28 iyul 2023 00:50
520

BQXK-nin  Xankəndindəki missiyası Bakı ofisinə tabe olmalıdır

Qurumun Xankəndidəki nümayəndələri ayrıca ofis kimi fəaliyyət göstərə bilməz

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycana qarşı ədalətli mövqe tutmur. Odur ki, ölkəmizə öz şəfqətini göstərmir. BQXK-nın hələ də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 nəfər soydaşımızın taleyinə biganəliyi buna sübutdur. Halbuki rəsmi Bakı  bununla  əlaqədar BQXK-ya çoxsaylı müraciətlər edib. Amma hələ də  müraciətlər  cavabsız qalmaqdadır. Hətta Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçi bu qurum vasitəsilə ailələri ilə əlaqə saxlasalar da, sonradan onların talelərinin necə olması ilə bağlı hər hansı məlumat verilməyib. Hələ bunlar azmış kimi BQXK 2014-cü ildə DNT məlumat bazasını yaratmasına baxmayaraq, itkin düşən soydaşlarımızın işinə hər hansı xeyri olmayıb. Yəni üstündən bu qədər vaxt keç¬məsinə baxmayaraq, bu istiqamətdə hər hansı irəliləyiş  görünmür. Bu da BQXK-nin itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşmasının daha bir göstəricisidir.

Bütün bunlar isə o deməkdir ki, BQXK üzərinə düşən humanist missiyanı yerinə yetirmir. Amma BQXK ermənipərəst mövqe nümayiş etdirməkdən çəkinmir. Belə ki, istər Birinci, istərsə də İkinci Qarabağ savaşlarında Ermənistanın himayədarı kimi fəaliyyət göstərən bu qurum indi də elə bu istiqamətdə “fəaliyyətini” davam etdirir. Üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə son vaxtlar bu təşkilat fəaliyyət məqsədləri ilə uzlaşmayan işlərlə, o cümlədən quruma məxsus avtomobillərlə qaçaqmalçılıqla məşğul olurdu. Humanist qurumun bu kimi addımları Azərbaycan ərazisinə Ermənistandan silah-sursat daşınması ehtimallarını güman etməyə də əsas verir. 

Son günlər isə BQXK hayların uydurduqları "humanitar böhran" yalanlarını  min cür bəhanələrlə "əsaslandırmaq"dadır.    Halbuki Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin heç bir humanitar yardıma ehtiyacı yoxdur. Bütün bunlar isə o deməkdir ki, BQXK humanitar fəaliyyətdən çox separatizm və terrorun müdafiəsində separatçılar üçün sipər funksiyasını yerinə yetirir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verərək bildirib ki, böyük miqdarda dərman preparatları və yüklərin daşınması və tədarükü üçün Azərbaycan tərəfindən Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım təklif edilib. Buna baxmayaraq, separatçılar təkidlə bu yoldan imtina edib. BQXK -də onlara şərik çıxıb.

Nə qədər qəribə  olsa da, BQXK faktiki olaraq Xankəndidəki missiyasını İrəvandan idarə edir. Axı Xankəndi Azərbaycanın dünya miqyasında tanınmış ərazisidir. Bu addımı ilə BQXK beynəlxalq hüquqa da hörmətsizlik nümayiş etdirmirmi? Halbuki BQXK-ya Qarabağda yaşayan ermənilərə humanitar yardımın göstərilməsinin Azərbaycan vasitəsilə həyata keçirilməsi dəfələrlə təklif olunub. Ancaq BQXK bundan imtina edib. Sözsüz, bu tendensiyaya son qoyulmalıdır. Yəni BQXK-nın Xankəndindəki missiyasının BQXK-nın  Ermənistandakı ofisinə deyil, Bakı ofisinə tabe olunması artıq günün tələbidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”