27 iyul 2023 22:11
528

Kanadanın Aİ-nin Ermənistandakı missiyasında nə işi var?

Kanada təşkilatları minatəmizlımə sahəsində fəal olsalar da, Azərbaycan onların siyahısında yer almır, amma…

Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən missiyası ilə bağlı yeni “qığılcımlar közərməkdədir”.  Odu özləri yandırmasa yaxşıdır… Nə isə … Keçək əsas mətləbə  Avropa İttifaqının (Aİ) Azərbaycanla şərti sərhəddə Ermənistandakı Monitorinq Missiyasına daha bir ölkə qoşulub. Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin qərarına əsasən bölgəyə missiya ilə gələn ölkə Kanadadır.

Xatırladaq ki, Avropa İttifaqı Şurası sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Aİ Şurası bildirib ki, bu missiya vasitəsilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılması nəzərdə tutulub.

Bu barədə Avropa İttifaqının rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, missiyanın yeni üzvlərinin Ermənistanın Cermuk, Yeqnadzor, İcevan, Qafan və Martuni rayonunda fəaliyyət göstərməsi planlaşdırılır. Digər yeni bir xəbər ondan ibarətdir ki, Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi daha bir ölkənin Ermənistandakı monitorinq missiyasına “töhfə vermək” təklifini təsdiqləyib. Belə ki, Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin 18 iyul tarixli qərarına əsasən Kanada Ermənistandakı monitorinq missiyasına qoşulacaq. “Kanadadan Avropa İttifaqının Ermənistandakı Missiyasına (EUMA) töhfə qəbul edilir və bu, əhəmiyyətli hesab olunur. Kanada EUMA-nın büdcəsinə maliyyə töhfələrindən azaddır”, - deyə qərarda qeyd edilib. Qərarın qəbul olunduğu gündən qüvvəyə mindiyi vurğulanıb. Kanadanın Aİ-nin Ermənistandakı missiyasına qoşulması  nə anlaşılandır, nə də qəbul edilən.

Artıq Ermənistan Xarici İşlər Nazirliyi Kanadanın Ermənistandakı Aİ mülki müşahidə missiyasının bir hissəsi olmaq təşəbbüsünü “alqışlayıb”. Bu barədə Ermənistan  Xarici İşlər Nazirliyinin “Twitter” paylaşımında “Biz Kanadanın Ermənistandakı Avropa İttifaqı  mülki müşahidə missiyasının bir hissəsi olmaq təşəbbüsünü alqışlayırıq və bunu Cənubi Qafqaz regionunda sabitliyin və sülhün möhkəmləndirilməsində missiyanın roluna mühüm töhfə kimi qiymətləndiririk”- deyə qeyd edilib.

Nəzərə alsaq ki, Kanada Avropa İttifaqının üzvü deyil, belə olan təqdirdə bu ölkənin məlum missiyaya qoşulmaq istəyi suallar, təəccüb və təəssüf doğurur. Əlbəttə ki, bu, hər şeydən öncə Kanadanın ermənipərəst siyasətinin göstəricisidir. 

Unutmadıq və əsla unutmarıq ki, Vətən müharibəsi dönəmi Kanada Azərbaycanın haqq işini deyil, Ermənistanı müdafiə etmişdi. Azərbaycanın müharibədə tarixi Zəfər qazanmasından sonra da bu ölkə Fransa ilə yanaşı ermənilərin maraqlarına xidmət edən mövqe sərgilədi.

Ermənistandakı xarici qüvvələrin sayının artması bu ölkə üçün hansı təhlükələri yaradır. Kanadaya gəlincə, bu ölkənin  nın Aİ-nin Ermənistandakı missiyasına qoşulması anlaşılan deyil. Ona görə ki, hər addımda insan hüquqlarından, humanizmdən danışan bu ölkə rəsmiləri görəsən öz ərazilərində  konslagerləri xatırladan hindu rezervasiyalarını nə vaxt ləğv etməyi düşünürlər. Bir müddət öncə dünya mətbuatında Kanadada katolik kilsələrindəki internatlarda hindu uşaqları istismara və cinsi təcavüzə məruz qalmasına dair yazılar, xəbərlər yayıldı.

150 minə yaxın hindu 3 yaşlı uşağı 1831-1997-ci illərdə evlərindən və ailələrindən güclə ayıraraq bu dövlət tərəfindən maliyyələşən bu tip internata aparıblar. Bu uşaqlardan bir çoxu fiziki və cinsi istismara, təcavüzə və yetərsiz qidalanmaya məruz qalaraq bəziləri də üzərilərində keçirilən tibbi sınaqlar səbəbindən 4 100-dən çox uşaq ölüb. Onların çoxunun meyiti valideynlərinə qaytarılmayıb. 1894-cü ildən bu məktəbdə oxumaq hindular üçün məcburi olub. Ailələrindən ayrılan uşaqlar ingilis dilini öyrənməyə, xristianlığı qəbul etməyə məcbur edilir, ağdərililərin mədəniyyətinin daşıyıcısına çevirilirdilər. Rəsmi məlumata görə, Kanada üzrə 139 katolik kilsəsinin internat məktəbləri fəaliyyət göstərir. Onların hamısı Kanada hökuməti adından katolik kilsəsi tərəfindən idarə olunur. Qeyd edək ki, Kanadanın Kamplus şəhəri ərazisindəki keçmiş internat məktəbində 3 yaşlı 200-dən çox uşağın meyitinin qalıqları aşkarlanıb. 1978-ci ildən məktəb hökumətin nəzarətinə keçib. Kamlupsdakı qırmızıdərili katolik kilsəsinin internat məktəbini bitirmiş 72 yaşlı Saa Hiil Sut həmin təhsil ocağında uzun illərdir ona edilən işgəncədən və orada başlarına gətirilənlərdən danışıb. Bu ölkə tarixinin ən böyük uşaq istismarı hadisəsinin 2010-cu ildə qurulan və 2015-ci ildə fəaliyyətini tamamlayan kilsədə baş verib. Kanadada ksenofobiya, islamafobiya bu gün də davam edir. İndi belə bir ölkənin Aİ missiyasına qoşulması təəccüb doğurur.

Başqa bir fakt. Bu gün məhz Azərbaycan mina problemindən böyük əziyyət çəkir, ölkə ərazisinin 20 faizində milyondan artıq mina basdırılıb. Kanada təşkilatları minadan təmizləmə sahəsində fəal olsalar da, Azərbaycan onların siyahısında yer almır. Əvəzində isə bu ölkə Aİ-nin hərbiləşdirilmiş missiyasına qoşulub və Ermənistana hərbi dəstək göstərir. Kanada rəsmilərinin anlayışında budurmu insan haqları, beləmi olur humanizm?

Yaqut Ağaşahqızı, “İki sahil”