın Nevada Ştat Assambleyasının sədri ilə görüş keçirilib

Aprelin 5-də SOCAR-ın Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriklə görüşmüşdür.Qonaqları səmimi salamlayan SOCAR prezidenti Azərbaycan və ABŞ arasında mövcud olan strateji əməkdaşlığın uğurla davam etdiyini vurğulamış, ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən Nevada ştatı ilə Azərbaycan arasında dostluq əlaqələrinin qurulduğunu qeyd etmişdir. İkitərəfli münasibətlərin inkişafında iqtisadi, o cümlədən enerji əməkdaşlığının rolundan söz açan Rövnəq Abdullayev Azərbaycanın neft-qaz sənayesinin tarixi və inkişafı haqqında qonaqlara ətraflı məlumat vermiş, SOCAR-ın həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrdən, bu layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən danışmışdır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli rol oynadığı qeyd olunmuş, bu istiqamətdə həyata keçirilən və Xəzər dənizində hasil olunacaq qaz həcmlərinin Avropaya nəqli məqsədini daşıyan “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti diqqətə çatdırılmışdır. 

Nevada Ştat Assambleyasının sədri Con Həmbrik Azərbaycana səfərindən, onlara göstərilən qonaqpərvərlikdən məmnunluq hissi ilə danışmışdır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən qəbul edildiyini, bir sıra səmərəli görüşlər keçirdiyini bildirmişdir. Con Həmbrik təmsil etdiyi ştatın İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu söyləmiş, Bakıda keçirdyi görüşlərin bu əməkdaşlıq üçün faydalı olacağına ümid etdiyini demişdir. 

Rövnəq Abdullayev SOCAR və ABŞ-ın mühüm neft-qaz şirkətləri arasında uzunmüddətli, səmərəli əməkdaşlığın mövcudluğunu qeyd etmiş, Amerika şirkətlərinin Azərbaycanın təkcə neft-qaz sənayesində deyil, qeyri-neft sektorunda da uğurla fəaliyyət göstərdiyini bildirmişdir. SOCAR prezidenti Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu, ölkənin milli maraqları çərçivəsində xarici şirkətlərin fəaliyyəti üçün hər cür şərait yaradıldığını qonaqların nəzərinə çatdırmışdır. 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.