Ermənistanın siyasi manipulyasiya və təxribat cəhdi
Hazırda Ermənistanın səhnələşdirdiyi və özünün də “məzlum” obrazını canlandırdığı yeni tamaşası təqdim olunur. Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfi bunu dünyaya Laçın yolunun bağlanması, Qarabağda yaşayan erməni sakinlərin “blokadası”, “humanitar fəlakətə” düçar olması kimi sırımaq istəyir, bu məqsəd uğrunda da sözün əsl mənasında dəridən-qabıqdan çıxır.
Ermənilərin təxribatlarına rəğmən, Azərbaycan yenə də humanizm prinsiplərindən çıxış edir. Ölkəmiz zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinin mümkünlüyü ilə bağlı mövqeyini bildirib. Azərbaycanın daha bir təklifi isə Xankəndiyə humanitar yüklərin ölkəmizin ərazisindən - Ağdam-Xankəndi yolundan istifadə etməklə çatdırılması ilə bağlıdır. Azərbaycan dövləti etnik erməniləri öz vətəndaşları hesab edir və onların hüquqlarının qorunmasına Konstitusiya ilə yüksək təminatlar verir. Belə olan halda yüklər nə üçün Ağdam-Xankəndi yolu vasitəsilə daşınmasın?
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan üçtərəfli görüşün növbəti raundunda müzakirə edilən məsələlərdən biri də Xankəndiyə Ağdam vasitəsilə humanitar yardımların daşınması olub. Daha böyük yüklərin Azərbaycan ərazisinə gətirilməsinə gəldikdə, Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla, “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsi təklifi ilə çıxış edib. Ölkəmizin bu təklifi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən dəstəklənsə də, Ermənistan sülhə maraqlı olmadığını, hər vəchlə sabitliyə əngəl törətmək niyyətini bir daha göstərdi. Dövlətimiz növbəti dəfə Qarabağın erməni sakinlərinə qarşı humanist addım atıb.
Ermənilərin yoldan imtina üçün heç bir arqumenti yoxdur. Əgər təkliflə razılaşsaydılar, bu, həm də Qarabağdakı ermənilərə logistik baxımından da sərfəli ola bilərdi. Çünki Ağdam yolu daha qısadır və daşınma ucuz başa gələcəkdi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bərdə şəhərində nümayəndəliyinin olması da Ağdam-Xankəndi yolunun üstün cəhətlərindəndir. Belə olan təqdirdə, Bərdədən Ağdama, buradan Xankəndiyə olan ümumi məsafə İrəvandan Xankəndiyə qədər olan yoldan daha əlverişlidir.
Onu da qeyd edək ki, Azərbaycan tərəfindən təklif edilən Ağdam-Xankəndi yolu ən yüksək beynəlxalq standartlara cavab verən yoldur. Bu yol üzərində müasir infrastruktur vasitələri mövcuddur. Yəni ermənilərin bununla bağlı hər hansı bir bəhanəsi ola bilməz. Təəssüf ki, rəsmi İrəvan yoldan istifadəyə narazılıq edir. Bu da o deməkdir ki, İrəvan sülh danışıqlarında maraqlı deyil. Bununla da Azərbaycan öz erməni vətəndaşlarına hər cür dəstək verməyə hazır olduğunu bəyan edib. Ancaq ermənilərin Azərbaycanın belə humanist yanaşmasını hay-həşirlə qarşılaması, elə erməni xislətini göstərir.
Burada qeyd edilməli olan digər bir məqam da Rusiya sülhməramlılarının məsələyə qeyri-obyektiv yanaşmasıdır. Suveren ərazilərimizdə müvəqqəti yerləşdirilən sülhməramlı kontingentin dəstəyilə separatçı qüvvələrin etiraz aksiyalarına başlamasının ən böyük səbəbi də Brüssel görüşündə müzakirə olunan Ağdam-Xankəndi yolunun istifadə olunması təklifi olub. Ermənilərin onlara təklif olunan yeni humanitar yoldan imtina etməsinin ən böyük səbəbi regionda yaranan yeni reallıqlarla barışmamasıdır. Onlar hələ də 2020-ci ildən qabaqkı dövrdə olduqlarını zənn edirlər. Separatçı rejim illərdir Qarabağdan Ermənistana və ya əks istiqamətdə sorğu-sualsız hərəkət edib. İndi isə onların belə bir şansı olmadığından əllərində əsir saxladıqları erməni sakinlərindən siyasi məqsədlər üçün istifadə edirlər. Xunta rejimi və Ermənistan birdəfəlik anlamalıdır ki, artıq dövr-zaman dəyişib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
2020-ci ildə İkinci Qarabağ müharibəsində qazanılmış qələbədən sonra əsası qoyulan digər bir məsələ də ermənilərin reinteqrasiya prosesi oldu. Lakin Ermənistan dövləti və separatçı rejim başda olmaqla, bəzi xarici dairələr də, reinteqrasiya prosesinə ciddi əngəl törətməyə çalışırlar. O səbəbdən də həmin qüvvələr dinc sakinlərin Ağdam-Xankəndi yolundan istifadəsini qadağan edirlər. Hətta onlar nümayişkarcasına həmin yolun Əsgəran hissəsini beton plitələrlə bloklayaraq əhalinin bu yoldan giriş-çıxış etməsinə mane olurlar. Elə buradan da görünür ki, "gərgin humanitar vəziyyət" və ya "blokada" tipli xəbərlər tirajlamaq siyasi manipulyasiyadan başqa bir şey deyil. Təəccüblüdür ki, dünya birliyi son hadisələrə görə qondarma rejimə heç bir təzyiq göstərmir. Heç kim onlardan erməni etnik azlıqlarını əsir kimi saxladıqlarının haqq-hesabını soruşmur.
Bunun əvəzində isə bəzi təşkilat və siyasi dairələr son günlər Azərbaycana qarşı qərəzli çıxışlar etməkdə davam edir. Beynəlxalq Qırmızı Xaç Komitəsindən sonra Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq, Laçın yolunu "blokada" adlandırması Qərbin adəti üzrə Azərbaycan-Ermənistan məsələsinə ikili yanaşma sərgiləməsidir.
Azərbaycan heç bir halda Xankəndini blokadada saxlamır. Dünyanın əksər ölkəsi kimi öz ərazisində sərhədlərə nəzarəti həyata keçirir. Nəzərə alaq ki, məhz Laçın yolu vasitəsilə Qarabağa silah-sursat daşınır, separatizm ayaqda saxlanılırdı, Azərbaycana təhlükə transfer edilirdi. BMT Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana hüquq verir ki, təhlükəsizliyinə qarşı təhdid yarandığı halda müvafiq addımlar atsın. Ayrıca olaraq, rəsmi Bakı Ağdam-Xankəndi yolu ilə ermənilərə humanitar yüklərin çatdırılmasını təklif edib. Hətta alternativ marşrutları da gündəmə gətirib. Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozef Borrelin "Ağdam-Xankəndi marşrutu Laçın yolunu əvəz etmir" kimi düşüncəsi göstərir ki, onların məqsədi Azərbaycan ərazisində separatçılığı saxlamaqdan ibarətdir. Ümumiyyətlə, Avropanın Ermənistan siyasi rəhbərliyi ilə birgə yanaşması ondan ibarətdir ki, Azərbaycan ərazisindəki ermənilər üzərindən manipulyasiya etsinlər. Spekulyasiyalar həyata keçirsinlər. Çünki Paşinyan hazırkı məğlub durumda Azərbaycanla sülh sazişi imzalamaqdan çəkinir. Bu onun siyasi karyerasının sonu olacaq. Avropadan da dəfələrlə eşitmişik ki, Qarabağdakı ermənilərin vəziyyəti beynəlxalq mexanizmlərin köməyi ilə müəyyənləşdirilməlidir. Azərbaycan isə bununla bağlı öz mövqeyini birmənalı ortaya qoyub. Vurğulanıb ki, bu məsələ daxili işimizdir və heç kimlə müzakirə etmək fikrində deyilik.
Dövlətimiz regionda sülhün tərəfdarıdır. Azərbaycan ərazisində olan azsaylı ermənilərin hüquq və mənafeyini qorumağa hazırdır, bir şərtlə onlar xülyalarından əl çəkməli və bizə tabe olmalıdır. Azərbaycan ən qısa zamanda ədaləti tam bərpa edəcək, bunu istər Ermənistan, istərsə də onların havadarları qəbul etsələr də, etməsələr də!
Yaqut Ağaşahqızı, “İki sahil”
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir