Hindistan Azərbaycana qarşı niyə xəyanət yolunu tutub?
Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda beynəlxalq hüququn norma və prinsiplərini pozan Hindistan təcavüzkar ölkəyə öldürücü silahlar tədarük edir. Son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılması bu faktı bir daha təsdiq edir. Şübhəsiz, bu, Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır. Üstəlik, Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir.
Bəli, son vaxtlar Ermənistanın “bacısı” Fransa kimi addımlar atan Hindistan da hayları sürətlə silahlandırır. Bəzi mənbələrə görə, Hayastan və Hindistan 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb. (Bəzi mənbələrə görə, ötən il isə Hindistan təcavüzkar ölkəyə 270 milyon ABŞ dolları dəyərində silah və hərbi texnika satıb). Üstəlik, bu ilin fevral ayından etibarən Ermənistanla Hindistan arasında hərbi əməkdaşlıqlar, silah tədarükü məqsədi ilə xeyli görüşlər keçirilib. Şübhəsiz, bütün bunlar, daha doğrusu, hərbi əməkdaşlıq Ermənistanı yeni müharibəyə sürükləməyə hesablanıb. Halbuki bu il mayın 19-da Prezident İlham Əliyev Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini bildirməklə yanaşı, Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını, Azərbaycana qarşı ərazi iddialarının davam etdiyini, təcavüzkar ölkənin yüzmilyonlarla dollar dəyərində silah almasını da onun diqqətinə çatdırmışdı: “Əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır”.
Yeri gəlmişkən qeyd edək ki, iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinə Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.
Bəs bir zamanlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Qoşulmama Hərəkatının üzvü Hindistanın belə addımlar atması nədən irəli gəlir? Şübhəsiz, Azərbaycanın Pakistan və Türkiyə ilə qardaş münasibətlərinə qıcıqla yanaşmasından. Digər tərəfdən, 2022-ci ilin iyulunda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri İstanbul Bəyannaməsini imzalayıblar, burada Ankara və Bakı Cammu və Kəşmir münaqişəsi ilə bağlı prinsipial mövqelərini bir daha təsdiqləyiblər və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildiriblər.
Amma hamıya gün kimi aydındır ki, Hayastan həmin silahları Qarabağdakı separatçılara çatdıra bilməyəcək. Çünki Prezident İlham Əliyevin uzaqgörənliyi nəticəsində Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub ki, bu da silah-sursatın revanş sevdasına düşən Qarabağ separatçılarına çatdırılmasına heç cür imkan verməyəcək. Digər tərəfdən, separatçılar 3 il əvvəlki aqibətlərini gözlərinin önünə gətirsələr yaxşı olar. Niyə? Çünki o zaman haylar Rusiya, İran və digər ölkələrin silahları ilə üstümüzə gəlmişdilər. İndi həmin texnikalar Hərbi Qənimətlər Parkındadır. Fikrimizcə, daha şərhə ehtiyac yoxdur. Silah-sursatın İrandan keçməsi də kimsəyə qəribə gəlməsin. Çünki İslami dəyərlərdən dəm vuran molla rejimi çoxdan Ermənistanla qardaşlaşıb. Bu addımı ilə mollakratiya bir daha iç üzünü açıb göstərdi.
Qeyd edək ki, Hayastan bu gün Hindistanla yanaşı, bölgədə öz maraqları naminə çalışan Fransa, Yunanıstan kimi “bacı və qardaşlarından” da silah alır. Məlumat üçün bildirək ki, bugünlərdə Fransa Senatının sədri Jerar Larşe "Ermənistanın təhlükəsizliyinin təminatı" məqsədilə bu təcavüzkar ölkəyə Fransa tərəfindən müdafiə xarakterli silahların verilməsinin sürətləndirilməsinə çağırış edib. Elə bu kimi səbəblərdən Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də təcavüzkar ölkənin xarici işlər naziri Ararat Mirzoyan bu və ya digər tədbirlərdə əsassız iddialar səsləndirməklə yekun sülh sazişinin imzalanmasını ləngidirlər. Amma bu bir həqiqətdir ki, təcavüzkarı silahlandırmağa davam edən Fransa, Hindistan, Yunanıstanın bu “yardımlar”ı, eləcə də Hayastanın rəsmilərinin dedi-qoduları ilə Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlara təsir göstərə bilməyəcəklər.
Qvami Məhəbbətoğlu, “İki sahil"