25 iyul 2023 18:59
632

Qərb dairələrinin uğursuz Minsk qrupunun fəaliyyətini bərpa etmək istəyi qeyri-mümkündür - Aydın Mirzəzadə

Ölkəmizə qarşı yeni vahid cəbhənin yaradılmasına imkan verilməyəcək

Qərb, o cümlədən ABŞ tərəfindən ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpası üçün müəyyən cəhdlər müşahidə olunur. Bu, Qərbin siyasi riyakarlığının növbəti təzahürüdür, artıq Minsk qrupu keçmişdə qaldı. Azərbaycan bu yararsız təsisatın bərpa edilməsinə imkan verməyəcək.

Qərb bütün mövzularda Rusiyaya qarşı kəskin əks-mövqe bildirsə də, onu düşmən saysa da, yalnız Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Rusiya ilə sövdələşməyə hazır görünür. Qərbin Ukrayna məsələsi ilə bağlı Rusiya ilə separat danışıqlara başlaması və əks-hücum əməliyyatları üçün Ukraynaya kifayət qədər silah tədarük etməməsi onun siyasi riyakarlığını bir daha sübut edir. Prezident Zelenskinin istədiyi silahlar verilmir, amma bununla yanaşı Qərb Ukraynadan son əsgərə qədər döyüşməsini gözləyir. Bu ağır vəziyyətin fonunda Qərb və Rusiya arasında Ukraynanın bölünməsi istiqamətində iş gedir.

Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi şübhəsiz ki, Azərbaycan üçün qəbuledilməzdir. Ölkəmizə qarşı yeni vahid cəbhənin yaradılmasına imkan verilməyəcək. 30 illik işğal dövrü geridə qaldı, 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar yarandı. Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəylik mövcuddur.

Milli Məclisin deputatı Aydın Mirzəzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, ATƏT-in Minsk qrupu 1992-cü ildə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdikdən sonra yaranan vəziyyəti həll etmək üçün yaranmışdı: “Bu problemin həllində Azərbaycan ciddi şəkildə maraqlı idi. Çox təəssüf ki, ötən 28 il ərzində bu qrup məsələnin həlli ilə bağlı heç bir ciddi fəaliyyət göstərmədi. Bu böyük problemi Azərbaycan özü 2020-ci ildə 44 günlük Vətən müharibəsində həll etdi. Bununla da dövlətimiz artıq problemi həll etmiş olduğu, Azərbaycan və Ermənistanın post-münaqişə dövrünə qədəm qoyduğunu elan etdi. Ermənistan təkidlə artıq misiyasını başa vurmuş Minsk qrupunun bərpa edilməsi siyasətini yeridir. Eyni zamanda, xaricdən müəyyən dairələr də Ermənistanı müdafiə etməyə çalışırlar.”

A.Mirzəzadə vurğuladı ki, məqsəd zorla Azərbaycanı onun ərazisində yaşayan kiçik bir erməni əhalisi üçün bir status əldə etmək və ümumən ölkəmizi öz suveren hüquqlarının bir hissəsini Ermənistana güzəştə getməyə məcbur etməkdən ibarətdir: “Amma Azərbaycan ona görə ərazi bütövlüyünü təmin etməyib ki, yenidən 1990-ci illərin ağır vəziyyətinə qayıtsın. Dövlətimizin başçısı dəfələrlə 2020-ci ilin 27 sentyabrına qədər olan vəziyyətə geri qayıdışın mümkün olmayacağını bildirib. Bu gün danışıqlar artıq hansısa bir qrup vasitəsilə deyil, birbaşa Azərbaycan və Ermənistan arasında , o da iki ölkə arasında sülh müqaviləsinin bağlanması, ərazi bütövlüyünə hörmətlə yanaşılması və sərhədlərin toxunulması məsələsi istiqamətində aparılır.”

Deputat qeyd etdi ki, bunu bütün dünya bilir, qəbul edir və Minsk qrupunu bərpa etmək, yaxud da buna oxşar bir təsisat yaradaraq yenidən Azərbaycanı təsir altına alması isə artıq qeyri-mümkündür. Azərbaycan və onun Lideri artıq bu məsələlərin yekunlaşdığını dəfələrlə bəyan edib.      

Cavid Əkbərov, “İki sahil”