Hazırda dünyada diqqəti çəkən məsələlərdən biri islamofobiyaya meyillərin geniş vüsət almasıdır. Hətta iş o yerə çatıb ki, Avropanın bəzi ölkələrində yaşayan müsəlmanlar mütəmadi olaraq İslam əleyhinə təzyiqlərlə üzləşirlər. Son illər bəzi Qərb ölkələrində müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”ə qarşı da mübarizə güclənib. Danimarkada, Niderlandda, İsveçdə “Qurani-Kərim”in yandırılmasını və təhqir olunmasını buna misal göstərmək olar.
Bir neçə gün öncə isə Danimarkanın paytaxtı Kopenhagendə İraq səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı “Qurani-Kərim” yandırılıb. İlkin məlumata görə, hadisəni İslam dini əleyhinə təhqiramiz hərəkətləri ilə tanınan sağçı radikal, ultra milliyyətçi "Danimarka Patriotları" qrupunun üzvləri törədiblər. Radikallar bu addımı İsveçin Bağdad şəhərindəki səfirliyinə bu yaxınlarda edilən hücuma cavab olaraq atdıqlarını bildiriblər. Belə ki, İraqın İsveçdəki səfirliyinin binasının önündə müsəlmanların müqəddəs kitabının təhqir edilməsi İraqda geniş etirazlara səbəb olub. Hətta etirazçıların bir qrupu İsveçin Bağdaddakı səfirliyinin binasını yandırıb.

Dünyanın bir sıra dövlətləri “Qurani-Kərim”in təhqir edilməsini, yandırılmasını pisləməklə yanaşı, konkret addımlar da atıblar. Məsələn, Stokholmda “Qurani-Kərim”ə qarşı edilən həqarətdən sonra İraq İsveçlə iqtisadi əlaqələri dayandırdığını elan edib. Eyni zamanda, İraq hökuməti İsveçin səfirindən ölkəni tərk etməyi tələb edib, habelə öz səfirini Stokholmdan geri çağırıb. Bununla yanaşı, İsveçlə diplomatik münasibətlərin ləğv ediləcəyi ehtimalı da irəli sürülüb. Xatırladaq ki, İraq hökuməti Stokholmda Quranın yandırılması aksiyasının təkrarlanacağı təqdirdə İsveçlə diplomatik əlaqəni kəsəcəyi barədə krallığı məlumatlandırmışdı. İran və Küveytin xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Şeyx Salim Abdullah Əl-Cabir Əl-Sabah Avropada Qurani-Kərimin təhqir olunmasının təkrarlanmasını pisləməklə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının iclasının keçirilməsini istəyiblər. Onlar bütün dünya ictimaiyyətini bu mənəviyyatsız addıma qarşı vahid, ciddi qınaq mövqeyindən çıxış etməyə, təxribatçıların öz mənfur niyyətlərinə çatmalarının qarşısını birgə səylərlə almağa çağırıblar. Müxtəlif dinlər və mədəniyyətlər arasında nifaq yaradan təxribat xarakterli bu kimi hərəkətlərlə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dinlərarası dialoqu təşviq etmək məqsədilə qətnamə qəbul edib. Həmin sənəddə müqəddəs kitablara, simvollara qarşı hər hansı təhqir qəti şəkildə pislənilib və beynəlxalq hüquq normalarının pozulması hesab olunub.
Lakin bütün bunlara baxmayaraq, dünya müsəlmanlarını qəzəbləndirən, Danimarka və İsveçdə son günlərdə keçirilən analoji aksiyalardan sonra srağagün Misir və Türkiyənin Kopenhagendəki səfirlikləri qarşısında İslam əleyhdarı olan bir qrup radikal millətçi yenə “Qurani-Kərim” kitablarını yandırıb. Türkiyə rəsmiləri hadisəni Qurana qarşı "alçaq hücum" adlandırıblar. Əlcəzairdə Danimarka səfiri və İsveçin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Qətər isə etiraz əlaməti olaraq İsveç məhsullarını satışdan yığışdırıb. Öz növbəsində Misir XİN Danimarka səfirini çağıraraq ona etiraz notası təqdim edib.

Qeyd edək ki, Qərb ölkələrində “Qurani-Kərim”ə belə münasibət ölkəmizdə də dəfələrlə pislənilib. Məsələn, iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır, bu, pislənilməlidir. Dövlətimizin başçısı, həmçinin geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, eyni zamanda İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını da ifadə etmişdir. Üstəlik bildirmişdi ki, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır. Yeri gəlmişkən qeyd edək ki, bu kimi hadisələrə qarşı ölkəmizin müvafiq qurumları da öz etiraz səslərini ucaldıblar.
Şübhəsiz, Avropada “Qurani-Kərim”ə qarşı atılan bu addımlar yalnız İslama və müsəlmanlara qarşı düşmənçiliyin, nifrətin təzahürü deyil. Belə ki, Məhəmməd peyğəmbərin (s.ə.s.) təbliğ etdiyi İslam sonuncu din olub digər peyğəmbərlərin ilahi missiyalarını da özündə birləşdirir. Bu isə bir daha göstərir ki, “Qurani-Kərim” özündən əvvəlki səmavi kitablarda adları keçən müqəddəsləri məhz müqəddəs şəxslər kimi təqdim edən Tanrı kəlamıdır. Bu isə o deməkdir ki, “Qurani-Kərim”i yandırmaq təkcə İslam dininə həqarət deyil. Bunu unutmaq nadanlıqdır. Görünür, bu gün islamofobiyanı özünün təbliğat mexanizminə çevirən bəzi dövlətlərin, həmçinin bəzi siyasətçilərin İslam dinindən xəbərləri yoxdur. Şübhəsiz, “Qurani-Kərim”ın təhqir edilməsi, yaxud yandırılması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək, barbarlıqdan başqa bir şey deyildir. Bu mənada bu kimi avantürist hərəkətlər Avropa dəyərlərinə də arxadan vurulan zərbədir.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib