26 iyul 2023 00:59
695

Fuad Qəhrəmanlı yenə özünü ifşa etdi

AXCP sədri Əli Kərimlinin təlimatı və xarici qrantların başgicəlləndirici dozası ilə danışan F.Qəhrəmanlı  yenə də özünü  ifşa edib. Anti-Azərbaycan şəbəkənin missionerləri olan dağıdıcı düşərgədəkilərin iç üzü budur. Şübhəsiz, onların həşəmətli nümayəndələrindən olan Fuad Qəhrəmanlı da elə-belə danışmır. Əlbəttə ki, onu danışdıranlar var. Hamımız yaxşı bilirik ki, anti-Azərbaycan dairələr, erməni lobbisi və mənfur düşmənlərimizin havadarları daxildəki bu cür dağıdıcı qüvvələri ölkəmizin əleyhinə daha da fəallaşdırmaq üçün var qüvvələri ilə çalışır, onlara ayırdıqları maliyyə yardımlarını birə-beş qat artırırlar. Ancaq həmin dairələr unutmasınlar ki, bütün bunlar əbəsdir və heç bir nəticə verməyəcək.

Ancaq gəlin bir az əvvələ gedək. Yəni, ailəsinə sahib çıxa bilməyən F. Qəhrəmanlının keçmişinə bir “az səyahət” edək. Belə ki, mətbuatda gedən məlumatlara görə Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı növbəti məhkəmə prosesi keçirilmişdi. Onun həyat yoldaşı Zümrüd Yağmuru məhkəmədə vəkili təmsil etsə də, Fuad Qəhrəmanlı və vəkili, ümumiyyətlə, prosesə qatılmayıb. Oktyabrın 17-si, saat 15:00-a təxirə salınan növbəti məhkəmədə F.Qəhrəmanlının qızı Sənay Yağmurun ifadə verməsi gözlənilir. Zümrüd Yağmurun vəkili bildirib ki, Fuad Qəhrəmanlı xüsusi qəddarlıqla ailəsinə işgəncələr verib və son olaylardan sonra həyat yoldaşını və qızı Sənayı yaşadığı evdən qovub. O bildirib ki, Selcan Yağmurun məlum status və video müraciətindən sonra F.Qəhrəmanlı hər iki qızından da imtina edib.

 Gördünüzmü? Zümrüd Yağmur F.Qəhrəmanlıya qarşı əmlak iddiası da qaldırıb: “Bununla bağlı məhkəməyə ayrıca müraciətimiz olacaq. Çünki birgə yaşadıqları ev təkcə Fuada deyil, həm də Zümrüdə və qızlarına məxsusdur. Hazırda Zümrüd və qızı Sənay başqa ünvanda yaşayırlar".

Məhkəmə prosesində iştirak edən jurnalistlərin zaldan çıxarılmasını və məhkəmənin qapalı keçirilməsini tələb edən vəkil bundan sonra hakimin heç bir sualına cavab verməyib. Hətta bir qədər də irəli gedərək, “Necə istəyirsiniz qərar çıxarın, istəyirsiniz Sənayı yetimlər evinə verin” deyərək, prosesin sonunu gözləmədən zalı yarımçıq tərk edib.

Məhkəmə zamanı diqqətçəkən məqamlardan biri həm özü, həm də azyaşlı qızları ağır şiddətə və qeyri-insani rəftara məruz qaldığı halda Zümrüd Yağmurun baş verənləri ictimaiyyətdən gizlətmək istəyi olub. Qadın qüruru bu dəfə də öz sözünü deyib və vəkili vasitəsilə “İstəyirsiniz Sənayı yetimlər evinə verin” deyərək, yenidən ailəsinin nüfuzunu qorumağa çalışıb. “Bu Zümrüdün ailə problemidir, ictimailəşməsini istəmir” deyən vəkilin sözlərindən çıxan məntiqi nəticə budur.

 Bunlar öz yerində. Bir də F.Qəhrəmanlı yenə öz ağalarının sifarişi ilə Azərbaycanı ötən əsrin 90-cı illərinin əvvəllərinə çəkmək üçün cidd-cəhdlə təbliğat aparır. Nədən?. Çünki  qrant aldığı  mərkəzlərdən belə tapşırıq alıb.

 Bəs o illərdə nə baş vermişdir?  Təbii ki, 1991-1993-cü illərdə baş verənlər heç kimin yaddından çıxmayıb. Belə ki, 1992-ci ildə hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, flüger “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular.  Ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Heç bir nəzəri biliyi, dövlətçilik təcrübəsi, idarəçilik qabiliyyəti olmayan “bəylər”in yarıtmaz idarəçiliyi ilə respublika dərin böhrana sürükləndi. Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada xaos, anarxiya, hərc-mərclik hökm sürür, talançılıq, korrupsiya, rüşvət baş alıb gedirdi. İqtisadiyyat dağılıb gedirdi. İnflayisiya 1000 faizdən çox idi. İş o yerə çatmışdı ki, o zamankı dövlət başçısı Əbülfəz Elçibəy 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə məmurlara ittihamedici suallar verərək “Bizim sayəmizdə bu respublika dağılır, niyə bu respublikanı dağıdırsınız? Xalq deyir, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər imperiyadan canını qurtardısa, gələcəkdə onun əlindən burada əyləşən adamların canı qurtarmayacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür... Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz” demişdi.

Bu gün radikal müxalifət düşərgəsinin antimilli təmsilçiləri, xüsusilə də AXCP sədri Əli Kərimlinin sağ əli olan F.Qəhrəmanlı kimilər bilməlidirlər ki, xalqa yaşatdıqları o ağır günləri, zülmləri, talançılığı, oğurluğu, müasir tariximizin o qara səhifələrini heç kim unutmayıb. Belələri yaxşı bilməlidirlər ki, xalqımızın və dövlətçiliyimizin ən müsibətli dövrlərindən olan 1992-1993- cü illərin məşəqqətləri tarixin yaddaşından heç vaxt silinməyəcək.

Şərhə ehtiyac varmı?..

Zahid Rza, “İki sahil”