«Günəşli» yatağında yeni istismara verilmiş özüldə qazılacaq 316 saylı quyunun layihə dərinliyi 2850 metrdir
«SOCAR-AQŞ» MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və «Abşeron Qazma Şirkəti» tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş və horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, onların əsaslı təmiri, yan lülələrin və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hazırda «SOCAR-AQŞ» dayaz sulu «Günəşli» yatağında yerləşən 11 saylı, «Qərbi Abşeron» yatağının 20 saylı və «Ümid» yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır. Müəssisə, eyni zamanda, «Bulla» və «Günəşli 7» yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.
«SOCAR-AQŞ»dən verilən məlumata görə, müəssisə «Günəşli» yatağında yeni istismara verilmiş 7 saylı dərin dəniz stasionar özülündə sifarişçisi SOCAR-ın "Azneft" İstehsalat Birliyi olan və layihə dərinliyi 2850 metr olan 316 saylı quyuda qazma işlərinə başlayıb. Qeyd edək ki, 316 saylı quyunun Fasilə Lay Dəstəsinin (FLD) tağ hissəsinə maili istiqamətləndirilmiş qazılması planlaşdırılır.
Dəyərlərinə daim sadiq qalan «SOCAR-AQŞ» həmişə olduğu kimi, bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək.
Orxan Vahidoğlu, «İki sahil»