26 iyul 2023 00:34
457

Mollakratiyanın ekoloji terroru

Tehran rejiminin Güney azərbaycanlılara şovinst yanaşması nəticəsində Urmiya gölü ekosidə çevrilib

İran hakimiyyəti Cənubi Azərbaycana münasibətdə həmişəki kimi ayrı-seçkiliyə yol verir. Tehran rejimi bu bölgənin ekologiyasına və təbiətinin qorunmasına da laqeyd yanaşır. Rejimin atom-nüvə proqramında istifadə etdiyi radioaktiv maddə tullantılarını Cənubi Azərbaycan ərazisində qazdığı quyularda basdırdığına dair məlumatlar mövcuddur. Bu səbəbdən həmin bölgələrdə xərçəng xəstələrinin sayının çoxaldığı da qeydə alınıb.

Tehran rejimi Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir. Mollakratiyanın yürütdüyü plansız siyasət nəticəsində Urmiya gölü də quruyur. Qurumazdan əvvəl Urmiya gölünün uzunluğu 140 km, eni 55 km, ümumi sahəsi 5 822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 iri və çoxlu sayda kiçik çay tökülürdü. Bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı, nadir heyvanlar və bitkilər növləri var idi.

Urmiya gölünün qurumasının əsas səbəbi buraya axan çaylar üzərində 40 böyük bəndin tikilməsidir. Bu bəndlər 20 il əvvəl gölə tökülən 22 çayın üzərində inşa olunub. Beləliklə, suyun gölə axmasının qarşısı alınıb. Həm də əhalini ərzaq məhsulu ilə təmin etmək bəhanəsi ilə gölün su hövzəsində əkin sahəsini ikiqat artırıblar və ətrafında minlərlə dərin su quyusu qazıblar. Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi əraziləri əhatə etməklə Cənubi Azərbaycanın torpaqlarının beşdə birini təşkil edir. Bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılırdı. Urmiya gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potaş, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir. Bu göl öz gözəl təbiəti və zığının müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə səbəb olurdu. Sərnişin və yükdaşıma üçün gölün 6 limanı vardı. Bəndlərin qarşısını kəsdiyi su dərhal buraxılmalı və bütün çaylardan gölə su gəlməsi təmin edilməlidir. Həmçinin yeni bəndlərin, eləcə də Nazlı çay və Barandüz çay bəndlərinin tikintisinin qarşısı dərhal alınmalıdır.

Göl və onun çevrəsində 2014-2016-cı il biomüxtəlifliyin son siyahıları əsasən (adalarda yerləşən çayları ilə birlikdə) 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ suda-quruda yaşayan, 5 növ molyusk və 26 növ balıq yaşayırdı. Bu canlıların varlığı və çeşidliyi Urmiya gölünün UNESKO tərəfindən biosfer qoruğu elan edilməsinə və Ramsar konvensiyasına salınmasına səbəb olmuşdu. Yaxın və Orta Şərqin bu təbiət incisində su səviyyəsinin azalması 1984-cü ildən müşahidə edilməyə başlayıb. Onda güney azərbaycanlı mütəxəssislər, ictimai fəallar, sakinlər həyəcan təbili çalmağa başladı, hətta BMT-yə də müraciət edildi. Amma təəssüflər olsun ki, nə bu qurum, nə də İranın Ekologiya Departamenti tərəfindən bu “SOS” eşidildi. Yeri gəlmişkən, qeyd edək ki, İran hakimiyyəti BMT-ni saya salmır. Bu beynəlxalq təşkilatın İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi faktlarla yerində tanış olmaq üçün 10 ildən artıqdır Tehrana buraxılmır.

İran hakimiyyətinin məsələyə savadsız və biganə yanaşması Urmiya gölünün quruması ilə nəticələnib. Artıq o ərazidə Urmiya duzluğu və şoranlığı yaranıb. Urmiya gölünün bərpasına nəzarət edən Şərif Texnologiya Universitetinin dərc etdiyi son araşdırmaya əsasən, göldə suyun səviyyəsi ən aşağı həddə düşüb və təcili tədbirlər görülməsə, yayın sonuna qədər tamamilə quruyacağı gözlənilir. Gölün əhatəsindəki əkinçilik üçün yararlı olan minlərlə hektar torpaq sahəsi şoranlaşıb. Sakinlər həmin ərazidən köçməyə üstünlük verir. Duz tozları küləklə gölün sahilindəki şəhərlərə də yayılır. Bu, bütövlükdə Güney Azərbaycanın böyük bir hissəsində ekoloji fəlakətin yaranmasına səbəb olub. Tehran hakimiyyəti bununla Güney Azərbaycanda ekoloji terror törədib. Bu cinayət təkcə gölün flora və faunasına qarşı törədilməyib, həm də milyonlarla insanın sağlamlığına, güzəranına, həyatına, yaşayış yerini tərk etməsinə mənfi təsir göstərir. Sözügedən ekoloji terror Güney Azərbaycan əhalisinin öz dədə-baba yurdundan çıxarılması, süni mühacirət üçün Tehran hakimiyyətinə əlavə fürsət verib. Urmiya gölünün tamamilə quruması ilə ətrafda yaşayan 15 milyon insanın həyatının ciddi təhlükə altına düşəcək. Bununla da külək və duz fırtınaları nəticəsində 500 km radiusda bütün bölgədə həyat imkanlarının məhv ediləcəyi gözlənilir.

Urmiya gölündə təbii halda 33 milyard kubmetr su olub və dünyada ikinci duzlu su gölü hesab edilir. Hazırda isə burada su, təxminən, bir milyard kubmetrə qədər azalıb. Tehran rejimi bütün etiraz aksiyalarını, doğru fikri düşməncəsinə qarşılayır. Ötən illərdə İranda prezident olmuş ayrı-ayrı şəxslər yalnız bəhanələr gətirib, yalan danışıblar. Keçmiş Prezident Məhəmməd Hatəmi hələ 2013-cü ildə məsələ ilə bağlı İşçi qrupu yaratdığını bildirmişdi. İctimai fəallar gölün qurumasına hakimiyyətin etinasızlığına qarşı etiraz aksiyaları hələ də keçirirlər. Hər dəfə İran hakimiyyəti həmin insanlara divan tutur, separatçılıqda ittiham edir. Hətta, iranyönlü sayılan Azərbaycan vətəndaşları da Tehranın bu şər-böhtanını dəstəkləyirdi.

Həmin vaxt Təbrizin İran parlamentindəki nümayəndəsi Məhəmmədhüseyn Fərhəngi 35 milyon dollara yaxın büdcə vəsaitinin Urmiya gölünün qurumasının qarşısının alınmasına sərf olunacağı haqda yerli informasiya təmsilçilərinə məlumat vermişdi. Ancaq Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi onun “yalan danışdığını” söyləyərək bildirmişdi ki, bu ilin dövlət büdcəsindən Urmiya gölünə 20 milyon dollar ayrılıb. O, Araz çayından gölə su gətirmək üçün bir milyard dollar maliyyə vəsaitinin lazım olduğunu qeyd etmişdi.

Bu gölün on il ərzində əvvəlki ekoloji səviyyəsinə çatması və bərpası nəzərdə tutulurdu. Lakin əməli addımlar atmaq əvəzinə bərpa qərargahı yüzlərlə konfrans və komitələr təşkil etdi. Qərargahın yaradılmasından 7 il sonra göl indi son nəfəsini verir. Əslində, bütün bu reklam və təbliğatlara baxmayaraq, göldə heç bir canlanma baş verməyib. Kiçik Zab çayının suyu da gölə çatmayıb. Gölün bərpasına büdcədən ayrılan maliyyə vəsaitləri isə mənimsənilib.

Ötən illər ərzində bu sayaq çıxışlar, bəyanatlar, seçkiqabağa yalan vədlər Urmiya gölünün qurmasının qarşısını ala bilmədi. Bu, İran hakimiyyətinin Güney Azərbaycana münasibətinin göstəricisidir. Tehran rejiminin Güney azərbaycanlılara göstərdiyi şovinst yanaşma Urmiya gölünü qurutdu. Odur ki, terroru himayə edən mollakratiya bu su hövzəsinin qurumasına etinasız yanaşması ilə ekoloji terrorun da müəllifi oldu.

Cavid Əkbərov, “İki sahil”