24 iyul 2023 15:49
429

Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər - Prezident

“Eyni üsulu Çinə qarşı tətbiq etmələrinin səbəbini söyləmək mənim üçün çətindir. Çox güman ki, bunun səbəbləri var. Amma, Azərbaycana gəldikdə, amillər müxtəlifdir. Əsas olmasa da, həmin amillərdən biri Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində erməni lobbisinin böyük infrastruktura malik olmasıdır”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində müxbirin “Mən özüm səkkiz il Vaşinqtonda müxbir işləmişəm və hər iki istiqamətdə çox şeyi öyrəndim. Azərbaycan, Çin kimi qeyri-Qərb ölkələrin Qərb mətbuatında qərəzli təsviri haqqında danışdıqda, əlbəttə, Siz hesab edirsiniz ki, onlar bu ölkələrə ədalətli yanaşmırlar. Sizcə, bu, niyə baş verir? Səhv təsvirin verilməsinin arxasında duran meyarlar nədir? Yəni, qeyri-Qərb aləmini, o cümlədən Çini səhv təsvir etməyin səbəbi nədir?” sualına cavabında səsləndirib.

Prezident qeyd edib ki, onlar dövri olaraq Azərbaycana hücum çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar.

“Bütün oxları Azərbaycana tuşlayırlar və bir növ, Azərbaycanofobiya mühitini yaradırlar. Lakin, bu, yeganə səbəb deyil. Düşünürəm, əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir. Biz əlimizdə olan bütün vasitələrlə özünəməxsusluğumuzu və ləyaqətimizi müdafiə edəcəyik. Fikrimcə, bu, əsas səbəbdir ki, Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar”, - Prezident İlham Əliyev vurğulayıb.